Ermənistan humanitar yük adı altında qanunsuz silah daşınmasını davam etdirir. Bir neçə gün əvvəl Ermənistana silah ötürmə əməliyyatında "Ermənistan-Avia", "Nord-Star" və "Atlantis Armenian Airlines" hava yollarının mülki təyyarələrinin iştirak etdiyi barədə konkret faktlar ortaya qoyulmuşdu.
Xüsusilə okyabrın 3-də Xarici işlər nazirinin müavini Şavarş Köçəryanın idarə heyəti üzvləri İrəvan hava limanına gəlib. Oktyabrın 4-də Baş nazirin müavini Mger Qrigoryan Moskvadan vətəninə qayıdıb. Oktyabrın 6-da isə "Mineralnıye Vodı"dan "Atlantis Armenian Airlines" aviaşirkətinin təyyarəsi gəlib. Hər üç təyyarənin göyərtəsində "İqla-S" zenit raket sistemləri, "Kornet" tank əleyhinə idarə olunan raket sistemləri, "OSA" qısa mənzilli zenit raket sistemləri üçün komponentlər, xüsusən 9MZMZ zenit idarəolunan raketləri olub.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana mülki təyyarələrlə qanunsuz silah daşınması ilə bağlı açıqlama verib:
"Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır. Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”.
Qeyd edək ki, son müsahibələrində Prezident İlham Əliyev də Rusiyadan Ermənistana silah daşındığını açıq mətnlə ifadə edib. Ancaq Rusiyanın rəsmi dairələri bildirirlər ki, dövlət bu işdə iştirak etmir. Belədirsə, onda şəxsi firmaların bu cinayətinə dövlət niyə mane olmur? Bəyəm Rusiya rəsmiləri bilmir ki, Ermənistan həmin silahlarla mülki adamları öldürür?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan dilənçi vəziyyətində olan ölkədir: “Belə bir dövlətin Azərbaycanla uzun müddət müharibə edə bilməsi qeyri-mümkündür. Biz Qarabağda əks-hücum əməliyyatlarına başlayandan 2 gün sonra Paşinyan əhaliyə müraciət edib dedi ki, öz paltar və yeməkləri ilə birlikdə döyüşə gəlsinlər. Bu da onu göstərir ki, Ermənistanın hətta atəşkəs dövründə öz ordusunu təmin etməyə, saxlamağa vəsaiti olmayıb. Ordudan tərxis olunan əsgər apardığı paltarı yenidən geyinib orduya qayıtmalı olur. Ermənistanın ordunu paltarla da təmin etməyə gücü qalmayıbsa, indi təsəvvür edin ki, silah-sursat sarıdan vəziyyət necədir. İstər Tovuz hadisələri zamanı, istərsə də ondan sonrakı dönəmdə Rusiya açıq şəkildə Ermənistanı silahlandırdı. Rusiya rəsmiləri buna heç cür haqq qazandıra bilməzlər. Silah alveri meyvə satmaq deyil ki, hansı şirkət hara istədi satsın. Rusiya rəsmilərinin bu açıqlamaları olduqca absurd görünür. Bu mənə Rusiyanın müdafiə naziri Şoyqunun Bakıda verdiyi açıqlamanı xatırlatdı. Şoyqu demişdi ki, təyyarələrlə Rusiyanın Ermənistandakı hərbi bazasına tikinti materialları daşınıb. Həmin vaxt biz Şoyquya hansı dərəcədə inanmışdıqsa, indi də Rusiya rəsmilərinə o səviyyədə inanırıq. Dövlətlər arasında silah alveri ola bilır. Bunu müxtəlif firmaların adı ilə etsələr də, bütün proses dövlətin nəzarətində olur. Yəni Rusiyanın siyasi rəhbərliyinin icazəsi olmadan kimsə harasa silah sata bilməz. Bu adi vaxtda olsa və qanuni əsaslarla həyata keçirilsə, kimsə etiraz etməz. Biz də müxtəlif ölkələrdən silah alırıq. Ancaq müharibənin getdiyi bir dönəmdə mülki təyyarələrlə humanitar yük adı ilə silahın daşınması beynəlxalq cinayətdir. Bu həm də Rusiyanın vasitəçilik missiyasını tamamilə şübhə altına salır. Rusiya bunu məqsədli şəkildə edir ki, Ermənistan qarşımızda duruş gətirə bilsin”.
Doğrudan da Rusiya rəsmilərinin bu yöndə verdikıəri açıqlamalar absurd və gülməlidir. Əslində bu addımları ilə Rusiya gerçək mahiyyətini ortaya qoymuş olur.
Məhəmmədəli QƏRİBLİ