24/10/2020 19:18
728 x 90

Ermənistan İsraildə rəsmən səfirlik açdı – Azərbaycan-İsrail münasibətlərini nə gözləyir…

Elman Nəsirov: “Ermənistanın bu addımı, heç bir halda, yüksək səviyyəli Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir etməyəcək”

img

Ermənistanın Təl-Əvivdə səfirliyi rəsmən açılıb. Belə ki, İsrailin Roş-Haşana bayramı ərəfəsində paytaxt Təl-Əvivdə işğalçı Ermənistanın səfirliyinin rəsmi açılışı olub. Məlumata görə, səfirlik “Beyt-Tekstil” binasında yerləşir.

Mərasimə İsrail Xarici İşlər Nazirliyinin "Avrasiya-2" departamentinin müdiri İzhak Karmel-Kaqan da qatılıb.

Mərasimdə çıxış edən səfir Armen Smbatyan səfirliyin yəhudi təqviminə görə yeni il ərəfəsində işə başlamasında xüsusi bir simvolizm olduğunu qeyd edib. Öz növbəsində, İzhak Karmel-Kaqan İsrail dövləti adından Ermənistanın diplomatik nümayəndəliyinin açılmasını alqışlayıb və ölkələr arasındakı münasibətlərin inkişafının vacib bir proses olduğunu, bunun açıq və konstruktiv dialoqun ortaya çıxacağı təqdirdə gələcəkdə istənilən səviyyəli problemlərin həllinə imkan verəcəyini vurğulayıb.

Təbii ki, Ermənistanın İsraildə səfirlik açması Azərbaycanın maraqlarına uyğun deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanın İsraildə hələ səfirliyi yoxdur. İşğalçı Ermənistan bundan öz mənfur məqsədləri üçün istifadə etməyə çalışacaq.

Göründüyü kimi, artıq Ermənistan İsraildə səfirliyini açdı. O zaman, Azərbaycan-İsrail münasibətlərini nə gözləyir ?

  • “Bu addım, nəticə etibarilə, Ermənistan-İran münasibətlərinə çox mənfi təsir göstərəcək”

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, Ermənistanın Təl-Əvivdə səfirlik açması yüksək səviyyəli Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir edə bilməyəcək: “Əvvəla Ermənistanın İsraildə səfirlik açmaq prosesi çox ləng gedirdi. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri vardı. İlk növbədə, bu onunla bağlı idi ki, bu addıma ermənilərin özünün birmənalı yanaşması yox idi. Ermənistanın özündə bu ideyanın əleyhdarları var idi. Onlar bunu onunla əsaslandırırdılar ki, bu addım, nəticə etibarilə, Ermənistan-İran münasibətlərinə çox mənfi təsir göstərəcək. Ancaq bütün bunlara baxmayaraq, İsraildə səfirlik açmaq istəyənlər üstünlük təşkil etdilər. Belə bir addımın atılması, heç şübhəsiz ki, İran-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək. Ancaq Ermənistanın bu addımı, heç bir halda, yüksək səviyyəli Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir etməyəcək. Azərbaycanla İsrail arasında təhlükəsizlik məsələlərində, bu ölkənin neftlə təminatında çox ciddi əlaqələr formalaşıb. Eyni zamanda, Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələlərində çox yüksək inkişaf səviyyəsi mövcuddur. Azərbaycan İsraildən ən müasir silahların alıcısı kimi çıxış edir. Ona görə də Ermənistanın səfirlik açması, heç bir halda, Azərbaycanın İsraillə bu sahədə əməkdaşlığına mane ola bilməyəcək”.

Millət vəkilinin fikrincə, Ermənistanın İranla münasibətləri pisləşəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər