“Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir”. Bunu Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində atəşkəsin davamlılığı barədə sualı cavablandırarkən deyib.
Ölkə başçısı qeyd edib ki, hər şey erməni tərəfindən asılı olacaq: “Əvvələn, o, atəşkəsə riayət edəcəkmi? Buna görə də atəşkəs rejiminin möhkəmliyinin əsas amili bu olacaq ki, Ermənistan bu ərazilərin bizdə olması ilə, onun həmin əraziləri bir daha heç vaxt görməyəcəyi ilə barışmalı və bunu hərbi yolla geri almağa heç bir cəhd göstərməməlidir. Bundan heç də az əhəmiyyətli olmayan ikinci amil indicə haqqında danışdığım məsələdir. Biz danışıqlar masası arxasında Ermənistan tərəfindən konstruktiv yanaşma görməliyik, yəqin etməliyik ki, onlar danışıqlar prosesini imitasiya etmək cəhdlərindən əl çəkiblər, təhrikçi əməllərdən, bəyanatlardan çəkiniblər və nizamlama yolunun tapılması məqsədinə sadiqdirlər. Son bir il ərzində erməni tərəfindən gördüklərimiz məhz danışıqlar prosesini pozmağa və məsuliyyəti Azərbaycanın üzərinə qoymağa yönəlmişdi. Buna görə də baxarıq, biz öz bəyanatlarımıza sadiqik, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır”.
Göründüyü kimi, Prezident atəşkəsin davamlılığının yuxarıda qeyd olunan iki şərtə bağlı olduğunu açıq şəkildə bəyan edib.
“Prezidentin məlum mövqeyi bir daha onu göstərir ki, işğal edilmiş ərazilərin azad olunması geridönülməz prosesdir”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bütün bunlar bir daha onu göstərir ki, torpaqların işğaldan azad edilməsi geridönməz prosesdir: “Azərbaycanın humanitar atəşkəsə razılıq verməsi o demək deyil ki, ərazilərin azad edilməsi dayanır. Bu, sadəcə, Azərbaycan tərəfindən humanitar xarakterli siyasi jest idi. O mənada ki, düşmən leşləri ərazilərdən yığılsın. Digər tərəfdən, dünyanın aparıcı dövlətləri atəşkəslə bağlı çağrışlar edirdilər. Azərbaycan Rusiya ilə olan münasibətləri nəzərə alaraq humanitar atəşkəsə razılıq verdi. Bu, ölkə başçısı tərəfindən edilən çox böyük siyasi gediş idi. Necə deyərlər, günah bizdən getdi. Prezident bununla Ermənistan hakimiyyətinə son şans verdi. Atəşkəsin qalmasını istəyirlərsə, o zaman beynəlxalq hüquqla tanınmış ərazilərimizə iddia etmyəcəklərini bəyan etsinlər və konkret danışıqlara başlasınlar. Söhbət, qrafikə uyğun, ərazilərin boşaldılmasından gedir. Ermənilər deyilənlərə əməl edəcəklərsə, o zaman atəşkəs davamlı ola bilər. Əməl etməyəcəklərsə, o zaman heç bir qüvvə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etməsinə mane ola bilməyəcək. Ölkə başçısının məlum mövqeyi bir daha onu göstərir ki, işğal edilmiş ərazilərin azad olunması geridönülməz prosesdir”.
Şərqşünas hesab edir ki, indi seçim ermənilərindir. Ya şərtlərə əməl edəcəklər, ya da Azərbaycan ordusu ərazilərimizi azad edəcək.
Vidadi ORDAHALLI