Şərqlə Qərbin kəsişdiyi nöqtədə yerləşən Azərbaycan qədim dövrlərdən indiyə kimi öz multikultural simasını qoruyaraq saxlamağı bacarıb. Uzun əsrlərdir tolerantlığın dəyişməz ünvanlarından biri olan Azərbaycanda müxtəlif xalqların, dinlərin təmsilçiləri sülh və rifah içində yaşayıblar. Bu gün də eyni mənzərənin şahidi oluruq.
Bildirək ki, keçmiş SSRİ dağılmaq ərəfəsində olduğu dövrdə də, ondan sonrakı mərhələlərdə də bir sıra ölkələrdə, dövlətlərdə milli münaqişə ocaqları alovlandı, hətta bizimlə qonşu olan ölkələrdə bu problem geniş şəkil aldı.
Başqa respublikalarda müxtəlif xalqlara qarşı baş verən deportasiya faciəsi Azərbaycan tərəfindən həyata keçirilmədi...
Məsələn, düşmən Ermənistanda yaşayan bütün Azərbaycan türkləri və qeyri-ermənilər deportasiya edildi, öz ata-baba ocaqlarından didərgin salındı. Gürcüstanda yaşayan və müxtəlif dövlət vəzifələri tutan ermənilərin fitvası ilə bu ölkədə də milli münaqişələr yaşandı, hətta 1988-ci ildən başlayaraq bu ölkədə tarixən yaşayan azərbaycanlılar kütləvi olaraq deportasiya edildilər. Düzdür, sonrakı mərhələlərdə Gürcüstan hökuməti prosesin qarşısını aldı, amma ona qədər xeyli azərbaycanlı öz evini tərk edərək Azərbaycan Respublikasına üz tutdu. Orta Asiya ölkələrində, xüsusən də Özbəkistanda yaşanan böyük milli münaqişə zəminində bu ölkənin müxtəlif əyalətlərində yaşayan Ahıska türkləri deportasiya edildilər, Ahıska türkləri Vətən olaraq Azərbaycanı seçdilər və onların böyük bir qismi hazırda respublikamızın ayrı-ayrı şəhər, rayon, qəsəbə və kəndlərində kompakt şəkildə məskunlaşıblar.
Məlumat üçün bildirək ki, Gürcüstan Respublikasının Mesxetiya regionunda yaşayan bütün Ahıska türkləri 14 noyabr 1944-cü il tarixində Stalinin birbaşa göstərişi ilə Mərkəzi Asiyaya məcburi şəkildə köçürülüblər. Bundan sonra da, dediyimiz kimi, onlar XX əsrdə ikinci deportasiya taleyini yaşamağa məhkum olublar.
Bu problemlərin yaşandığı digər keçmiş SSRİ respublikalarından fərqli olaraq, Azərbaycanda milli, dini münaqişə zəminində heç bir problem yaşanmadı. Bizim ölkədə yaşayan heç bir xalq, etnik qrup deportasiya, köçürülmə problemi ilə qarşılaşmadı, bütün xalqlar, dinlərin nümayəndələri öz evlərində, yurdlarında qaldılar. Bununla da Azərbaycan Respublikası özünün multikultural simasını tamamilə qoruyub saxladı.
Multikulturalizmin əbədi ünvanı - Azərbaycan...
Dünənlərdə olduğu kimi, bu gün də respublikamızda yaşayan xalqlar, etnik qruplar, dini konfessiyaların təmsilçiləri Azərbaycanı özlərinin bir parçası, özlərini də Azərbaycanın bir parçası hesab edirlər. Şübhəsiz ki, bunun da öz səbəbləri var.
Başqa respublikalarda yaşanan deportasiya faciəsinin Azərbaycanda yaşanmadığının səbəblərini şərh edən tarixçilər bildirirlər ki, respublikamız multikulturalizm, tolerantlıq kimi ən vacib dəyərə yeni sahiblənməyib, bu, Azərbaycanda həmişə olub.
Tarixçilər qeyd edirlər ki, Azərbaycan ərazisində lap qədim zamanlardan yerli türklərlə yanaşı, başqa xalqların da nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayıb, ölkəmizdəki tolerantlıq, multikulturalizm başqa xalqların yaşamasına, öz mədəniyyətini, ənənənələrini, dinini yaşatmasına münbit şərait yaradıb. Azərbaycan türklərinin xaraktercə köməkcil, qayğıkeş, humanist olması nəticəsində burada yaşayan qeyri-türklər heç bir problemlə üzləşməyiblər, əksinə, daha azad, daha sərbəst yaşayıblar, bu gün də bu şəkildə yaşayırlar.
Azərbaycanın mültikulturalizmin əbədi ünvanlarından biri olduğunu deyən alimlər hesab edirlər ki, şovinistlik, milli ayrı-seçkilik, separatizm və sair xüsusiyyətlər Azərbaycan türklərinə yaddır, bizdə daha çox insanlığa xas müsbət xüsusiyyətlər formalaşıb.
“Azərbaycan sözdə multikultural, tolerant dövlət deyil, bunu uzun əsrlərdir əməli şəkildə sübut edir”
Tanınmış tədiqatçı-alim, filologiya üzrə fəsləfə doktoru Qiymət Məhərrəmlinin fikrincə, içlərində yaşayan qeyri-xalqları o xalqlar deportasiya edir ki, onların mahiyyətində şovinizm, ifrat təhlükəli millətçilik olur və onlar özlərindən başqa heç kəsi sevmirlər. Buna misal olaraq Ermənistanı göstərən alimin sözlərinə görə, terror ölkəsində ermənilərdən başqa millətə yer yoxdur. Bu, birbaşa ermənilərin xarakterindəki şovinistliklə, separatçılıqla bağlıdır. Ermənistandan və başqa analoji problemlərin yaşandığı ölkələrdən fərqli olaraq, Azərbaycanda isə burada yaşayan hər bir xalqa böyük dəyər verilir və onların rahat şəkildə yaşaması, işləməsi, müxtəlif vəzifələrdə təmsil olunması üçün böyük şərait yaradılıb. “Azərbaycan sözdə multikultural, tolerant dövlət deyil, bunu uzun əsrlərdir əməli şəkildə sübut edir. Azərbaycanda heç zaman etnik-dini zəmində münaqişə baş verə bilməz, çünki bunun üçün şərait, istək yoxdur. Azərbaycan türkləri tolerant, rəhimdil, başqa xalqlara böyük dəyər verən xalqdır, Azərbaycan Respublikası isə humanist bir ölkədir.
Başqa respublikalardan, dünyanın şovinst ölkələrindən zorla deportasiya edilən, köçürülən ayrı-ayrı xalqlara tarixən Azərbaycan dövləti, Azərbaycan türkləri sahib çıxıb, yer-yurd verib, onlara ev-eşik qurmaq üçün şərait yaradılıb. Özündə tarixi ənənələri və müasir çağırışları ehtiva edən azərbaycançılıq platforması heç bir xalqa qarşı deyil, əksinə, burada yaşayan bütün xalqları öz bayrağı altında birləşdirib.
Azərbaycançılıq ideyasının tərkib hissəsi olan multikulturalizm bir dəyər kimi özünün ən böyük yüksəlişini məhz ölkəmizdə yaşayır. Azərbaycançılıq ideyasını başqa ideya və ideologiyalardan fərqləndirən cəhətlərin biri məhz başqa mədəniyyətləri, mədəni müxtəlifliyi inkar etməməsi, dini və irqi ayrıseçkiliyi qəbul etməməsidir. Ona görə də ölkəmizdə yaşayan başqa xalqlar azərbaycançılıq ideyasını özlərinə doğma bilir və öz müqəddəs dəyəri olaraq qəbul edir, ona töhfələr verirlər. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri azərbaycançılığın ətrafında sıx şəkildə birləşiblər. Bu, gəlişigözəl söz deyil, bir həqiqətdir. Azərbaycanda o xaqlar sülh və rifah içində yaşamasaydılar, öz mədəniyyəti, adət-ənənələrini yaşada bilməsəydilər, onlar bu gün dövlətimizin ədalətli mövqeyini ciddi şəkildə dəstəkləməzdilər. Burada yaşayan bütün xalqların, dinlərin nümayəndələri, birmənalı olaraq, Azərbaycanı özlərinin vətəni bilirlər. Gizlin deyil ki, bu gün ön cəbhədə Azərbaycan torpaqlarının düşməndən müdafiəsi uğrunda fədakarlıq edənlər sırasında qeyri-millətlərin də nümayəndələri var. Onlar könüllü şəkildə düşmənlə döyüşmək, onları torpaqlarımızdan qovmaq üçün silaha sarılıblar. Bu özü böyük bir faktdır”.
Azərbaycançılıq və multikulturalizm təxribatçılara qalib gəldi...
Q.Məhərrəmlinin sözlərinə görə, talış da, ləzgi də, avar da, gürcü də, rus da, kürd də, udi də, cek də, buduq da və sair xalqlar da Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda mücadilələr verir. “SSRİ dağılmaq ərəfəsində olduqda və ondan sonrakı zamanlarda Azərbaycanda milli münaqişə ocaqları yaratmağa cəhd edən qüvvələr olub, lakin burada yaşayan xalqların birliyi bu təxribatların həyata keçməsinə mane olub. Azərbaycan yeganə ölkə oldu ki, burada dini-etnik zəmində heç bir problem yaşanmadı. Nəticədə isə müxtəlif təxribatçı qrupların cəhdləri alınmadı. Bayaq qeyd etdiyim kimi, burada yaşayan bütün xalqlar azərbaycançılıq bayrağı altında birləşiblər və hamısı da dövlətimizin himayəsi altında yaşayırlar. Hətta bizim ölkədə ermənilər də yaşayırlar, onlar da zorla deportasiya edilmədilər. Ermənistanın fitvasına uyub gedənlər oldu, amma getməyib qalanlar da xeyli saydadır”.
Multikulturalizm düşməni Ermənistan bütün xalqlar üçün təhlükəlidir...
“Bu gün dövlətlər var ki, özünü oda-közə vurub “multikultural, tolerant” dövlət kimi görünmək istəyir, bu, sadəcə, görüntü xarakteri daşıdığı üçün dünya tərəfindən qəbul edilmir. Süni şəkildə təqdim edilən istənilən məsələ qəbul edilən deyil.
Bu gün işğalçı Ermənistan özünü “multikultural ölkə” olaraq təqdim etmək üçün yüz oyundan çıxır. Hətta deyim ki, iki-üç il bundan əvvəl Fransanın və bəzi digər Qərb dövlətlərinin dəstəyilə düşmən ölkədə multikulturalizmlə bağlı qondarma bir tədbirin keçirildiyi haqqında məlumat yayılmışdı. Əhalisinin 99 faizi ermənilərdən ibarət olan bir ölkə necə multikultural, tolerant dövlət ola bilər? Bu ölkədə minillər boyu yaşayan Azərbaycan türkləri, o cümlədən də başqa xalqlar deportasiyaya məruz qalıblar. Ermənistan hələ SSRİ dağılmamışdan əvvəl etnik təmizləmə siyasəti həyata keçirib. 1988-ci ildə bu respublikada yaşayan azərbaycanlılar kütləvi şəkildə öz ata-baba ocaqlarından amansızlıqla deportasiya ediliblər. Ermənistanda yaşayan təxminən 6 min yezidi kürd isə assimilyasiya edilib, onların soyadları, milliyyətləri, dini inancları zorla dəyişdirilib. Bu gün Ermənistanda müxtəlif təpki və təzyiq altında yaşayan yezidi kürdlər dinlərini dəyişərək qriqoryanlaşıblar. Monoetnik dövlət olan Ermənistan hansı üzlə, hansı əsasla multikulturalizmdən danışa və bu məsələ ilə bağlı tədbirlər keçirə bilər? Bu gün dünyada Ermənistan terror dövləti kimi qəbul edilir. Monoetnik, həm də terror dövləti olan Ermənistanın simasında biz multikulturalizmin, müxtəlif xalqların, dinlərin nümayəndələrinin hüquqlarının boğulduğunu, məhv edildiyini gördük. Sonradan sahibləndiyi ərazilərdən bu torpaqların əzəli sakinlərini - Azərbaycan türklərini, eləcə də müsəlman kürdlərini, rusları, habelə digər xalqları köçürən, deportasiya edən Ermənistan bu prosesi başlamaqla başqa ölkələrə də təsir göstərdi. Ermənistanda başlayan bu mənfur proses sonradan özünü başqa keçmiş ittifaq respublikalarında təkrarladı.
Ermənistan, bundan başqa, havadarlarının köməkliyilə işğal etdiyi Dağlıq Qarabağda və ətraf rayonlarda da bu mənfur prosesi davam etdirdi, doğma torpaqlarımızda etnik təmizləmə siyasəti həyata keçirdi. Bu gün Ali Baş Komandanın rəhbərliyilə şanlı ordumuz tərəfindən Ermənistan törətdiyi cinayətlərə görə cəzalandırılır” - deyə Q.Məhərrəmli bildirdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.