"Profilimdə problem var, şərh yaza bilmirəm. Nöqtə, vergüllərinizi gözləyirəm”, "İlk dəfədir ki, "Facebook” məni blok edir. Nöqtə, vergülünüzü əsirgəməyin”, "Səhifəmiz bloklanır, xahiş edirik nöqtə-vergül atın” və s. bu tip statuslar "Facebook”da, demək olar ki, hər gün qarşımıza çıxırdı. Son günlər də çıxır, bir az başqa formada. "Ermənilər profilimi şikayət edirlər, nöqtə-vergül atın”, "Erməniləri söydüyüm üçün bloka düşmüşəm, nöqtə-vergül istəyirəm” və s.
Bu tip paylaşımlarda nöqtə, vergüldən ibarət rəy sayı adətən 1000-dən çox olur. Çünki insanlar dəstək olmağa çalışırlar. Bir profildən 10-15 və daha çox nöqtə-vergül atanları görürük.
Onu da qeyd edək ki, təmas xəttində döyüş başlanan gündən bəri sosial mediada informasiya müharibəsi başlayıb. Yerli sosial şəbəkə istifadəçiləri “Facebook” da ermənilərin yalan məlumatlarına rəy yazdıqları və düzgün məlumatı paylaşdıqları üçün əksər halda blok olunurlar. Maraqlıdır, “Facebook” da azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edir?
Osman Gündüz: “Müşahidələr göstərir ki, “Facebook”da azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edilir”
Məsələ ilə bağlı fikir bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd etdi ki, son günlər “Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri bloklamağa başlayıb. Bir çoxu bununla bağlı müraciətlər edir: “598 profil, 7906 səhifə, 447 “İnstagram” profili...Yəni “Facebook” bunu gizlətmir. Məlumdur ki, “Facebook” sosial resursunun bəlli qaydaları var. Xüsusən də aqressiya, nifrət və zorakılıqla bağlı, müəllif hüquqları ilə, saxta səhifələrlə bağlı, trollar, kampaniya və ya koordinasiya olunmuş fəaliyyətlər müəyyən olunduqda və ya şikayətlər olduqda məhdudiyyətlər ola bilər. Bununla belə, müşahidələr göstərir ki, “Facebook”da azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edilir. Xüsusən də bu, son zamanlar müşahidə olunur. Ümumiyyətlə, son zamanlar “Facebook” və bir sıra digər qlobal resurslarda şəffaflıq, inhisarçılıq, ikili standartlarla bağlı ciddi faktlar ortaya çıxıb. Bir neçə gün öncə ABŞ Konqresinin “Facebook”, “Amazon”, “Twitter” və “Apple” ilə bağlı təxminən 500 səhifəlik bir hesabatı dərc olunub. Bu hesabatın sonuna baxanda görmək olar ki, Konqres bu şirkətlərin hər birinin bir neçə ayrı-ayrı qurumlara parçalanmasını təklif edib. Bu yaxınlarda bu məsələlər yenidən gündəmə gəlməlidir”.
O.Gündüz onu da əlavə etdi ki, məhdudiyyət artıq tətbiq edilibsə, indiki zamanda “Facebook”la vuruşmağa, buna zaman sərf etməyə ehtiyac yoxdur: “Məlumdur ki, “Facebook” elə ABŞ Prezidenti Trampın səhifəsinə də məhdudiyyət tətbiq edir. FB alqoritmlərində nöqtə-vergül məsələsi nəzərdə tutulmadığından, ona da zaman ayırmağa dəyməz. Sadəcə, bununla bağlı onlara etiraz bildirişi göndərin və B variantına keçin. Dərhal yeni səhifə və ya profil açın, digər sosial media resurslarına yönəlin və onun populyarlaşması üçün dostlardan kömək istəyin. Paylaşımların məzmunu ilə bağlı məhdudiyyəti qabaqcadan göz önünə alanların yeni profilin açılmasını elə qabaqcadan etməsi faydalı olardı. Populyar səhifə və profil sahiblərinin qabaqcadan ehtiyat variant görməsi faydalı olardı. Onu da bildirim ki, beynəlxalq informasiya cəbhəsi üçün “Twitter” daha faydalıdır. Populyar insanların əksəri, dünya ölkələrinin bütün rəsmi şəxsləri, tanınmışlar, vətəndaş cəmiyyətləri və informasiya cəmiyyətlərinin təmsilçiləri və s. bu platforma üzərindədir. Ümumiyyətlə, qlobal sosial media resurslarındakı ikili standartlardan dolayı hər bir istifadəçinin indiki anda bir neçə ictimai əhəmiyyətli sosial media resursunda aktiv olması məntiqli olardı”.
Mirsəid Hüsülü: “Ermənilər izləyici kütləsi az olan səhifə və profillərə hücum etməkdə maraqlı olmur, daha böyük mətbuat orqanlarının səhifəsi, yaxud çox aktiv şəxslərin profillərini şikayət edirlər”
Sosial media meneceri Mirsəid Hüsülü bildirir ki, ermənilər izləyici kütləsi az olan səhifə və profillərə hücum etməkdə maraqlı olmurlar: "Daha böyük mətbuat orqanlarının səhifəsi, yaxud çox aktiv şəxslərin profillərini şikayət edə bilərlər. Çünki bilirlər ki, 500-1000 kimi balaca kütləyə xitab edən profillərə, səhifələrə vaxt sərf etmək mənasızdır və bunu adətən etmirlər. Bu adla nöqtə-vergül istəyənlər daha çox kütləyə xitab etmək, aktivliklərini artırmaq üçün bu metoddan qara PR kimi istifadə edirlər.
Alqoritmdə belədir ki, siz paylaşıma smaylik atanda, bunu yorum olaraq qəbul etmir. Əlbəttə ki, bu, sosial məcraya görə dəyişir. Ancaq nöqtə-vergül yazılırsa, yəni mətnlə bağlı nəsə rəydə olursa, bu zaman alqoritm onu tam rəy kimi qəbul edir. Rəyə cümlə yazmaqla, nöqtə-vergül qoymaq eyni nəticəni verir, smaylik isə yox. Ona görə nöqtə-vergül istənilir”.
Günel CƏLİLOVA