“Bəyanatın ilkin variantı tamam fərqli idi. Mən onu görəndə dedim ki, bu bizim üçün münasib deyil”/ Bunu Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, biz mümkün qədər tez nizamlamada maraqlıyıq: “Biz sabah başlamağa hazırıq. Buna görə hər şey ATƏT-in Minsk Qrupunun fəaliyyətindən, onların iş qrafikindən asılıdır. Bizim tərəf dərhal başlamağa hazırdır. Yeri gəlmişkən deməliyəm ki, bəyanatın mətni ilə əlaqədar Azərbaycan tərəfinin bütün istəkləri nəzərə alınıb. Bəyanatın ilkin variantı tamam fərqli idi. Mən onu görəndə dedim ki, bu bizim üçün münasib deyil. Sənədi həddən artıq qəlizləşdirmək, ağırlaşdırmaq, danışıqlar prosesinin son mərhələsində müəyyən edilməli olan elementləri oraya inkorporasiya etməyə çalışmaq lazım deyil. Onu maksimum sadələşdirmək lazımdır. Yadımdadır ki, orada olmayanları nəzərə aldıq, danışıqlara dərhal başlamaq bəndinin daxil olunmasını xahiş etdik. Yəni biz mümkün qədər tez nizamlamada maraqlıyıq. Ona görə ki, nizamlama bizim vətəndaşların, qaçqınların, daxili köçkünlərin öz evlərinə qayıtmalarına imkan verəcək”.
Görünən odur ki, Azərbaycanın siyasi gücü, nüfuzu Moskva bəyanatının sadələşmiş formada hazırlanmasına ciddi təsir edib. Bu isə danışıqların daha tez və predmet üzrə aparılmasına zəmin yaradır. Ən başlıcası isə, bəyanatın son variantının qəbul olması Azərbaycanın gücündən xəbər verir.
“Moskva bəyanatı göstərdi ki, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlarda diqtə edən tərəfdir”
Məsələyə münasibət bildirən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə də, Moskva razılaşmasının ilkin variantının dəyişdirilməsi Azərbaycanın ciddi nüfuza malik olmasından xəbər verir: “Ən başlıcası, bu, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin göstəricisidir. Ölkə başçısının sözügedən məsələdə qətiyyətli mövqe sərgiləməsi aparıcı dövlətləri Azərbaycanla hesablaşmağa məcbur etdi. Azərbaycan ordusunun uğurlu qələbələri qarşı tərəfi məcbur etdi ki, müvafiq şərtlərə əməl etsin. Azərbaycanın iqtisadi gücü və siyasi nüfuzu təkcə regionda deyil, ümumiyyətlə dünyada artmaqdadır. Artıq beynəlxaq təşkilatlar, aparıcı dövlətlər də Azərbaycanın haqlı olduğunu qəbul edirlər. Çünki Azərbaycan Prezidenti beynəlxalq hüquqa əsaslanaraq ölkənin ərazi bütövlüyünü bərpa edir. Moskva bəyanatı göstərdi ki, Azərbaycan həm döyüş meydanında, həm də danışıqlarda diqtə edən tərəfdir. O baxımdan, Azərbaycanla hesablaşmaqdan başqa yol yox idi”.
Siyasi ekspert vvurğuladı ki, bütün bunlar Azərbaycanın siyasi uğurudur.
Vidadi ORDAHALLI