Məlum olduğu kimi, Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Ölkə başçısı Rusiyanın Qarabağ münaqişəsinə olan mühüm təsir imkanlarından danışıb:
“Əlbəttə, Minsk Qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır. Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə, həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna əsaslanır. Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusiyanın imkanları bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çoxdur. Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq”.
Göründüyü kimi, Prezident Rusiyanın münaqişənin nizamlanması üçün ciddi imkanlara sahib olmasından danışıb və bunun necə mümkün ola biləcəyini də izah edib. O halda Rusiya niyə bu təsir imkanlarından istifadə etmir?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın münaqişəyə təsir imkanlarının digər ölkələrdən çox olması hamıya məlumdur: “Ölkə başçısı son müsahibələrindən birində bunun izahını sadə dillə ifadə etdi. 26 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olan rəsmi Moskva qoşunların təmas xəttində və ya sərhəddə hər dəfə vəziyyət gərginləşən zaman eyni bəyanatlarla çıxış edir: “Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin gərginləşməsindən dərin narahatdır. Hər iki tərəfi təmkinli olmağa və atəşkəs rejimi ilə bağlı üzərinə götürdükləri öhdəliyə riayət etməyə çağırırıq. Rusiya Minsk Qrupunun həmsədri kimi nizamlanma ilə bağlı öz vasitəçilik səylərini göstərməyə hazırdır”.
Bütün bu bəyanatlar onu göstərir ki, Rusiya status-kvonun qorunmasında münaqişənin həllindən daha çox maraqlıdır. Son dönəmdə Rusiyanın davranışları bunu aydın göstərir. Sərhəddəki döyüşlərdən sonra Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsi tam sübut olundu. Eyni marşrutla avqustun 16-da bir daha Rusiya təyyarəsinin Ermənistana hərbi yük daşıdığı haqqında məlumatlar yayıldı. Müharibə zamanı şimal qonşumuz neytrallığını qorumağa çalışsa da, daha sonra Ermənistana külli miqdarda hərbi silah-sursat ötürməsi əslində Moskvanın nizamlanma ilə bağlı bəyanatlarının söz yığınından başqa bir şey olmadığını bir daha sübut etmiş oldu. Paşinyan BBC telekanalına müsahibəsində Rusiyanı Ermənistanın müttəfiqi deyil, məhz təhlükəsizlik sahəsində strateji tərəfdaşı adlandırdı. Bu o anlama gəlir ki, Rusiya hazırda bu razılaşma çərçivəsində Ermənistanı Azərbaycandan qorumaq missiyasını üzərinə götürüb. Son humanitar atəşkəs razılaşmasından sonra baş verənlər bunu bir daha sübut etdi. Rusiya səmimi olsaydı, Ermənistanı Gəncəyə atdığı raketə görə ciddi cəzalandırardı”.
Doğrudan da Rusiyanın son cəhdləri Ermənistanın xeyrinə olan imitasiyadan başqa heç bir təsir bağışlamır.
Məhəmmədəli QƏRİBLİ