Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından atəşə tutmaqda davam edir. Döyüş başlayan gündən bəri bəzi ölkələr işğalçı ölkənin tərəfində oldu.
Hətta əleyhimizə bəyanat səsləndirənlər də var. Bu ölkələr sırasında Rusiya, Fransa və Çinin adı ön sırada çəkilir. Ona görə ki mediada adıçəkilən ölkələrin Ermənistana yardımına dair müəyyən məlumatlar yer alıb.
Təcavüzkar ölkəyə tərəf olan, ölkəmizin əleyhinə fikir səsləndirən ölkələrin istehsal etdikləri məhsulların ölkəmizdə satışının boykot edilməsi, əvəzində isə Azərbaycana dəstək olan ölkələrin mallarının daha çox alınması təklif edilir.
“Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi olduğu üçün həmin ölkənin istehsalı olan mallara üstünlük verməliyik”
Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana ciddi siyasi dəstək verir: “Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib. Azərbaycanın 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir. Ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar, Çindən 1 milyard 432 milyon dollar və İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq. Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür. İdxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni biz hansı ölkədən idxal ediriksə, həmin ölkəyə valyuta göndəririk”.
Həmsöhbətimizin sözlərinə görə, Qarabağımız uğrunda apardığımız savaşda Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi böyük əhəmiyyət kəsb edir, biz də qardaş ölkəyə öz dəstəyimizi gücləndirməliyik: “Biz bazarlıq edən zaman yerli məhsullarla yanaşı, Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhfə vermiş olarıq. Hamımız türk malı alsaq, xeyir qardaşımıza qalar”.
Günel CƏLİLOVA