Azərbaycan Respublikası Baş Prokurorluğu təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirməsinə dair məlumat yayıb.
Sözügedən məlumatda sentyabrın 27-dən başlayaraq erməni təcavüzü ilə əlaqədar bir sıra məqamlara toxunulub. O cümlədən, məlumatda qeyd edilir ki, dinc sakinlərə qarşı törədilən hərəkətlərlə bağlı cinayət işi açılıb: “Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətilə qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanır”.
Görünən odur ki, Baş Prokurorluq Ermənistanın cinayətləri barədə sənədlər toplayır. Ümumən, bizim dövlətdə Ermənistana qarşı beynəlxalq cinayət məhkəməsi təsis etdirmək təşəbbüsü var. Ümumilikdə, bu nə qədər perspektivli görsənir?
“Biz sistemli şəkildə bunun üzərinə getsək, beynəlxalq aləm məcbur olub buna şərait yaradacaq”
Məsələyə münasibət bildirən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, bu istiqamətdə görülən işlərin perspektivi var: “Ermənistanın məlum əməllərini beynəlxalq hüquq baxımından dəyərləndirmək üçün kifayət qədər maddə var. Məsələ ondadır ki, ermənilərin məlum təcavüzü nəticəsində beynəlxalq hüququn 10 prinsipi pozulub. Ərazi bütövlüyü prinsipi, beynəlxalq öhdəliklərə yanaşmaq, suverenlik, insan hüquqlarına hörmət edilməsi və digər prinsiplər pozulub. Sözügedən prinsiplər Ermənistan tərəfindən qəsdən pozulmaqla bərabər, eyni zamanda, Azərbaycanın ərazisində işğalçı ordunun əsgərləri xüsusi amansızlıqla hərbi cinayətlər törədiblər. İkinci Dünya Müharibəsindən sonra beynəlxalq aləm Nürnberq prosesinin şahidi oldu. Hesab edirəm ki, erməni hərbçilərinin də törətdikləri cinayətlərlə bağlı əlahiddə beynəlxalq hərbi tribunal təsis olunmalıdır. Haaqa, Nürnberq tribunalı kimi. Müəyyən mənada biz bu məsələdə gecikirik. Hesab edirəm ki, biz mütləq mənada bu işin üstünə getməliyik. Nə qədər çətin olsa da, ermənilərin törətdikləri hərbi cinayətlərin beynəlxalq məhkəməyə çıxarılması perspektivi var. Məmnunedici haldır ki, Baş Prokurorluq bu istiqamətdə prinsipial və təxirəsalınmaz prossesual hərəkətlər həyata keçirir. Fikrimcə, biz sistemli şəkildə bunun üzərinə getsək, beynəlxalq aləm məcbur olub buna şərait yaradacaq. Çünki ortada çoxsaylı tutarlı dəlil var. Əlləri Azərbaycan vətəndaşlarının qanına batmış ermənilər məsuliyyətə cəlb edilməlidirlər ki, bu onlara görk olsun”.
Hüquqşünasın fikrincə, biz bu istiqamətdə səylərimizi artırmalıyıq.
Vidadi ORDAHALLI