Terrorçu Ermənistanın gözü qandan, cinayət törətməkdən, separatçılıq etməkdən başqa heç nəyi görmür. Müxtəlif vaxtlarda Azərbaycanın müqəddəs ocaqlarına, məscidlərinə, alban kilsələrinə qarşı terror əməlləri törədən Ermənistanın budəfəki hədəfi Gəncədəki Aleksandr Nevski Kilsəsi - rus pravoslav kilsəsi olub.
Məlumatlara görə, Ermənistanın Baş naziri Paşinyanın ikinci dəfə Gəncəni vurmaqla bağlı verdiyi əmr nəticəsində yaşayış binalarının dağılması, insan tələfatının, yaralananların olması ilə yanaşı, Gəncədə yerləşən və 1887-ci ildə inşa edilən rus pravoslav kilsəsi də ciddi şəkildə zədələnib.
Qeyd edək ki, kilsə Gəncə şəhərinin Nizami rayonunda yerləşir. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biridir (Bakıdakı Mixaylo-Arxangelsk Kilsəsindən sonra ikinci). Azərbaycan Respublikası Tarixi Abidələrinin Milli Reyestrinə daxil edilib.
Məbəd 1887-ci ildə köhnə qəbiristanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Mənbələrə görə, 1916-cı ildə bu məbəd bir kafedral statusuna sahib idi. Bina Bizans üslubunda plint kərpicdən tikilib.
Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb və 1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilib. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürülüb və kafedral anbar kimi istifadə edilib.
1946-cı ildə məbəd Rus Pravoslav Kilsəsinə qaytarılıb. Kilsənin qədim interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonaları xüsusilə qeyd etmək lazımdır. Məbəddə ibadət mərasimləri altıncı və bazar günləri, həmçinin, pravoslav bayramlarında keçirilir.
1997-ci ildə kilsənin yaradılmasının 110 illiyi qeyd olunub. 2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.
Paşinyanın kilsəyə qarşı da cinayət törətməsi rus icması tərəfindən ciddi şəkildə qınanır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, rus icmasının üzvləri Paşinyanın bu mənfur əməllərini ciddi şəkildə qınayırlar.
“Paşinyanın əmrilə Gəncəyə atılan ballistik raketin zərbəsindən bu şəhərdəki rus pravoslav kilsəsinin zədələnməsi...”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, Gəncədəki rus pravoslav kilsəsinin də Ermənistanın Gəncəyə qarşı törətdiyi terror hadisəsi zamanı zərər çəkməsi faktı Paşinyanın yürütdüyü siyasətin iç üzünü açıb göstərir: “Yalnız indi deyil, ermənilər tarix boyu başqa dinlərə, təriqətlərə, onların inanc yerlərinə qarşı terror hadisələri törədiblər. Ermənilər nəinki məscidləri dağıdırlar, hətta sinaqoqlara, rus pravoslav, katolik kilsələrinə qarşı da eyni addımları atırlar. Tarixin müxtəlif dövrlərində analoji hadisələr baş verib. Erməni terroru bəşəriyyətin bütün dinlərinə, məzhəblərinə, onların ibadətgahlarına yönəlib. Ermənilər dünyada yalnız heç bir mənşəyi olmayan qondarma Qriqoryan kilsələrinə toxunmurlar. Çünki Qriqoryan kilsələri onların özlərinindir və burada onların xüsusi terror planları hazırlanır. Ermənistanın Gəncəyə hücumu, qədim şəhərimizi ballistik raketlə atəşə tutması böyük tarixi cinayətdir. Paşinyanın əmrilə Gəncəyə atılan ballistik raketin zərbəsindən bu şəhərdəki rus pravoslav kilsəsinin zədələnməsi erməni baş nazirinin necə təhlükəli cinayətkar olduğunu bir daha göstərir. Terrorçu Ermənistanın hədəfi bütün qeyri-ermənilərdir və bütün başqa dinlərdir. Bilirsiniz ki, Ermənistanın birinci dəfə Gəncəni atəşə tutması nəticəsində yaralananlar arasında erməni millətinin nümayəndəsi də vardı”.
Gəncədəki rus pravoslav kilsəsinin Ermənistan tərəfindən zədələnməsinə Rusiya tərəfinin, xüsusən də Patriarxın münasibət bildirməli olduğunu deyən V.Abışovun sözlərinə görə, Ermənistanın həyata keçirdiyi terrorun qarşısı alınmasa, düşmən ölkə daha çox insanın həyatına son qoyacaq, daha çox dini məbəd dağıdacaq. “Rusiya hökuməti də, Rusiya Patriarxı da Ermənistanın törətdiyi bu terrora münasibət bildirməlidir. Bütün dünya rusları, rus icmaları Ermənistana layiqli cavab verməlidirlər. Bu kilsə iki əsrə yaxındır ki, Azərbaycanda inşa edilib, ruslar burada ibadət ediblər. Amma bu gün Ermənistanın terroru nəticəsində kilsəyə zərər dəyib” - deyə V.Abışov qeyd etdi.
İradə SARIYEVA