Bildiyimiz kimi, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan cəmiyyətində anti-Rusiya təbliğatı geniş vüsət alıb. Rusiyanın terrorçu Ermənistana ciddi dəstək verməsi, düşmən ölkəni açıq şəkildə müdafiə etməsi və xüsusən də silahlandırması faktına “naşükür” yanaşan Ermənistan vətəndaşları Rusiyanı ciddi şəkildə tənqid edirlər.
Son atəşkəs razılığına vasitəçilik edən Rusiyaya bu ölkədə ciddi antipatiya formalaşıb. Ermənilər bu ölkəyə o qədər nifrət edirlər ki, hətta Rusiyanın bayrağını təhqir etməkdən belə çəkinmirlər. Sosial şəbəkələrdə, eləcə də Rusiya mediasında İrəvanda Rusiyanın bayrağının yandırılması ilə bağlı video yayılıb. İrəvanın mərkəzinə toplaşan bir qrup erməni hər kəsin gözü qarşısında Rusiya bayrağına od vurub yandırır, prosesi isə lenə alıb paylaşır.
İrəvanda Rusiyanın bayrağının yandırılmasının müxtəlif istiqamətlərə yozulduğunu deyən ekspertlər hesab edirlər ki, özünü Sorosun “qucağında” hiss edən Ermənistan hökuməti, Paşinyan Rusiyadan ciddi şəkildə narazıdır. Bu narazılığın da erməni cəmiyyətinə təlqin edildiyini deyən ekspertlərə görə, bununla Ermənistan Rusiyanı üçüncü tərəf kimi müharibəyə qoşulmağa təhrik edir.
“Bu gün onlar Rusiyanın bayrağını yandırırlar, sabah Fransanın, İran İslam Respublikasının bayrağını yandırsalar, təəccüb etməyin”
Tanınmış tarixçi, tədqiqatçı Adıgözəl Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda 200 ildir ermənilərə havadarlıq edən Rusiyanın bayrağının yandırılması ermənilərdə yaranan mənəvi-psixoloji sarsıntılarla bağlıdır. “Bildiyim qədər, Azərbaycan Ordusunun irəliləməsi nəticəsində Ermənistan ictimaiyyətində çox ciddi çaşqınlıq baş verib. Bu gün, faktiki olaraq, ermənilər “günah keçisi” axtarırlar. Bu gün onlar Rusiyanın bayrağını yandırırlar, sabah Fransanın, İran İslam Respublikasının bayrağını yandırsalar, təəccüb etməyin. Yəni ermənilərin Rusiya bayrağını yandırması məğlubiyyətin “günah keçisi” sindromudur. Artıq Ermənistan cəmiyyəti mənəvi-psixoloji cəhətdən sınıb. Faktiki olaraq, həm bu əzintinin, həm də bu əzintiyə qarşı cəmiyyətin adekvat reaksiyasıdır ki, ermənilər günahkar axtarırlar. Günahkar isə Ermənistan hakimiyyəti, bu hakimiyyətin həyata keçirdiyi qəsbkar və avantürist siyasətdir. Bu siyasətə qarşı da müvafiq qaydada ordumuz zərbəni endirir” - deyə A.Məmmədov vurğuladı.
İradə SARIYEVA