Erməni təxribatına qarşı Azərbaycan Ordusunun uğurlu əks-hücumları nəticəsində düşmən qüvvələrinin darmadağın edilməsi, bir neçə kəndimizin, yüksəkliklərimizin düşmən əsarətindən azad edilməsi, şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətlə bağlıdır.
Son günlər ölkəmizin daxilindən və xaricindən ölkə başçısına müraciətlər artıb. Ölkə başçısına və ordumuza böyük dəstək, tam qələbə qazanacağımıza ümid ifadə edilən bu müraciətlərdə insanların səmimi duyğuları yer alıb.
Ölkə daxilindən və xaricindən Prezident İlham Əliyevə ünvanlanan müraciətlərdə “Ordumuzun şücaəti, Sizin uğurlu rəhbərliyiniz bizi uğura aparır”, “Ermənistan silahlı qüvvələrinin hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatını qətiyyətlə
dəstəkləyirik”, “...Ehtiyac olarsa, qardaş ölkənin bu mübarizəsində hər zaman yanınızdayam”, “Siz ən lazımi anda əks-hücum əmri verməklə bir daha necə böyük bir lider olduğunuzu bütün xalqımıza göstərdiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir və hər zaman arxanızdadır” kimi dəstək, ümid ifadə edən fikirlər yer alıb.
Ölkə başçısına bu müraciətlərin daha da intensivləşməsi, çoxalması nə ilə bağlıdır?
“...bütün soydaşlarımız bu işdə ölkə başçısının yanındadır, bu istiqamətdə öz güclərini səfərbər ediblər”
“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət dövlət və xalq birliyinin möhkəmlənməsinə, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsinə xidmət etdiyi üçün, ölkə başçısına ümid, inam, dəstək dolu müraciətlərin sayı günü-gündən çoxalır. Bu gün həm Azərbaycan vətəndaşlarının, həm də xaricdə yaşayan soydaşlarımızın ölkə başçısına ciddi dəstək verməsi Prezidentə həm ölkə daxilində, həm də xaricdəki azərbaycanlıların böyük inamının təzahürüdür. D.Osmanlı vurğuladı ki, bütün dünya azərbaycanlıları, Azərbaycan vətəndaşları, bütövlükdə, Türk dünyası Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bizi qələbəyə qovuşduracağına böyük inam bəsləyir. “Burada əsas rol oynayan məsələ dövlət və xalq birliyidir. Ölkə başçısına ünvanlanan müraciətlərin son günlər daha da artmasının əsas səbəbi Prezident İlham Əliyevin dinamik şəkildə ölkədə bütün vətəndaşların birliyinə, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə, xalqımızın inkişafına yönəlik həyata keçirdiyi siyasətdir. Bu siyasəti də dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar, türk insanı dəstəkləməlidir və dəstəkləyir də. Prezidentə dəstək, qələbəyə ümid ifadə edən müraciətlərdən də açıq görürük ki, bütün vətəndaşlarımız, soydaşlarımız bu işdə ölkə başçısının yanındadır, bu istiqamətdə öz güclərini səfərbər ediblər”.
D.Osmanlının sözlərinə görə, bu gün ölkə daxilindən və xaricindən Prezidentə edilən müraciətlərin hamısında işğalçı, terrorçu Ermənistan ordusunun Prezidentin iradəsi, ordumuzun gücü, əzmilə torpaqlarımızdan birdəfəlik çıxıb gedəcəyinə inam ifadə edilir. “Dünyanın müxtəlif ölkələrindən Prezidentə edilən müraciətlər təsadüfi deyil. Çünki Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dünya azərbaycanlılarının birləşməsini, həmrəyliyini gerçəkləşdirib. Ona görə də düşünürəm ki, təkcə azərbaycanlılar deyil, bütün Türk dünyasının insanları Azərbaycanın bu haqq işinə ciddi dəstəyini davam etdirməli və dövlətimizin ədalətli mövqeyini hər yerdə ifadə etməli, torpaqlarımızın Ermənistanın təcavüzünə məruz qaldığını, işğalçı dövlətin silahlı dəstələrinin yaşayış məntəqələrimizi atəşə tutduğunu, dinc əhalini amansızlıqla qətlə yetirdiyini yaşadıqları ölkələrin KİV-ində, iştirak etdikləri tədbirlərdə səsləndirməlidirlər. O da bildirilməlidir ki, Azərbaycan dövlətinin Türk dünyasının, o cümlədən də dünya azərbaycanlılarının birliyi, həmrəyliyi, dəstəyi sayəsində öz tarixi torpaqlarını işğaldan azad etməyə çox böyük haqqı var və buna da nail olacaq” - deyə D.Osmanlı qeyd etdi.
İradə SARIYEVA