“Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı”. Bunu Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Türkiyə münaqişənin həllində daha böyük rol oynamalıdır: “Bu gün biz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və yekdilliklə seçilmişik. Əgər bizim ölkəmiz müstəqil potensiala malik olmasaydı, bu cür hörmət qazana bilərdikmi? Buna görə Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun iradəsini yerinə yetirməyimiz barədə bütün insunasiyalar tamamilə yalandır. Bu həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib, lakin baş tutmayacaq. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya hay-küyü üçün əsas olsaydı, bugünkü bəyanat olmazdı. Bu bəyanat mənimlə razılaşdırılıb, başqa heç kimlə. Əgər bizi kimlərsə idarə etsəydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi. Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Buna görə, hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır”.
Maraqlıdır, Prezidentin Türkiyənin mövqeyinin üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını alması ilə bağlı səsləndirdiyi fikir nə deməkdir?
“Türkiyənin ardıcıl şəkildə mövqe ortaya qoyması, aktiv siyasət aparması proseslərin gedişinə çox əhəmiyyətli təsir göstərdi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində düşmənə güclü zərbələr endirildi. Nəticədə Ermənistan ordusu bu zərbələrə duruş gətirə bilməyib, bir neçə istiqamətdə uduzaraq geri çəkilir. Ermənistanı açıq şəkildə dəstəkləyən Fransa, arxa planda bu ölkəyə dəstək verən Rusiya, müəyyən mənada İran Azərbaycan ordusunun uğurlarından narahat idi. İlkin mərhələdə bu dövlətlərin açıqlamalarına baxanda biz bunu görürdük. Məsələ ondadır ki, bu dövlətlər heç bir şərt irəli sürmədən tərəfləri atəşkəsə çağırırdılar. Ancaq bundan fərqli olaraq, Türkiyə açıq və net şəkildə Azərbaycanın mövqeyini dəstəklədi. Fikrimcə, Prezident İlham Əliyev Türkiyənin verdiyi siyasi dəstəyin digər ölkələrə nümunə olduğu mesajını verdi. Həqiqətən də Türkiyənin ortaya qoyduğu konkret siyasi mövqe üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin önünü kəsdi. Türkiyənin regionda artan geosiyasi mövqeyi, Azərbaycanla birgə həyata keçirdiyi hərbi təlimlər sözügedən məsələdə vacib rol oynayan amillərdən biridir. Bütün bunlardan sonra İran bəyan etdi ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Halbuki, bunu elə döyüşlər başlanan gün desəydilər, daha effektiv təsir bağışlayardı. Ümumilikdə, Türkiyənin ardıcıl şəkildə mövqe ortaya qoyması, aktiv siyasət aparması proseslərin gedişinə çox əhəmiyyətli təsir göstərdi. Hesab edirəm ki, Ankaranın fəal siyasi dəstəyi Azərbaycanın xarici təzyiqlərə duruş gətirməsinə kömək etdi. Bir daha bəlli oldu ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”.
Politoloq hesab edir ki, bütün bunların nəticəsində Azərbaycan danışıqlarda öz şərtlərini diqtə edir.
Vidadi ORDAHALLI