Bu ilin 11 oktyabr tarixində Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri ilə ayrı-ayrılıqda telefon danışığı olub
Xarici İşlər Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, Rusiyadan olan həmsədri İqor Popovla telefon danışığı zamanı Ceyhun Bayramov humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyi barədə qarşı tərəfə məlumat verib. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Nazir Gəncəyə edilən hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığı diqqətə çatdırılıb.
Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib və əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət edilməsinin vacibliyini vurğulayıb.
Fransalı həmsədri Stefan Viskonti ilə telefon danışığı zamanı isə nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulduğu barədə qarşı tərəfi məlumatdırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını və nəticədə mülki insanların həlak olduğu və yaralandığını qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir bölgədə yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu vurğulayıb.
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti yaranmış vəziyyətdən təəssüf hissi keçirdiyini bildirmiş və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb. Tərəfləri əldə edilmiş Moskva razılaşmasının şərtlərinə riayət etməyə çağıran fransalı həmsədr, ən qısa zamanda tərəflərin siyasi dialoqa qayıtması üçün təkliflərlə çıxış edəcəklərini qeyd edib.
Nazir Ceyhun Bayramov azərbaycanlı mülki şəxslərin və obyektlərin humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra da Ermənistan tərəfindən qəsdən atəşə tutulması barədə Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoferi də məlumatdırıb. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində etdiyi hücum cəhdi, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmasını diqqətə çatdırıb. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer bölgədəki gərginliyin humanitar atəşkəsin əldə edilməsindən sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu bildirib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb.