22/10/2020 14:26
728 x 90

Radikal müxalifətin Tofiq Yaqubludan sonrakı yanlış tezisləri - “onu biz azad etdik, digər məhbuslar da...”

img

Məlum olduğu kimi, Bakı Apelyasiya Məhkəməsində Müsavat partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, T.Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir. Hüquqi dövlətdə əsas prinsip qanunun aliliyidir. Tofiq Yaqublunun həbsi konkret olaraq bir insidentlə bağlıdır. T.Yaqublu, müxalifətin sosial şəbəkələrdə yaydığı kimi təzyiq nəticəsində azad edilmədi, onun sağlıq durumunu nəzərə alan məhkəmə humanistlik nümayiş etdirərək qərar verdi.

Göründüyü kimi, dövlət öz üzərinə düşən vəzifəni qanunlar və humanizm prinsiplərinə uyğun olaraq yerinə yetirir. Radikallar isə T.Yaqublunun düşdüyü ağır durumdan öz  niyyətləri üçün istifadə edir, ondan faydalanmağa çalışır, onu alətə çevirir. Bir sözlə, radikal müxalifət düşdüyü siyasi komadan T.Yaqublu “faktoru” ilə manipuliyasiya etməyə çalışır. Hətta  həmin düşərgədən belə fikirlər səslənir ki, digər problemli, onların “siyasi məhbus” saydığı şəxsləri də bu şəkildə pressinqlə həbsdən azad etmək mümkündür. Tofiq Yaqublu ilə bağlı qəbul edilən humanist qərardan həmin düşərgə pis presedent olaraq istifadə edə bilərmi?

  •  “Radikalların seçmək istədiyi bu taktika çox yanlışdır və xoş olmayan nəticələrə gətirib çıxarar”

Hüquqşunas Mehman Muradlı qəzetimizə bildirdi ki, bu məsələdə radikalların davranışı təəccüb doğurur: “Söhbət  məhkəmənin hökmü ilə cəzaya məhkum edilmiş şəxsin barəsində humanizm  prinsiplərini əsas tutaraq qəbul edilən yumşaq qərar  və ona verilən reaksiyadan gedir. Tofiq Yaqublunu hansısa təzyiqə görə azad etməyiblər. Onun sağlıq vəziyyəti və bir çox tanınmış şəxslərin müraciətini əsas götürərək, barəsindəki cəza daha yüngülü ilə əvəzlənib. Ancaq radikal dairələr bunu qələbələri kimi qeyd edir. Sırf hüquqi proseduru bu şəkildə siyasiləşdirmək lazım deyil. Əslində, həmin adamlar belə qərarın qəbul edilməsilə bağlı məhkəməyə, müraciət edən ziyalılara təşəkkürlərini bildirməliydilər. Bəli, mən də fikir verirəm ki, lazımsız çağırışlar edilir. Həmin düşərgə həbsdə olan digər üzvlərinin də bu qayda ilə azadlığa çıxarılmasını təklif edir. Bu yanlış yoldur. Əvvəla, Tofiq Yaqublunun məhkum olunduğu maddələr elə də ağır deyildi. İkincisi, onunla bağlı bir sıra yüngülləşdirici hallar nəzərə alındı. Yenə də bu məsələdə son qərarı məhkəmə verdi. Burada istəklər rol oynamır. Radikalların seçmək istədiyi bu taktika çox yanlışdır və xoş olmayan nəticələrə gətirib çıxarar. Aclıq aksiyası keçirməklə cəzadan azad olmaq mümkün olsaydı, Azərbaycan həbsxanalarında məhkum qalmazdı”.

Ölkədə hüququn aliliyi qorunmalıdır, bundan kimlərinsə siyasi məqsədlər üçün istifadə etməsi yolverilməzdir.

Məhəmmədəli QƏRİBLİ

 

Son xəbərlər