Bu günlərdə Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Prezident müsahibə zamanı bir sıra məqamlara toxunub.
O cümlədən, qeyd edib ki, Moskvada qəbul edilmiş bəyanat bizim maraqlara tam cavab verir: “Orada göstərilir ki, humanitar əsaslarla həlak olanların cəsədləri, əsirlərin dəyişdirilməsi nəzərdə tutulur. Biz bunu ilk gündən istəyirdik, ancaq Ermənistan buna getmirdi. Bundan başqa, siyasi məqamlar da var”.
Maraqlıdır, Ermənistan tərəfi cəsədlərin mübadiləsini niyə istəmir?
Akif Nağı: “Ermənistan tərəfindən həlak olan hərbçilərin sayı hədsiz dərəcədə çox olduğu üçün onlar cəsədləri götürmək istəmirlər”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, Ermənistan tərəfindən həlak olan hərbçilərin sayı hədsiz dərəcədə çox olduğu üçün onlar cəsədləri götürmək istəmirlər: “Ermənistan tərəfi həlak olan cəsədləri ailələrinə göndərsə, ora bomba kimi partlayacaq. İşğalçı yalandan əhalini aldadır ki, guya onların itkiləri azdır və qələbə qazanırlar. Halbuki, Ermənistan ordusu çökmüş vəziyyətdədir. Ermənilər, daha doğrusu, Dağlıq Qarabağdakı saxta qurumun “lideri” elan etmişdi ki, cəsədləri götürməyə vaxtımız yoxdur. Ancaq onu da nəzərə almaq lazımdır ki, uzun müddət cəsədləri orada saxlamaq mümkün deyil.
Danılmaz faktdır ki, Ermənistan öz əsgərlərinin meyitlərini döyüş meydanından yığmaq istəmir. Çünki bizdə olan məlumata görə, döyüş meydanında qalan erməni əsgər meyitlərinin sayı 5 mindən çoxdur. O meyitlər Ermənistana gedəndə, ailələrinə təhvil veriləndə nə baş verəcək? Ermənistan həlak olmuş əsgərlərin ailələrinin reaksiyasından qorxduğu üçün cəsədlərin mübadiləsinə razılıq vermir”.
Əvəz Həsənov: “Qırmızı Xaç Komitəsi hər iki tərəfdən prosesə nəzarət edir”
Hüquq müdafiəçisi Əvəz Həsənov bildirdi ki, cəsədlər tibbi avtomobillərlə yığılır: “Qırmızı Xaç Komitəsi hər iki tərəfdən prosesə nəzarət edir. Yəni Qırmızı Xaçın Azərbaycan və Ermənistandakı, ola bilsin ki, Xankəndidəki nümayəndələri gəlirlər. Cəsədlərin toplanması onların gözü qarşısında olur. Bu prosesdə Azərbaycan və Ermənistan hərbçiləri də iştirak edirlər. Cəsədləri ola bilsin ki, hərbi tibbi heyət toplayır və ilk növbədə, onun Ermənistana aid olub-olmadığını araşdırır”
Günel CƏLİLOVA