Cəbhədə son hərbi əməliyyatların Ermənistan daxilində ictimai-siyasi duruma təsiri qaçılmaz sayılır. Xüsusən də Azərbaycan ordusunun cəbhədə mühüm üstünlük əldə etməsi, o cümlədən minlərlə düşmən hərbçisini, yüzlərlə hərbi texnikanı məhv etməsi Ermənistanda daxili siyasi vəziyyəti daha da mürəkkəbləşdirib. İşğalçı ölkədə böhran getdikcə dərinləşir, cəbhədəki məğlubiyyət Nikol Paşinyan iqtidarına olan inamı heçə endirib.
Artıq ölkə müxalifəti Paşinyanı devirmək üçün hərəkətə keçib. Mediada da bütün qadağalara baxmayaraq, Paşinyana qarşı etirazlar artır. Ermənistanın “politik.am” nəşri yazır ki, Azərbaycan uğurlu gedişlər etdiyi halda, Paşinyan iqtidarı yerində sayır: “Məsələn, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında 14 səhifəlik çıxışının 8 səhifəsi Ermənistana həsr olunmuşdu. İlham Əliyev, hətta Ermənistandakı həbsxanalar və hökm sürən haqsızlığı xatırlatmışdı. Ermənistanın baş naziri Nikol Paşinyanın etmədiyi halda BMT-nin tribunasından İlham Əliyev yaxşı istifadə edib. Ölkə daxilində qeybət rekordları vuran Ermənistanın baş naziri beynəlxalq aləmdə çox təvazökardır. Paşinyanın çıxışı 4 səhifədən ibarət idi, o qədər dişsiz bir çıxış idi ki, istənilən vətəndaş, hətta poliklinikanın tibb bacısı da Ermənistan adından bunu oxuya bilərdi və şübhəsiz ki, daha təsirli olardı. Paşinyan mahiyyətcə beynəlxalq platformalarda Azərbaycanın ittihamlarına cavab vermir. Deyəsən, İlham Əliyevin vəd etdiyi açıqlamalardan qorxur. Əliyevin BMT tribunasında etdiyi anti-erməni çıxışına cavab verməyən Paşinyanın hədəfi yerli ictimaiyyət olmaqda davam edir, Petros Qazaryanın suallarını İctimai TV-də cavablandırmasının səbəbi də budur. Neçə gündür Paşinyanın vəd etdiyi əraziləri təhvil verməsi haqqında azərbaycanlılarla gizli danışıqlardan bəhs edilir, baş nazir isə jurnalistlərin, o cümlədən kəskin suallarını cavablandırmaq üçün bir mətbuat konfransı keçirmək əvəzinə, bir daha növbəti dəfə xalqa yalan danışmaq üçün dövlət televiziyasına üz tutub”. Nəşr qeyd edir ki, bu səbəbdən də “təbliğatçı” kimi seçilən Petros Qazaryanı seçib. Digər erməni mətbu orqanı “Qraparak” nəşri isə yazır ki, 2018-ci ilin baharında xaricdəki qüvvələrin köməyilə Nikol bir qrupu toplayaraq xilaskar rolunu üzərinə götürdü: “Sonra çox sayda Nikolun dediklərini söyləyən zombiləşmiş, sadəlövh, aldanmış, ruh düşkünlüyünə qapılmış insanlar ona qoşuldu. Addımlayanlar qrupu kütləyə, sahibini tanımayan bir it sürüsünə çevrildi. Yaranmış məqam əlverişli idi. Məhz həmin izdihamın qarşısında Nikol cəmiyyətə daha çox aldatdı. Həmin izdiham ruh yüksəkliyinə qapıldı, ona inandı və o, baş nazir oldu. 2 ildən çoxdur ki, Nikol baş nazirdir, onun “xeyrli işi”nin nəticələrini bütün erməni xalqı hiss edir. Budur bunlardan bəziləri - yarı xaraba, perspektivsiz bir ölkə, diqqətsizlik nəticəsində boş yerə mindən çox ölüm, ağ-qara damğalı bir millət, Qarabağı itirmək təhlükəsi... Bütün ermənilər Nikoldan əziyyət çəkir. Hamımız Nikolun vədlərindən xəbərdarıq, zombiləşmişlər isə, hətta əzbərdən, sözbəsöz bu vədləri bilir. Təəssüflər olsun ki, hələ də Nikolun onları aldatmadığına inanan, çox yaxşı şeylər etmək istədiyinə güvənənlər var. Onlar hesab edir ki, lənətə gəlmiş keçmiş hakimiyyət mənsubları ona mane olur, onun qarşısını alır, güclü, sehrli çubuğundan istifadə etməsinə imkan vermirlər. Qoy elə ümidlə yaşasınlar, axı ümid ən sonda ölür. Onlara bildirin ki, Ağrı dağının zirvəsində bir ananas və ya banan ağacı bitərsə, yalnız o halda Nikol vədlərini yerinə yetirəcək. Ən etibarlı mənbə olan atalar sözünə müraciət edək: “Ölmə, eşşək, ölmə, yaz gələr, yonca yeyərsən”. Əgər Nikolun bu günə qədər gördüyü işlər bizə yalnız pislik gətirirsə, o halda onun şər işləri bizə nələr gətirəcək? Odur ki, diqqətli olaq, ayılaq və millət olaraq bir yerdə deyək:Nikol, “dur”, neçə ki, hələ gec deyil, get, uzaqlaş. Bəlkə bunu edərək, həm özünü, həm də uşaq bağçası olan komandanı xilas edə bilərsən. Sonra həm özün üçün, həm də tayfan üçün gec və dağıdıcı olacaq”. Beləliklə, görünən budur ki, Ermənistan Paşinyan sayəsində hazırda ən ağır günlərini yaşayır. Cəbhədə uğursuzluqlar, ölkədə məmur özbaşınalığı, rüşvətxorluq və işsizlik tüğyan edir. Vətəndaşlar onlara qarşı artan polis zorakılığından cana gəliblər. Zaman bu şəraitdə Paşinyana və başçılıq etdiyi siyasi komandaya qarşı işləyir. Eyni zamanda da siyasi rəqibləri artıq ona qarşı hərəkətə keçir. Sosial-iqtisadi problemlər haqda ictimaiyyət arasında narazılıq artır, bu da Paşinyana qarşı olanlar üçün əlverişlidir. Onlar cəbhə uğursuzluqları ilə yanaşı bildirir ki, Paşinyan hökuməti hələlik heç bir sosial problemi də həll etməyib. Eləcə də həll üçün ilkin şərtlər və yolu da göstərməyib. Bu şəraitdə Paşinyanın devrilməsinə dair də çağırışlar artır.
Tahir TAĞIYEV