“Mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik”.
Bunu Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində bildirib. Ölkə başçısının sözlərinə görə, Ermənistanın nüfuzunun az olması onlar üçün çox ciddi bir problem yaradır: “Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər. Əgər o əvvəlki təmas xəttinə baxsanız, bu, üfüqi-şaquli formadadır. Belə, düz. Yəni onu müdafiə etmək çox asandır. Onların mövqeləri əsasən təpələrdə idi. Onlara müdaxilə etmək, yəni istehkamları yarmaq çox çətin bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçə yerdən - şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Artıq hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur! Azərbaycan Ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni mövqeləri azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun, yaxud da ki, şəhər olsun. Təpə olsun, dağ olsun – o, kənddən, şəhərdən daha önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ strateji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir. Şəhərdə də biz varıq”.
Göründüyü kimi, Prezidentin açıqlamasından belə məlum oldu ki, əvvəlki təmas xəttinin vəziyyəti ermənilərin xeyrinə olub. Bunu da ermənilər yox, digərləri onlar üçün qurublar. Ölkə başçısı nə demək istədi? Hərbi ekspertlər bunu necə dəyərləndirirlər?
“Döyüş əməliyyatları başlayandan sonra ordumuz düşmənin qurduğu iki müdafiə xəttini yarıb keçdi”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Dağlıq Qarabağ ətrafında rayonlar işğal edilməzdən əvvəl cəbhə xətti çox uzun idi: “Bu da ermənilər üçün çox ciddi çətinliklər yaradırdı. Çünki onların canlı qüvvvə resursları məhdud idi. O vaxt ətraf rayonlar işğal ediləndən sonra cəbhə xətti qısaldı. Üfüqi və şaquli forma aldı. Ümumilikdə, Qarabağ cəbhəsində ermənilərin minimum 2 müdafiə xətti var idi. Bir müdafiə xətti keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında qurulmuşdu. Digər müdafiə xətti isə işğal olunmuş Azərbaycan rayonlarından keçirdi. Bəzi yerlərdə ermənilərin 2 müdafiə xətti üst-üstə düşürdü. Məsələn, Qarabağın şimalında - Tərtərlə Ağdərədə həmin müdafiə xətləri birləşmişdi. Arxada ehtiyat müdafiə xətti qurulmuşdu. Bütün bunların qurulmasında ermənilərə bəzi dövlətlər kömək edib. Sözsüz ki, ermənilərin birinci müdafiə xətti daha güclü idi. Mühəndis-istehkam qurğuları betondan qurulmuşdu. Qapalı, açıq artilleriya, pulemyot nöqtələri və s. qurulmuşdu. O cümlədən, kamera nəzarəti həyata keçirilirdi. Gecə-gündüz kameralarla müşahidələr aparılırdı ki, kəşfiyyat keçə bilməsin. Sentyabrın 27-də döyüş əməliyyatları başlayandan sonra ordumuz sözügedən müdafiə xətlərini yarıb keçdi. Nəticədə əvvəlki təmas xətti mövcud deyil. Ən başlıcası, Azərbaycan Ordusu Hadrutla Cəbrayıl rayonu arasında olan müdafiə xəttini yarıb. Özü də bu xətt Sovet dönəmində qurulmuşdu. Biz 1992-ci ildə, praktiki olaraq, həmin xətti götürə bilməmişdik. Ancaq bu dəfə sözügedən müdafiə xətti yarıldı. O cümlədən, ordumuz Ağdərə istiqamətində də ermənilərin müdafiə xəttini yarıb keçib”.
Hərbi ekspert onu da qeyd etdi ki, bütün bunlar Azərbaycana böyük üstünlüklər əldə etməyə imkan verir.
Vidadi ORDAHALLI