19/09/2020 06:03
728 x 90

Avroparlamentin məşhur antiazərbaycançı deputatı Frank Şvabe Azərbaycana qarşı “zəhərli dişini” yenə göstərdi...

Məhərrəm Zülfüqarlı: “Davamlı olaraq bu məsələnin gündəmdə saxlanması müəyyən siyasi məqsədlərlə bağlıdır”

img

Avropa qurumlarında bəlli dairələrin Azərbaycana yönəlik qarayaxma kampaniyası davam edir. AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar qrupunun sədri, Almaniya parlamentinin deputatı Frank Şvabe bəyan edib ki, Avropa Parlamenti Azərbaycanda saxlananların işgəncələrə məruz qalması barədə məlumatlardan narahatdır:

“Azərbaycandakı həbs və işgəncə xəbərlərindən çox narahatıq. Bu proses beynəlxalq səviyyədə araşdırılmalıdır. Məsul şəxslər cavab verməlidirlər. Fuad Qəhrəmanlının vəziyyəti haqda ciddi narahatlıq var. Azərbaycan onun sağlıq vəziyyəti ilə bağlı tam şəffaf olmalıdır”.

Qeyd edək ki, Fuad Qəhrəmanlı Bakıda keçirilmiş nümayişlə əlaqədar iyulun 23-də saxlanıb. Bir qrup aksiya iştirakçısı Azərbaycan parlamentinə daxil olub və onlar qanunazidd əməllər törədiblər. Həmin hadisələrlə bağlı Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb. F.Qəhrəmanlı saxlandıqdan sonra radikallar onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıblar. Guya o, amansız işgəncələrə məruz qalır və s. Ancaq avqustun 3-də ombudsman Səbinə Əliyeva istintaq təcridxanasında F.Qəhrəmanlıya baş çəkdikdən sonra bu məlumatları təkzib edib.

Görünən odur ki, müəyyən xarici dairələr davamlı olaraq baş verən məlum hadisələri gündəmdə saxlamaqla ondan Azərbaycana qarşı istifadə etməkdə qərarlıdırlar. Hansı ki, deyilənlərin heç bir əsası yoxdur. Məlum hadisə ilə bağlı saxlananlar siyasi mənsubiyyətinə görə yox, konkret qanun pozuntularına yol verdiklərinə görə saxlanıb. Onlara da hansısa təzyiq göstərilmir, işgəncə verilmir.

  • ...müəyyən xarici dairələr süni ajiotaj yaratmaq istəyirlər”

Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, davamlı olaraq bu məsələnin gündəmdə saxlanması müəyyən siyasi məqsədlərlə bağlıdır: “Məsələn, kommunist ideologiyası belə bir tezis irəli sürürdü ki, harda fəhlə sinfi var, onun hüquqlarını müdafiə etməliyik. Bu ad altında müəyyən ölkələrdə hakimiyyəti dəyişirdilər, sonra belə görüntü yaradırdılar ki, guya xalq və oradakı fəhlə sinfi onları dəvət edib. O dövrdəki kommunist rejiminin istinad etdiyi məsələ belə idi. Qərb ölkələrinin istinad etdiyi tezis isə insan haqları ilə bağlıdır. Bəyan ediblər ki, insan haqları heç bir ölkənin daxili işi deyil. Harada insan haqları pozulsa, biz ona qarışmalıyıq. Çünki bizim məqsədimiz insan haqlarını dünyada müdafiə etməkdir. Ona görə də bütün bunlar medalın iki üzüdür. Yəni Qərb insan haqlarını bəhanə edib bəzi ölkələrə təzyiq göstərir. 90-cı illərdə NATO Serbiyanı bombaladı. Azərbaycan da həmən siyasətin təsiri altındadır. Qərb Azərbaycandan nəyisə almaq istəyəndə onlar bu cür hallardan istifadə edirlər. Guya bizdə insan haqları pozulur, saxlananlara işgəncə verilir, ölkədə siyasi məhbuslar var və s. Əslində, bu deyilənlərin heç bir əsası yoxdur, sadəcə müəyyən xarici dairələr süni ajiotaj yaratmaq istəyirlər. Hansısa ölkədə onların dediyi siyasət yeridilirsə və orada insan haqları pozulursa, ona fikir vermirlər. O üzdən, sözügedən məsələ bir təzyiq vasitəsidir ki, Qərb ölkələri ondan istifadə edirlər. Azərbaycan da güclü dövlət olduğuna görə hər zaman bu təzyiqlərə cavab verib. Sözügedən təzyiqlərə cavab verməsək, onda marionet bir rejim olarıq. Necə ki, Rusiya onun marionet rejimlərinin olmasını istəyir, Qərb ölkələri də bunu istəyirlər. Azərbaycan isə müstəqil siyasət yeritdiyinə görə bunların heç biri ilə razılaşmır. Ortaya dövlət siyasəti qoyduğuna görə bizə nə Rusiya, nə də Qərb təzyiq edə bilir. Bax, məsələnin kökündə dayanan budur”.

Ekspertin fikrincə, Azərbaycan müstəqil siyasət yeritdiyi üçün ölkəmizə yönəlik bu cür əsassız fikirlər bundan sonra da ortaya atılacaq. Ona görə də bütün bunlara əhəmiyyət vermək lazım deyil.

Vidadi ORDAHALLI

Son xəbərlər