“Moskvada qəbul edilmiş açıqlama, hesab edirəm ki, bizim maraqlarımıza tam cavab verir”. Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısı sözügedən müsahibəsində bununla bağlı bir sıra məqamlara aydınlıq gətirib: “İlk növbədə orada göstərilir ki, həlak olanların cəsədlərinin, əsirlərin humanitar əsaslarla dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik. Ancaq Ermənistan buna getmirdi. Bundan başqa, çox önəmli siyasi məqamlar var. Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir. Çünki orada işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra, təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra yəni bu məsələnin siyasi həlli təmin edilə bilər.
Digər məsələ, - Ermənistan buna hər zaman o qədər yaxşı baxmırdı, - odur ki, müzakirələrin formatı dəyişməz olaraq qalır. Ermənistan rəhbərliyi və baş nazir Paşinyan hər zaman deyirdi ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Biz isə buna etiraz edirdik. Oraya belə bir bəndin salınması yenə də bizim maraqlarımıza cavab verir”.
Belə məlum olur ki, Moskvada əldə olunmuş razılaşma Azərbaycanın maraqlarına uyğun olduğu üçün Ermənistan ilk gündən atəşkəsə əməl etmir. Yaşayış məntəqələrini atəşə tuturlar, itirdikləri mövqeləri geri almaqdan ötrü hücumlar edirlər. Moskvada əldə olunan razılaşmalar Ermənistanın maraqlarına uyğun olsaydı, o zaman qarşı tərəf belə aqressiv davranmazdı.
“Qarşı tərəfin Moskva razılaşmasını pozması və hərbi əməliyyatlara üstünlük verməsi...”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Moskvada əldə olunan razılaşma Ermənistanı qane etmədiyinə görə onlar bu cür pozuculuq fəaliyyəti ilə məşğuldurlar: “Əvvəla İlham Əliyev Prezident olana qədər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ortalığa qoyulan variantlarda ermənilərə daha böyük status vəd edilirdi. Hətta müstəqilliyə yaxın səviyyədə. Ancaq İlham Əliyev Prezident seçiləndən sonra vəziyyət yavaş-yavaş dəyişməyə başladı. 2007-ci ildə ortaya qoyulan “Madrid prinsipləri” Azərbaycanın maraqlarına zidd idi. Ancaq 2009-cu ildə Prezident İlham Əliyev “Madrid prinsipləri”ni dəyişdi. 2009-cu ilin iyulunda İtaliyanın Akvil şəhərində 3 həmsədr ölkə prezidenti yenilənmiş “Madrid prinsipləri”ni imzaladı. Yenilənmiş “Madrid prinsipləri”nə görə, 7 rayon dərhal Azərbaycana qaytarılır. Dağlıq Qarabağ isə tədricən Azərbaycana qaytarılır. Sözügedən razılaşmanın fəlsəfəsi bundan ibarətdir və bütün sənədlər də onun əsasında hazırlanır. Prezidentin bir sıra xarici telekanallara verdiyi müsahibələrində səsləndirdiyi baza prinsipləri budur. Axırıncı dəfə həmsədrlər o sənədi 2019-cu ilin martında ortalığa qoydular. Nikol Paşinyan isə həmin sənəd barədə 2020-ci ilin yanvarında danışdı”.
M.Əhmədoğlunun fikrincə, Ermənistan və digər xarici dairələr baza prinsiplərinin praktiki baxımdan həyata keçirilməsinə imkan vermir: “Ermənilərin Moskva razılaşmasını pozmaları və hərbi əməliyyatlara üstünlük vermələri bununla bağlıdır. Çünki atəşkəslə bağlı Moskva görüşündə də baza prinsiplərinə önəm verildi. O üzdən, Ermənistan bunu pozmaqdan ötrü atəşkəsə əməl etmir. Ermənilər hərbi təxribata əl atsalar da, Azərbaycan Ordusu onlara güclü zərbələr endirdi. Gör, vəziyyət nə yerə çatıb ki, Ermənistan rəhbərliyi baza prinsiplərinin əsl mahiyyətini açıqlamağa cəsarət etmir. Bu da Ermənistana baha başa gəlir”.
Politoloq hesab edir ki, Ermənistanın nicat yolu baza prinsiplərinə əməl etməsindən keçir.
Vidadi ORDAHALLI