Son zamanlar Ermənistanın internet resursları, sosial şəbəkələr üzərindən də ölkəmizə qarşı təxribatları intensiv xarakter alıb. Sosial şəbəkələrdə xüsusi aktivlik göstərən ermənilər ölkəmizdə təxribat yaratmağa, qarşıdurmaya səbəb olan hərəkətlərə yol verilməsinə nail olmaq üçün dəridən-qabıqdan çıxırlar.
Baki-xeber.com Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.
DTX bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.
Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.
Qurum qeyd olunanlarla əlaqədar vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır və onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında DTX-nin müvafiq telefon nömrələrinə zəng vurmalarını xahiş edir.
“Hər bir vətəndaşımız apardığımız və qələbəmizlə başa çatacaq bu müharibədə əlindən gələni etməlidir ki, ölkəmiz düşmənlə informasiya müharibəsindən də qalib çıxsın”
DTX-nin Azərbaycan ictimaiyyətini çox ciddi təhlükə ilə bağlı xəbərdar etməsinin əhəmiyyətinin böyük olduğunu deyən “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, düşmən təxribatına qarşı hər bir vətəndaşımız ayıq-sayıq olmalıdır. “Səhv etmirəmsə, son iki ay ərzində DTX bu məsələ ilə bağlı ikinci bəyanatını yayıb. Bundan əvvəl də vətəndaşlarımızın erməni təxribatına qarşı ayıq-sayıq olması ilə əlaqədar xəbərdarlıq edib. Qurumun son xəbərdarlığı da hazırkı vəziyyətdə yerinə düşür. İyulun 12-16-da Tovuz cəbhəsində baş verən erməni təxribatı dövründə də DTX əhalini xəbərdar etmişdi. Bu gün Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı, qızğın döyüşlərin getdiyi bir vaxtda edilən bu xəbərdarlığın böyük əhəmiyyəti var. Bilirsiniz ki, müharibə yalnız döyüş cəbhəsində aparılmır, digər cəbhələrdə də aparılır. Bunların isə böyüyü informasiya müharibəsidir. Cəbhədəki uğurları informasiya cəbhəsindəki uğurlarla daha da möhkəmləndirdikdə nəticə daha effektli olur.
Düşmən yatmayıb, hər an işləyir, təxribat törədir. Bizim düşmənimiz də bizə qarşı həm cəbhədə, həm də informasiya sahəsində təxribatçı, məkrli müharibə aparır. Müzəffər ordumuzun düşmənə vurduğu ağır zərbələrdən o, sarsıdıcı zərbə alıb və bu səbəbdən də istəyir ki, informasiya sahəsində bizə zərər vursun, dezinformasiyalarla, feyk-nyuslarla cəmiyyətimizdə çaşqınlıq yaratsın. Bununla da öz məğlubiyyətini ört-basdır etsin. Buna görə də DTX-nin verdiyi bəyanat vətəndaşlarımızın ayıq-sayıqlığı üçün çox vacib, əhəmiyyətli bir bəyanatdır. Yəni yalnız KİV-də işləyənlər yox, həm də bütün Azərbaycan vətəndaşları, təbii ki, ehtiyatlı olmalıdır”.
Ş.Ağayevin sözlərinə görə, bu gün yeni texnologiyalardan istifadə edərək sosial şəbəkələrdən istifadə edən istənilən Azərbaycan vətəndaşı mətbuat təmsilçisi olmasa da, yaydığı xəbərlərlə informasiya müharibəsində iştirakçıya çevrilə bilər. Ş.Ağayevin bildirdiyinə görə, bəzən müəyyən insanlar düşmənin şirnikləndirici təkliflərinə aldana bilər və onların toruna düşər. Bu səbəbdən də vətəndaşlarımızın daha çox ehtiyatlı olması vacibdir. “Fikrimcə, DTX-nin göstərdiyi kimi, hər bir vətəndaşımız çox ehtiyatlı olmalıdır, apardığımız və qələbəmizlə başa çatacaq bu müharibədə əlindən gələni etməlidir ki, ölkəmiz düşmənlə informasiya müharibəsindən də qalib çıxsın. DTX yaydığı bəyanatda, xəbərdarlıqda əlaqə telefonları göstərib. Sözsüz ki, hər bir vətəndaş belə bir halla rastlaşarsa, mütləq DTX-ya xəbər verməlidir. Ölkəmizdə təxribat törətmək istəyən qüvvələr vətəndaşlar tərəfindən ifşa olunmalıdır ki, bu halın qarşısı əvvəlcədən alınsın, düşmən təxribatı iflasa uğrasın. Vətəndaşlarımızı DTX-nin etdiyi xəbərdarlığa ciddi şəkildə əməl etməyə, ayıq-sayıq olmağa çağırıram” - deyə bildirən Ş.Ağayev hesab edir ki, nə qədər Azərbaycan dövləti öz torpaqlarının bütövlüyü uğrunda mübarizə aparır, o qədər də düşmənə həm cəbhədə, həm də informasiya sahəsində ağır zərbələr vurulacaq.
İradə SARIYEVA