İran Ermənistanın atəşkəsi pozaraq Azərbaycan şəhərlərinin həyati infrastrukturuna, yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xəribzadə Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasına münasibət bildirərək qeyd edib ki, İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında baş verən son qarşıdurmalardan sonra elan edilmiş atəşkəsin pozulmasından təəssüflənir: "İran İslam Respublikası tərəfləri daha təmkinli olmağa çağıraraq, şəhərlərin həyati infrastrukturuna və yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyir, həlak olanların ailələrinə başsağlığı verir”.
Səid Xətibzadə bildirib ki, İran İslam Respublikası tərəfləri bir daha atəşkəsə riayət etməyə və beynəlxalq hüquq normaları çərçivəsində danışıqları davam etdirməyə, bir-birinin ərazi bütövlüyünə hörmət etməyə və işğal altındakı şəhərlərin boşaldılmasına çağırır və bu istiqamətdə bölgədə sülh və davamlı həll yoluna nail olmaq üçün danışıqları asanlaşdırmağa hazır olduğunu bəyan edir.
Göründüyü kimi, İranın rəsmi bəyanatında raket hücumunu edən ölkənin adı çəkilmir və ümumiləşdirilmiş tərzdə bir mövqe ortaya qoyulur. Qonşu ölkənin mövqeyini mükəmməl saymaq olarmı?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, belə anlar bizə əsl dostumuzu və düşmənimizi tanımağa gözəl imkan verir: “İran mahiyyət etibarı ilə teokratik dövlətdir. Yəni orada idarəetmənin ana xəttini din təşkil edir. Özü də bizimlə eyni dini bölüşürlər. Hətta bir az da irəli getsək, eyni məzhəbin daşıyıcılarıyıq. Amma İranın yanaşmaları tam dəstək anlamına gəlmir. Gəlin, başqa bir ölkənin davranışlarına diqqət edək. Türkiyə qardaş ölkə olduğu üçün onunla paralel aparmıram. Pakistan bizdən xeyli aralı məsafədə yerləşir. Ancaq onların təəssübkeşliyinə baxın. Dövlət başçıları dedi ki, biz canımızla, qanımızla, silahımızla Azərbaycanın yanındayıq. İran öz mahiyyətinə görə haqqı müdafiə etməlidir. Haqq budur ki, Ermənistan bizim torpağımızı qəsb edib. Dinlə bu günah sayılır. Niyə günahkara İran demir ki, təcili şəkildə torpaqları boşaltmalısan? Ballistik raketi atıb gecə evində yatan adamları öldürmək hansı dinə, hansı insani normalara sığır? Niyə İran adı ilə demir ki, Ermənistanın bu vəhşiliyini pisləyirəm? Çünki Ermənistanla münasibətini qorumaqda maraqlıdır. Hətta həmin bəyanatda məsuliyyətləri eyniləşdirən çağırışlar var. Atəşkəsə çağrırsansa, birinci Ermənistandan işğal etdiyi torpaqları azad etməyi tələb etməlisən. Bu baxımdan da, dinc insanla Ermənistanın etdiyi vəhşiliyin fonunda İranın verdiyi bəyanatı tam mükəmməl saymıram. Ortaya təəssübkeş yox, obyektiv mövqe qoyulmalıydı. Onda mütləq Ermənistanın adı vəhşilik edən ölkə kimi qeyd olunmalıydı”.
Müsahibimiz hesab edir ki, bu cür məsələlərdə diplomatik ifadələrlə pərdələnməyə ehtiyac yoxdur.
Məhəmmədəli QƏRİBLİ