Azərbaycanda yaşayan mill-etnik icmalar, həmişə olduğu kimi, bu dəfə də dövlətimizin ədalətli mövqeyini müdafiə edir, ordumuzun düşmən üzərində qazandığı uğurları qürur hissi ilə qarşılayırlar.
Həm Tovuz cəbhəsində, həm də son günlər baş verən erməni təxribatlarını qətiyyətlə pisləyən və ordumuza inam, dəstək ifadə edən milli-etnik, dini icmaların rəhbərləri ölkə başçısı İlham Əliyevə yenidən müraciət qəbul ediblər.
“Biz, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri təmsil etdiyimiz dini icmalar adından Zati-alinizi – Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanını Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi yönündə qazandığı zəfərlər münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və bütün həmvətənlərimizə daha böyük qələbələr arzulayırıq” - deyə müraciətdə bildirilir.
Müraciətdə, həmçinin, vurğulanır ki, Prezident İlham Əliyevin müstəqil Azərbaycanın suveren hüquqlarının ən ali beynəlxalq müstəvilərdə müdafiəsinə, ölkənin başlıca problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq istiqamətində misilsiz səylərinə, beynəlxalq hüququn aliliyinə ehtiramına hər birimiz şahidik: “Lakin Zati-alinizin doğru vurğuladığı kimi, sülhsevər Azərbaycan xalqının səbrinin də hüdudu var və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmaq əvəzinə, sülh danışıqlarının üzərindən xətt çəkərək, Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi”.
Qeyd edək ki, Prezidentə müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi icmasının rəhbəri Robert Mobili imzalayıb.
Robert Mobili: “...udilər cəbhədə düşmənə qarşı vuruşurlar”
Alban-udi icmasının rəhbəri Robert Mobili “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan burada yaşayan bütün xalqların vətənidir və hər bir xalqın nümayəndəsi erməni təcavüzünə qarşı mübarizədə ön cəbhədə dayanmağa hazırdır. R.Mobilinin sözlərinə görə, bu gün udi xalqının oğulları ön cəbhədə əlində silah düşmənlə mübarizə aparanlar sırasında dayanıblar. “Biz son aylar baş verən erməni təxribatına etirazımızı bildirmək və Azərbaycan dövlətinin siyasətini, ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarını dəstəklədiyimizi bəyan etmək üçün Prezident İlham Əliyevə iki dəfə müraciət ünvanlamışıq. Azərbaycandakı dini icmalar hər zaman Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanındadır. Biz ordumuza hərtərəfli dəstək göstəririk və dəstəyimizi hər an hiss etdiririk. Bizim kənddən təxminən 50 nəfər insan hazırda cəbhədədir, udilər sözsüz ki, cəbhədə düşmənə qarşı vuruşurlar. Burada bəzi məqamlar var ki, onları qeyd etmək istəyirəm. Hazırda müharibə iki istiqamətdə gedir - həm cəbhədə, həm də informasiya sahəsində. Bu gün Ermənistan dini faktordan istifadə edib müxtəlif çirkin təxribatlar törədir. Rusiyada bizim 7 udi mədəniyyət mərkəzimiz var. Mən bu mərkəzlərin hamısı ilə əlaqə saxlamışam. Onlara demişəm ki, erməni təxribatının qarşısını alın. Bizim udilər bir-birini yaxından tanıyır. Ermənilər sosial şəbəkələrdən istifadə etməklə udilərin adından yalan, saxta məlumatlar yayırlar ki, guya Azərbaycanda azsaylı xalqlar müharibəyə etiraz edir, udilər və başqa xalqlar müharibəyə getmək istəmirlər. Bunlar hamısı cəfəngiyyatdır, udi oğulları cəbhədədirlər. Ermənilər tərəfindən bizimlə bağlı çox ciddi provokasiyalar aparılır. Bizim Rusiyadakı mərkəzlərimiz ermənilərin bu cür təxribatlarının qarşısını almaq üçün ciddi hərəkətə keçiblər. Ermənilər, digər tərəfdən, Azərbaycanda milli münaqişə yaratmaq, azsaylı xalqlardan - ləzgilərdən, talışlardan, udilərdən və başqa xalqlardan dini faktor kimi istifadə etmək istəyirlər. Bu təxribatlar var, amma biz bunun qarşısını almaq üçün addımlar atırıq”.
R.Mobili bildirdi ki, ermənilər udilərin başına çox böyük bəlalar gətirib. 100 ildən çoxdur ki, ermənilərin udilərə qarşı həyata keçirdiyi təxribatların saysız-hesabsız olduğunu deyən icma sədrinin sözlərinə görə, ermənilər udilərin mədəniyyətini, tarixi irsini, dini məbədlərini, dini ocaqlarını - alban kilsələrini faktiki olaraq mənimsəyiblər. “Bu gün alban abidələri, alban mədəni irsi bir tərəfdən işğaldadır, erməni əsarətindədir, digər tərəfdən də böyük bir irsi, böyük bir xristian layını ermənilər mənimsəyiblər, orada özləri üçün qondarma bir “Artsax” yaradıblar. Eyni zamanda da bizə qarşı ən müxtəlif formalardan istifadə etməklə müharibə aparırlar. Udilər üçün ən böyük qələbə torpaqlarımızın işğaldan azad edilməsidir. Ən böyük arzumuz ibadətlərimizi oradakı doğma məbədlərdə, Gəncəsər (Qansazar) monastrında, kilsələrdə etməkdir. Sözümün canı odur ki, biz də vətənin müdafiəsində dayanmışıq, udi gəncləri ön cəbhədədirlər, biz hər zaman işğal olunmuş torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün hazırıq” - deyə R.Mobili bildirdi.
Zamir İsayev: “Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi, yəhudi xalqı da Azərbaycan dövlətini, Azərbaycan Ordusunu dəstəkləyir”
“Vaa L‘hatzolas Nichei Yisroel” yəhudi humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Zamir İsayev bizimlə söhbətində ölkəmizdə yaşayan yəhudilərin Azərbaycan Ordusuna ciddi dəstək verdiyini bəyan etdi. “Əlbəttə, Azərbaycanın yolu haqq yoludur. Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi, yəhidi xalqı da Azərbaycan dövlətini, Azərbaycan Ordusunu dəstəkləyir. Azərbaycan bizim vətənimizdir. Bizim icma da şəhidlər verib və Azərbaycanın bu yolu bizim yolumuzdur. Azərbaycan yəhudiləri daim çalışırlar ki, dünya ictimaiyyətinə həqiqətlərini çatdırsınlar. Biz bu istiqamətdə əlimizdən gələni edir, əməyimizi əsirgəmirik. İki gün əvvəl mən özüm dünya üzrə rusdilli yəhudi icmalarına rus dilində xüsusi müraciət yayımlamışam. Müraciətdə Azərbaycanda yaşayan azsaylı xalqların güzəranı, Azərbaycanın necə multikultural, tolerant ölkə olması, Ermənistanın bizə qarşı təcavüzü haqqında danışmışam, son günlərdə cərəyan edən erməni təxribatı haqqında məlumat vermişəm, günahkarın kim olduğunu demişəm. Bildirmişəm ki, bizim ordumuz öz torpaqlarımızda erməni terroruna qarşı vuruşur. Məsələ burasındadır ki, erməni lobbisi bütün dünyada feyk xəbərlər yaymaqla xüsusilə də rusdilli insanları öz tərəfinə yönəltməyə cəhdlər edir. Bunun qarşısının alınmasında əlimizdən gələni əsirgəmirik”.
Z.İsayev vurğuladı ki, bu istiqamətdə həm rus, həm ingilis, həm də digər dillərdə müxtəlif ölkələrdə yəhudi icmasının nümayəndələri erməni təxribatına qarşı öz işlərini görürlər.
İradə SARIYEVA