Azərbaycanda Vətən müharibəsi - haqq savaşı gedir. Ordumuz beynəlxalq hüquqa əsaslanaraq Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı azad edir.
Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil.
Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturlarını da hədəfə alır. Oktyabrın 11-də Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan özünün suveren əraziləri çərçivəsində müharibə aparır: “Ermənistan isə öz ərazisindən istifadə etməklə Azərbaycan şəhərlərini atəşə tutur. Ermənistan enerji infrastrukturlarını da hədəfə alır ki, bu da təkcə Azərbaycan deyil, digər ölkələr üçün də təhlükə yaradır”.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən ötən həftə atılan “Smerç” 9M525 qəlpəli raketlər Azərbaycan Ordusu tərəfindən havada zərərsizləşdirilib. Yevlax bölgəsindəki BTC boru kəmərindən yalnız 10 metr məsafədə bir erməni klaster raketi düşüb və 300-dən çox döyüş elementinə parçalanaraq, müxtəlif istiqamətlərə çarpılıb. Xoşbəxtlikdən boru kəmərinə heç bir ziyan dəyməyib.
Məsələ ilə bağlı fikir bildirən ekspert İlham Şaban qeyd etdi ki, enerji layihələrini hədəfə alan təcavüzkarın təxribatlarının nəticələri bölgənin hüdudlarını aşaraq Avropanın planlarını təhdid edə bilər: “Bakı-Tiflis-Ceyhan neft kəməri Xəzər neftini Türkiyənin Ceyhan limanına nəql etmək üçün nəzərdə tutulub. Layihə İngiltərə və ABŞ tərəfindən maliyyələşdirilib. Borunun əsas əhəmiyyəti Rusiyadan yan keçərək, Avropa ölkələrinə neft tədarükünü təmin etməkdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycandan neft və qaz tədarükü bir sıra qonşu ölkələr üçün böyük əhəmiyyətə malikdir: “Deməli, bu gün Türkiyə qazımızın əsas istehlakçısıdır, xüsusən də bu ilin səkkiz ayında qonşu ölkə Azərbaycan “mavi yanacağı” alışını keçən ilin hesabat dövrü ilə müqayisədə 25% artırıb. Azərbaycan qazının Türkiyəyə ixracatı 7,2 milyard kubmetrə qədər artıb və bu, Qətər, Amerika Birləşmiş Ştatları və Əlcəzairdən daha ucuz sızılmış maye-qaz alışlarında artımla yanaşı, Türkiyənin “mavi yanacaq” tədarükünün Rusiyadan idxalını əhəmiyyətli dərəcədə azaltmasına imkan verdi. Bundan əlavə, Ankara, BTC ilə neft tranziti üçün ödəniş olaraq da xeyli vəsait alır. Bu il Gürcüstan Azərbaycandan 2,37 milyard kubmetr, Rusiyadan isə cəmi 200 milyon kubmetr qaz alacaq. 2020-ci ilin ilk səkkiz ayında Gürcüstan 1,5 milyard kubmetr Azərbaycan qazı idxal edib. Beləliklə, Cənubi Qafqaz boru kəməri ilə tədarüklər pozulursa, qonşu ölkə ciddi enerji böhranı ilə üzləşir. Bundan əlavə, Gürcüstan, demək olar ki, tamamilə neft məhsullarının, xüsusən də motor yanacağının tədarükündən asılıdır.
Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynaya əsas neft tədarükçüsü olaraq qalır. Neftimiz Supsaya göndərilir, sonra tankerlərlə Odessa yaxınlığındakı Ukraynanın Yujnıy terminalına nəql olunur. Sonra Dnepr boru kəməri ilə Kremençuk neft emalı zavoduna neft verilir. SOCAR bu il də Belarusa 1 milyon tona qədər neft tədarük etməyi planlaşdırır. Beləliklə, enerji layihələrini hədəfə alan işğalçı ölkənin təxribatlarının nəticələri bölgənin hüdudlarını aşa bilər”.
Günel CƏLİLOVA