“Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi deyirlər ki, status-kvo dayanıqlı deyil”. Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Ölkə Prezidenti status-kvo ilə bağlı həmsədrlərin öz mövqelərini dəyişmək istəməsi ilə bağlı maraqlı məqamları açıqlayıb: “Biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi - status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki, bu, çox müsbət bir yanaşmadır. Yəni bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz Ermənistan torpaqlarını işğal etməmişik. Biz status-kvonu necə dəyişdirə bilərik? Bu, Ermənistan tərəfinə bir mesaj, bir siqnal idi. Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, - bir neçə dəfə belə açıqlamalar verildi, - havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq, onlar bunu fakt kimi göstərirlər”.
Belə məlum olur ki, həmsədrlər çox incə şəkildə ermənilərin xeyrinə manevrlər etməyə çalışıblar. Çünki əvvəlki və sonrakı yanaşmalar məzmunca tamamilə fərqlidir.
“Təkcə siyasi təzyiqlə işğalçı tərəfi ram edib, ədalətli mövqe tutmağa məcbur etmək mümkün idi”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, həmsədr ölkələrin ermənilərin mənafeyinə uyğun bu cür gedişləri, sadəcə, siyasi riyakarlıqdır: “Bir növ, həmsədrlər bu cür yanaşma ortaya qoymaqla status-kvonun dəyişilməsi ilə bağlı sərgilədikləri əvvəlki mövqelərdən geri addım atıblar. Bu isə o deməkdir ki, həmsədrlər nəticəsiz danışıqların davam etdirilməsində maraqlı olublar. Onlar münaqişənin beynəlxalq hüquq normalarına uyğun həll edilməsində maraqlı olmayıblar. Yoxsa, status-kvonun dəyişdirilməsi elə də çətin məsələ deyil. Bundan ötrü həmsədrlərin Ermənistana tək siyasi təzyiq göstərmələri kifayət idi. Hələ digər təzyiqləri demirəm. Təkcə siyasi təzyiqlə işğalçı tərəfi ram edib, ədalətli mövqe tutmağa məcbur etmək mümkün idi. Ancaq ədalətin bərpası həmsədrlərin marağında olmadığı üçün, ATƏT-in Minsk Qrupu imitasiya yolunu seçib. Ona görə də münaqişənin dinc yolla həlli bu qədər uzanıb”.
Siyasi ekspertin fikrincə, yalnız Azərbaycan Ordusu bu ədalətsizliyə son qoya bilər.
Vidadi ORDAHALLI