Azərbaycan və Ermənistan arasında gedən hərbi əməliyyatlar fonunda qonşu ölkənin milli valyutası - dram ucuzlaşmağa başlayıb. Bu barədə erməni mətbuatında məlumat verilir.
Məlumata görə, hazırda Ermənistanda 1 ABŞ dolları 481,66 drama bərabərdir ki, bu da ötən günlə müqayisədə 0,39 dram çoxdur. Dram digər xarici valyutalar qarşısında da dəyər itirib. Belə ki, Ermənistanda avronun məzənnəsi 0,5 dram artaraq 565,55 drama, ingilis funt sterlinqinin məzənnəsi isə 6,76 dram artaraq 624,12 drama çatıb.
Əvəzində qonşu ölkədə Rusiya rublu bir qədər ucuzlaşıb. Rublun məzənnəsi 0,12 dram azalaraq 6,16 drama düşüb.
Ancaq Azərbaycan milli valyutasının məzənnəsi isə bir sıra xarici valyutalar qarşısında bahalaşıb. Mərkəzi Bankın rəsmi valyuta məzənnələrinə əsasən, avronun məzənnəsi 0,31% geriləyərək 1,9775 manat, Rusiya rublunun məzənnəsi isə 1,81% azalaraq 0,0217 manat təşkil edib. Türk lirəsi isə 0,72% ucuzlaşaraq 0,2217 manata düşüb.
Döyüş şəraitində Ermənistan valyutasının məzənnəsinin dəyər itirməsi, manatın isə bahalaşması ölkənin iqtisadi gücündən xəbər verir.
“Son günlər cəbhə bölgəsində Azərbaycan Ordusu tərəfindən düşmən ölkəyə sarsıdıcı zərbə endirilməsi də dramın dəyər itirməsinə səbəb olur”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, Ermənistan iqtisadiyyatının dayağı Rusiyadadır. Ancaq son günlər Rusiya iqtisadiyyatında baş verən proseslər məlum ölkəyə təsir edir: “Məlumat üçün qeyd edim ki, son günlər Rusiya rublunun da dəyərdən düşməsinin şahidi oluruq. Rusiya rublunun dəyərdən düşməsi Ermənistan valyutasına təsir edib. Danılmaz faktdır ki, Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Həmçinin, son günlər cəbhə bölgəsində Azərbaycan Ordusu tərəfindən düşmən ölkəyə sarsıdıcı zərbə endirilməsi də dramın dəyər itirməsinə səbəb olur. Azərbaycan manatının məzənnəsi sabit rejimdədir. Manat dollar qarşısında bahalaşıb”.
Günel CƏLİLOVA