“… Burada, ilk növbədə, Ermənistanın terror mahiyyətini nəzərə almaq lazımdır. Çünki onlar döyüş meydanında məğlub olurlar, uduzurlar. Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, ya hansısa bir şəhər, ya kənd işğaldan azad edilir, yaxud da bu kəndlərin ərazisi nəzarət altına alınır. Bu gün deyə bilərəm ki, bir neçə yaşayış məntəqəsi indi bizim tam nəzarətimiz altındadır. Sadəcə olaraq, o yaşayış məntəqələrinə biz hələ girməmişik, çünki hərbi nöqteyi-nəzərdən buna ehtiyac yoxdur. Ancaq müəyyən müddətdən sonra biz növbəti elanlar edəcəyik. Ona görə bütün cəbhəboyu istiqamətlərdə Ermənistan məğlubiyyətə uğrayır və belə olan halda, öz heyfini, acısını, məğlubiyyətini mülki şəxslərdən çıxmaq istəyir. Bu, onların xislətidir. Çünki Xocalı soyqırımını törədənlər məhz Gəncəyə o hücumu da törətmişlər.
Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilmişdir. Bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda çox ağır psixoloji sarsıntılar keçirir. Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir. Məsələn, Hadrutu yenə işğal altına salmaq üçün onlar bir neçə dəfə cəhdlər göstərdilər. Mənə bu səhər verilən məlumata görə, bu gecə Ermənistandan gəlmiş özəl komando qruplarından ibarət olan böyük bir qrup Hadrutu yenidən işğal etməyə çalışıb. Halbuki, strateji nöqteyi-nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur. Sadəcə olaraq, gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə bir hesabat vermək üçün. Azərbaycan Ordusu o qrupu zərərsizləşdirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır”.
Bu fikirləri Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bildirib.
Əlbəttə, Paşinyanın bu əmri və onun faşist Njde simpatiyası bir-birini tamamladığını, erməni baş nazirin Njdeyə simpatiyasının təsadüfi olmadığını görürük.
Terror dövləti olan Ermənistanın faşizm, njdeizm siyasəti yürütdüyünü deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Paşinyan Njdenin bütün “vəsiyyətlərinə” əməl edir. Njdenin İkinci Dünya Müharibəsindən əvvəl Sovet hökumətinin ilk illərində Zəngəzurda və digər tarixi Azərbaycan ərazilərində türklərə qarşı dəhşətli qırğınlar törətdiyini vurğulayan Q.Hacıyevin sözlərinə görə, onun əli minlərlə Azərbaycan türkünün qanına batıb. XX əsrin ən dəhşətli müharibə canilərindən biri olan Njdeyə Paşinyanın və onun komandasının simpatiya bəsləməsinin təsadüfi olmadığını deyən Q.Hacıyev hesab edir ki, Paşinyanın gecə saatlarında insanlar yatdığı yerdə Gəncənin vurulması barədə göstəriş verməsi onun mənfur Njdenin cinayətkar əməllərini davam etdirdiyini bir daha təsdiqləyir. “Bu gün Ermənistanda faşizmin, nasizmin, njdeizmin dövlət siyasətinə çevrildiyi bütün dünyaya məlumdur. Paşinyan da, ondan əvvəl hakimiyyətdə olanlar da faşist, nasist ideologiyasına əsaslanan siyasət həyata keçiriblər. Xocalıda, Meşəlidə, Daşaltıda, Ağdabanda soyqırım törədən canilər bu gün Paşinyanın ətrafında toplaşıblar. Azərbaycanlılara qarşı törədilən genosid aktlarının, demək olar ki, hamısı gecə saatlarında törədilib, özü də dinc əhaliyə qarşı. Gəncənin vurulması da bunun davamıdır. Paşinyan açıq-aşkar müharibə canisi olduğunu, heç nə ilə Njdedən, Drodan və başqalarından fərqlənmədiyini ortaya qoydu. Bilirsiniz, bütün bu hadisələrin hamısı dünyanın gözü qarşısında baş verir, amma hələ də beynəlxalq təşkilatlar Paşinyanın məlum cinayətinə reaksiya vermirlər”.
Q.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin Paşinyanın bu cinayətini vaxtında ifşa etməsi bu müharibə canisinin Beynəlxalq Hərbi Tribunala verilməsinə əsas verir. Paşinyanın Beynəlxalq Hərbi Tribunala verilməsinin vacib olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, Paşinyanla bağlı cəza tədbirləri görülməlidir. “Paşinyanın Gəncənin vurulması ilə bağlı verdiyi əmri inanın ki, başqa dövlətlərin rəhbərləri verməzdi, heç onun komandasında təmsil olunanlar da buna cəsarət etməzdi. Amma Paşinyan, görün, nə qədər vəhşiləşib, faşistləşib ki, Gəncəyə bu cür ballistik raketin atılmasına əmr verib. Qaydalara görə, bu cür əmri yalnız Ali Baş Komandan və müdafiə naziri verə bilər. Amma Ermənistanda Paşinyan bu barədə qərarı təkbaşına verib. Cənab Prezident Paşinyanın bu cinayətini vaxtında ifşa etdi və bununla da Ermənistana arxa duranlara, havadarlıq edənlərə, eləcə də beynəlxalq ictimaiyyətə Paşinyanın necə bir dəhşətli cani olduğu ilə bağlı mesaj verdi. Çünki cəbhədə və diplomatiyada ağır məğlubiyyətə uğrayan Paşinyanın əsəbləri tamamilə korlanıb və o, ciddi psixoloji gərginlik yaşayır. Bu gün Paşinyanın ağaları ona nəzarət etməlidirlər ki, sabah Paşinyan həmin raketi ağalarının ölkəsinə də atmasın. Bundan başqa, müharibə canisi, qadın, uşaq qatili Paşinyan törətdiyi cinayətlərə görə Beynəlxalq Hərbi Tribunalda da ittiham edilməlidir. Bu adam Njde kimi canidir və dinc əhalini qətlə yetirməyə əmr verir və bundan zövq alır. Belə bir adam mütləq beynəlxalq hüquq qarşısında cavab verməlidir” - deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA