Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycan banklarının adından e-poçtlar vasitəsilə saxta məktublar göndərildiyini qeydə alıb. Məktublarda qeyd olunur ki, guya əsas serverlər erməni hakerlər tərəfindən hücuma məruz qaldığından, məktublar “proxy” serverlər üzərindən göndərilir.
Müraciətdə o da bildirilir ki, guya kiberhücumlarla bağlı Azərbaycan Maliyyə Nazirliyi və Mərkəzi Bank vətəndaşları bank hesablarından vəsaitlərini çıxarmağa çağırır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribatdır. Düşmənin məqsədi dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
Qeyd edək ki, 13 oktyabrda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.
Düşmən ölkənin təxribatçı bu addımı atmaqda məqsədi Azərbaycanda əhali arasında panika yaratmaqdır.
“Bankların adından bu tip saxta məktubların göndərilməsi araşdırılmalı, sistemə yenidən...”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov qeyd etdi ki, ermənilərin məqsədi əhali arasında qorxu, narahatlıq yaratmaqdır: “Onlar bu istəklərinə çatmaq üçün müxtəlif üsullara əl atırlar. Təcavüzkar ölkə ya əhalini atəşə tutur, ya da bankların adından insanlara saxta məktub göndərir. Göndərilən mesajda qeyd olunur ki, guya banklar kiberhücumlara məruz qaldığı üçün müştərilərin hesabları müvəqqəti dondurulacaq. Qeyd etdiyim kimi, ermənilərin niyyəti əhalini panikaya salmaqdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bankların adından bu tip saxta məktubların göndərilməsi araşdırılmalıdır. Sistemə yenidən baxış olunmalı, təhlükəsizlik yüksək səviyyədə təmin olunmalıdır. Həmçinin, əhaliyə də bu barədə geniş məlumat verilməlidir.
Günel CƏLİLOVA