Şanlı Azərbaycan Ordusu Yuxarı Qarabağda torpaqlarımızı 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistanın silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Ağır və sarsıdıcı zərbələr alan düşmən son çarəsini dinc əhalini hədəfə almaqda görür və öz çirkin simasını bir daha bütün dünyaya göstərdi.
Azərbaycan Ordusunun gücü qarşısında çıxılmaz vəziyyətə düşən erməni əhalisi yaşadıqları yeri tərk edir. Belə ki, Rusiyanın "Maş" (Mash) internet kanalının Xankəndidən hazırladığı reportajda qeyd olunur ki, şəhər tamamən boşdur. Reportajı hazırlayan müxbirin sözlərinə görə, mülki əhali evini tərk edib. O, müsahibə almaq üçün şəhərin mərkəzində yerləşən stadiona getsə belə, orada danışmağa heç kimin, hətta mühafizəçinin də olmadığını bildirir. Müxbir qeyd edir ki, şəhərdə internet yoxdur, telefon əlaqəsi yaratmaq çox çətindir, SİM kart satışı isə qadağandır. Mətbuat mərkəzində işıq yoxdur, küçələrdəki işıqforlar işləmir.
Qeyd edildiyi kimi, Xankəndidə əhali evini tərk edir. Ancaq Azərbaycanda isə cəbhə bölgəsində yaşayan sakinlər düşmənin güllə, mərmilərindən qorxmayaraq, yaşadıqları evləri tərk etmirlər. Onlar işğalçı ölkədən qorxmadıqlarını və evlərində qalacaqlarını bütün dünyaya bəyan edirlər.
“İşğalçı ölkənin hücumlarına baxmayaraq, cəbhəyanı zonalarda yaşayan soydaşlarımız evlərini tərk etmirlər, hər an döyüşə hazır olduqlarını bildirirlər”
“Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, erməni ordusunun mülki əhaliyə hücum etməsinin səbəblərindən biri də Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməməsidir. Bu hücumlara baxmayaraq, cəbhəyanı zonalarda yaşayan soydaşlarımız evlərini tərk etmirlər, hər an döyüşə hazır olduqlarını bildirirlər. Bu, hamını qürurlandırır, belə vətəndaşlarımızla fəxr edirik.
Həmsöhbətimiz onu da vurğuladı ki, acınacaqlı vəziyyətdə olan və dolanışığın həddən artıq çətin olduğu işğaldakı ərazilərimizdə müharibənin başladığı ilk gündən ciddi ərzaq çatışmazlığı özünü göstərdi: “Yayılan məlumatlara görə, Xankəndidə dükanlarda ərzaq qurtarıb. Hətta Xankəndidə bir mağazanın işlədiyi, orada da əsasən zəruri qida məhsulları, o cümlədən, çörək satıldığı bildirilir.
Xankəndidən kütləvi köçün başlamasının səbəbləri illərdir insanların acınacaqlı vəziyyətdə yaşamaları, son günlər isə çörək belə tapmamalarıdır. Hazırkı mənzərə də bunun nəticəsidir. Xankəndini böyük əksəriyyət tərk edib, elektrik enerjisi çatışmazlığı səbəbindən isə əksər küçənin işıqlandırılması dayandırılıb, yalnız mərkəzi küçədə bir hissə işıqlandırılır. Ümumiyyətlə, ermənilər çətin şəraitdə yaşaya bilmədikləri üçün evlərini tərk edirlər. Ancaq azərbaycanlılar isə, nə olursa-olsun, öz yurdlarını tərk etmirlər”.
Günel CƏLİLOVA