Ermənistan bütün beynəlxalq konvensiyaları ayaq altına ataraq, mülki əhalini qətlə yetirməkdə, mülki obyektləri dağıtmaqda davam edir. Azərbaycan Baş Prokurorluğu 27 sentyabr - 11 oktyabr tarixləri arasında Ermənistan silhahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb. Belə ki, bu müddət ərzində 41 dinc sakin həlak olub, 205 dinc sakin yaralanıb. 1165 yaşayış evi, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.
Ermənilərin mülki əhalini hədəfə alması faktı yeni deyil. İşğalçı ölkə dəfələrlə mülki əhalini hədəfə alıb. Bu barədə Azərbaycan tərəfi beynəlxalq təşkilatlara mütəmadi müraciət edib. Ermənistanın beynəlxalq qanunvericiliyin tələbini pozması barədə beynəlxalq ictimaiyyətə məlumat verilib. Ancaq beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar mövqeyi ilə bağlı hər hansı sərt mövqe nümayiş etdirməyiblər. Xarici təşkilatlar Ermənistanın mülki əhalini hədəfə alması barədə həmin ölkəyə hər hansı sanksiya, tədbir görməyiblər. Sadəcə, formal bir bəyanatla kifayətləniblər.
Əsabəli Mustafayev: “Ermənistanın strukturlarına qarşı beynəlxalq məhkəmələrdə iddialar irəli sürülə bilər”
Hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, mülki əhalinin qətlə yetirilməsi, mülki obyektlərə, mülkiyyətə ziyan vurulması ilə bağlı hər bir fakt üzrə cinayət işi qaldırılıb və istintaq gedir: “Yəqin ki, müharibənin gedişatından asılı olmayaraq, istintaq davam edəcək və yekunlaşacaq. Artıq beynəlxalq aləm də şahid oldu ki, müharibənin gedişatına rəhbərliyi Ermənistan edir. İstintaq zamanı da ittiham olunan tərəf Ermənistan olacaq. Ermənistanın strukturlarına qarşı beynəlxalq məhkəmələrdə iddialar irəli sürülə bilər. Aydındır ki, yerli məhkəmələrdə Ermənistan rəhbərliyini ittiham edə bilməyəcəyik. Yerli məhkəmələrdə ancaq Qarabağda Azərbaycan qanunlarından kənarda olan hərbi birləşmələr, onların üzvləri, rəhbərlərinə qarşı ittihamlar irəli sürülə bilər. Onların kimliyi məlumdur - qondarma “president”, “nazirlər”in hər birinə qarşı qiyabi olsa da, ittiham elan olunacaq. Onların haqqında beynəlxalq axtarış elan olunacaq. Təbii ki, onlar yerli icraçılardır. Onlara göstəriş verənlər isə Ermənistanda oturanlardır. Buna görə də dövlət olaraq Ermənistana qarşı da iddialar qaldırılacaq. Bu isə beynəlxalq məhkəmədə mümkün olacaq”.
Fatma Yıldırım: “Niyə müvafiq beynəlxalq təşkilatlar ermənilərin son günlərdə həyata keçirdikləri bu amansız cinayətlərə hər zamankı kimi göz yumurlar?”
Millət vəkili Fatma Yıldırım bildirdi ki, Azərbaycan Ordusu qarşısında aciz qalan işğalçı Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur: “Düşmən cəbhə xəttindən çox-çox uzaqda yerləşən şəhərlərimizi, Gəncə, Mingəçevir, Ağcabədi, Bərdəni və digər yaşayış məntəqələrini hədəfə alır. Mülki şəxslərimiz arasında həlak olanların sayı artmaqdadır. Bütün bunlar onu göstərir ki, terrorçu ermənilər çirkin əməllərindən əl çəkmirlər. Qarabağda ağır itkilər verən və məğlub olan düşmən bununla insanlarımız arasında qorxu və təşviş yaratmaq istəyir. İşğalçılar amansızcasına təmsil etdiyim Bərdə şəhərində mərkəzi küçələri, yaşayış məntəqələrini, eləcə də ətraf kəndləri ardıcıl olaraq atəşə tuturlar
Maraqlıdır, niyə müvafiq beynəlxalq təşkilatlar ermənilərin son günlərdə həyata keçirdikləri bu amansız cinayətlərə hər zamankı kimi göz yumur, onları terrorçu adlandırmaqdan çəkinir, onlara “dur” demirlər?! Savaş döyüş meydanında getməlidir, silahsız insanları öldürmək hərbi cinayətdir və beynəlxalq hüquqa ziddir.
Biz döyüş meydanında qalib gələcəyik. Bizim ordumuzun mülki insanlarla işi yoxdur. Erməni əsgəri ilə bizim fərqimiz elə bundadır”.
Günel CƏLİLOVA