“Mən Gəncə şəhər sakiniyəm. Uzun illər Gəncə dəmir yolu stansiyasında müxtəlif vəzifələrdə çalışmışam. Hazırda təqaüddəyəm. Azərbaycanda və eləcə də Gəncədə yaşayan milliyyətcə rus olan digər sakinlərimiz kimi, həmişə vətəndaşı olduğumuz Azərbaycan dövləti və eləcə də xalqı tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq. Azərbaycan torpağı, onun hər qarışı bizim üçün əziz, doğma olub. O cümlədən, Azərbaycanın qədim torpağı olan Qarabağ torpağı da.
Mənfur düşmən doğma Qarabağımızda, eləcə də imkanı düşdükcə, respublikamızın digər bölgələrində uzun illər boyu Azərbaycan xalqına qarşı vandalizm, terror və vəhşiliklər törətməkdən doymayaraq, indi də Qarabağda döyüş zonalarında qazandığınız uğurlara dözə bilməyərək, Azərbaycanın digər şəhər və rayonlarına qarşı insanlığa yaraşmayan hərəkətlər etməyə başlayıb ki, bu da onların daxili xislətlərinin terrorla yoğrulduğunu bir daha sübut edən amildir.
Belə ki, işğalçıların raketlərdən istifadə etməklə Azərbaycanın 2-ci böyük şəhəri olan, mənim də sakini olduğum Gəncə şəhərini vurmaları vandallığın, alçaqlığın, xəbisliyin, şərəfsizliyin, qəddarlığın, bir sözlə, barbarlığın, məkrli xislətin bariz nümunəsidir”.
Bu fikirləri Gəncədə Nina Ujova Prezident İlham Əliyevə yazdığı məktubda vurğulayıb.
N.Ujova, həmçinin, qeyd edir ki, Azərbaycanda yaşayan, Azərbaycanı özünə doğma el-obası, əziz Vətəni bilən rus millətindən olan bütün sakinlər Prezidenti çox sevirlər! “Biz əminik ki, doğma torpaqlarımız belə bir mənfur düşmənin tapdağından Sizin komandanlığınız altında igid zabit və əsgərlərimizin şücaəti nəticəsində azad olunacaq və biz Azərbaycanın xoşbəxt vətəndaşları olan digər etnik millətlərin nümayəndələri ilə birlikdə üçrəngli bayrağımızın Qarabağın işğal altında olan hər bir bölgəsində dalğalanmasının şahidi olacağıq.
Qoy Uca Tanrı "Qarabağ Azərbaycandır!" - səsləndirdiyiniz bu tarixi haqq yolunda apardığınız şanlı mübarizədə Sizə yar olsun. Amin” - deyə N.Ujova məktubunda yazır.
Baki-xeber.com