Ermənistanın mülki əhaliyə qarşı vandalizm siyasəti davam edir. İşğalçı ölkə humanitar əsaslarla müəyyən olunan atəşkəs rejiminə məhəl qoymayaraq dinc insanların olduğu yaşayış məntəqələrini atəşə tutur. Oktyabrın 11-də ermənilər Gəncədə terror hadisəsi törədiblər. Belə ki, ermənilər Gəncəyə "Toçka U" raketi ilə zərbə endiriblər, nəticədə 9 nəfər ölüb, 40-a yaxın şəxs isə yaralanıb.
Ermənilərin mülki əhalini hədəfə alması, Gəncəni raket atəşinə tutması hadisəsi barəsində tək yerli mediada deyil, xarici KİV-də də geniş materiallar yayılır.
Çinin “news.cgtn.com” saytının Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumatda qeyd olunur ki, erməni tərəfinin açdığı atəş nəticəsində Gəncə şəhərində 9 nəfər ölüb, 40-a yaxın nəfər isə yaralanıb. Səudiyyə Ərəbistanına məxsus “arab.news” saytı da Gəncədə baş verən fəlakət barədə məlumat yayıb. Bu ölkənin öncül mətbuat orqanı bu xəbəri Azərbaycan Xarici İşlər Nazirliyinin ”Twitter” səhifəsinə istinadən yayıb.
Dünyaca ünlü “aljazeera.com” saytı da Gəncədə baş vermiş olay barədə geniş auditoriyaya məlumat verib. Vurğulanır ki, Gəncəyə atəşin Ermənistan ərazisindən açıldığı Azərbaycan rəsmiləri tərəfindən xüsusi qeyd olunur.
Hindistanın “Times of İndia” qəzeti, Rusiyanın TASS (ingilisdilli bölümü də) agentliyi, “Reuters” agentliyi, ABŞ-ın “usnews.com” kimi media orqanları da Gəncə hadisələri haqqında xəbərlər yayıblar. Fransanın “Le Monde” nəşri ermənilərin Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması barədə məqalə dərc edib. “Le Monde” Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Tvitter” hesabında paylaşdığı “Erməni hərbi birləşmələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini yenidən raket zərbələrinə məruz qoyub” deyə paylaşdığı statusa istinad edib. Bundan başqa, Dağlıq Qarabağdakı separatçı rejimin “Müdafiə Nazirliyi”nin Gəncəni atəşə tutduqlarını inkar etdiyini qeyd edib. Bildirib ki, humanitar atəşkəs rejiminə çox qısa müddət ərzində riayət edilib.
Qonşu Türkiyə mediası da Gəncədə baş verən terror hadisəsini geniş işıqlandırıb.
“Yerli media erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində işlərini genişləndirməlidir”
Media eksperti Azər Həsrət bildirdi ki, Azərbaycan Ordusu işğalçı ermənilərin təcavüzünə cavab verərək əks-hücuma keçməli oldu, torpaqlarımızın bir qismini işğaldan azad etdi: “Bütün bunlardan əsəbləşən Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarından kənar əraziləri də bombalayır. Gecə saat 2-də, heç bir hərbi yönü olmayan əraziyə raket zərbəsi endirmək, onlarla insanı təhlükə altında qoymaq vəhşiliyin son əlamətidir. Bu hadisə dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyi üçün, olduğu kimi işıqlandırmaq məcburiyyətində qaldılar. Dünya görür ki, ermənilər yatmış halda insanları raket atəşinə tuturlar. Bu istiqamətdə yerli medianın üzərinə böyük iş düşür. Belə ki, yerli media erməni vəhşiliyini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində işlərini genişləndirməlidir”.
Günel CƏLİLOVA