Məlum olduğu kimi, sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.
Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıb. Aparıcının “Hazırda danışıqların hansı formatları işləyə bilər? Yoxsa bütün əvvəlki razılaşmalar artıq keçmişdə qalıb? Şərti mənada desək, sizin bir neçə rayonu azad etməyinizi nəzərdə tutan Kazan formatı, bütün bu razılaşmalar silinib, yoxsa həmin formatlar üzrə hələ hərəkət etmək olar” suallarına Paşinyan belə cavab verib: “Bilirsinizmi, danışıqların formatı məsələsinə gəldikdə, biz belə təsəvvür edirik ki, danışıqlar prosesi harada başlanmışdısa elə orada davam etməlidir. Bu, ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatıdır. Konkret danışıqlara gəldikdə isə, danışıqlar üçün müvafiq şərait olmalıdır. Konkret hərbi əməliyyatlar getdiyi vaxtda danışıqlar barədə, xüsusən onların məzmunu barədə danışmaq çox çətindir”.
Çox maraqlıdır ki, daima format dəyişikliyindən danışan Paşinyan indi MQ-nin yeganə doğru müzakirə format olduğunu deyir. Bu, Paşinyanın növbəti özünüinkar faktı sayıla bilərmi?
Məlumdur ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra atdığı ilk addım Dağlıq Qarabağla bağlı aparılan danışıqların formatını dəyişməklə bağlı verdiyi bəyanatdan ibarət oldu. Daha dəqiq desək, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarını dəyişmək və prosesə qondarma rejimin nümayəndələrinin cəlb olunmasında israr edirdi. Onun bu təklifi nə Azərbaycan, nə də ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən qəbul edildi. Həmin bəyanatları səsləndirəndə bir daha aydın oldu ki, Paşinyan peşəkar deyil, diletant siyasətçidir. Çünki danışıqların formatı və onun dəyişmə mexanizmi barədə onda, səthi də olsa, bilgi olmayıb. Qeyd edək ki, danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Bu qərara əsasən, Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edirlər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. Dəfələrlə bəyan etmişik ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul ediblər. Bu, tarixi və hüquqi əsasdır. Ona görə bizim üçün danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad edilməsi olub. Münaqişə Ermənistanla Azərbaycan arasındadır. Danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır. Bizim mövqeyimiz daima belə olub. Ancaq danışıqların formatını dəyişməyə çalışan Paşinyan prosesə birtətərəfli qaydada Qarabağdakı qondarma rejimin nümayəndələrini də cəlb etmək istəyirdi.
Görünən odur ki, cəbhədəki son təxribatdan sonra ordumuz tərəfindən lazımi dərsini alan Paşinyan yenidən əvvəlki mövqeyinə qayıdıb. Görünür, cəbhədə aldığı dərs onu belə addım atmağa vadar edib. Bu bir daha Paşinyanın stabil düşüncə sahibi olmadığını təsdiq edir.
Məhəmmədəli QƏRİBLİ