Dünya miqyasında verilən reaksiyalar beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan sərhədində məlum toqquşmadan ciddi narahat olduğunu üzə çıxarır. Eyni zamanda o da görülür ki, Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həll ehtimalı Ermənistan üzündən getdikcə dalana dirənir. Bu isə məsələnin hərbi həll ehtimalını xeyli artırır.
BMT-nin baş katibi Antonio Quterreş isə bu fonda bəyan edir ki, iki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar. Buna rəğmən, rusiyalı hərbi ekspert Pavel Felqenhauer artıq belə bir tioqquşmanı qaçılmaz sayır. Hərbi ekspertin sözlərinə görə, eskalasiya ehtimalı var:“Əgər məsələ siyasi yolla həll olunmursa, gec-tez konflikt partlayacaq”. Elə Rusiyanın məhşur “Kommersant” qəzeti də yazır ki, sərhəd toqquşması ilə artıq tərəflər arasında danışıqların davam etdirilməsinin lüzumsuzluğu ortaya çıxıb. Qəzet bu xüsusda yazır ki, ötən həftə Ermənistan-Azərbaycan sərhədində artıq “dördgünlük müharibə” adlandırılan son bir neçə ilin ən böyük silahlı toqquşması baş verib. “Kommersant” məhz bu fonda qeyd edir ki, baş verənlər tərəflərin qarşılıqlı inamına ağır zərbə vurub və Qarabağ münaqişəsinin nizamlanması prosesini geriyə atıb:“Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonları arasındakı sərhəddə döyüşlər 12-16 iyul tarixlərində davam edib. İndi atəş səsləri eşidilmir və bu, mövcud kəskinləşmənin bitdiyinə ümid etməyə imkan verir. Ancaq vəziyyəti “sakit” adlandırmaq olmaz. Artıq Azərbaycan tərəfdən zərər çəkmiş kəndlərə vurulan ziyan hesablanır və partlamamış mərmilərə görə əraziyə minaaxtaranlar cəlb olunub. Çağırışla gəlmiş ANAMA əməkdaşları “Kommersant” müxbirinə işlərini izləməyə icazə veriblər. Doğrudur, mütəxəssislər mərminin partladığına əmin olana qədər həyətdə təxminən yarım saat gözləməli olduq. “Qəlpələri axtaracağıq, amma bəlkə də onları tapa bilməyəcəyik, çox uzağa səpələniblər”, – deyə əlində sarı rəngli metal detektoru tutan bir ANAMA əməkdaşı izah edib. Dondar Quşçu sərhəddən səkkiz kilometr məsafədə, Tovuz rayonunda digər zərər görmüş kəndlərdən daha uzaqda yerləşsə də, ən çox dağıntı məhz burada olub: 12 ev dağılıb, ikisi tamamilə. Hərbçilər, həmçinin hədəf məsafəsi 15 km-ə çatan “D-30” toplarından atəş açıldığını müəyyən ediblər. “Kommersant” müxbirinin görüşdüyü yerli sakinlərin sözlərinə görə, 1994-cü ildən bəri belə hücumlar baş verməyib. “Əvvəllər də atışmalar olub, amma mərmilər sərhəddəki tarlalara düşüb, – yaşlı qadın Həcər Şəmşəddinli deyir – Bir gün əvvəl bura Suriya kimi idi”.
Ağdam kəndində, gərginlik zamanı ölən yeganə mülki şəxsin – 76 yaşlı Əziz Əzizovun evində də “Kommersant”ın müxbirinə eyni şeyi deyiblər. “O, Qarabağ müharibəsi veteranı və sağlam bir insan idi. Partlayış olmasaydı, 90 yaşına qədər yaşaya bilərdi”. Bunu mərhumun qızı və qardaşı qızı deyib. Mərhum Əzizovun yaşadığı Ağdam kəndi Azərbaycan səngərləri ilə əhatələnib, lakin “Kommersant”ın müxbirinə küçəyə çıxıb heç olmasa uzaqdan ora baxmağa icazə verilməyib. Nəticədə, “Kommersant” müxbiri qonşu Qazax rayonunda Azərbaycan-Ermənistan sərhədinin necə olduğunu görə bilib. Bu, Ermənistanla Azərbaycan arasındakı sərhədin ordu deyil, sərhəd qoşunlarının qoruduğu yeganə hissəsidir. Son gərginlik zamanı orada atışma baş verməyib, lakin polkovnik Müzəffər Pərizadənin sözlərinə görə, bu il insidentlər baş verib və ərazidə həlak olanlar da var.
Həqiqətən, yaxınlığında sarımtıl bir dağın olduğu “Qızıl qaya” məntəqəsi kiçikdir, lakin yaxşı təchiz olunub. Oradakı səngərlər daşla hörülüb, böyüdücü kameraları var. “Kommersant”ın müxbiri periskop vasitəsilə erməni mövqelərini görməyə çalışıb, lakin qayalı zirvələrindən başqa heç nə ayırd edə bilməyib. Münaqişənin indiki gərginləşməsinə nəyin səbəb olduğu hələ məlum deyil. İrəvanda deyirlər: Azərbaycan ordusunun əsgərləri “UAZ” avtomobili ilə erməni postuna tərəf hərəkət edib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı isə “UAZ”la bağlı məsələnin ermənilər tərəfindən təxribat məqsədi ilə nümayiş olunduğunu bildirib. O deyib:“Bu versiyanı tamamilə istisna edirik”.
Necə olursa-olsun, ancaq 2018-ci ildə Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən sonra qurulmuş rabitə mexanizmi, yumşaq desək, ideal işləmir. Vaqif Dərgahlının sözlərinə görə, bu əlaqə hərbçilər tərəfindən deyil, başqa bir idarə tərəfindən həyata keçirilir. O bildirib ki, Ermənistandakı “Metsamor” AES-ə raket zərbəsi endirilməsi ehtimalı ilə bağlı sensasiyalı açıqlaması heç bir səhv deyil:“Erməni tərəfi müdafiə naziri, müdafiə nazirinin müavini və digər hökumət rəsmiləri səviyyəsində Mingəçevir SES-ə atəş açacaqlarını bildiriblər. SES təpənin üstündə yerləşir və Metsamora zərbədən daha az fəlakətli ola bilər”. “Kommersant”ın həm Bakı, həm də İrəvandakı həmsöhbətləri etiraf edirlər ki, 12-16 iyul döyüşləri son vaxtlar əldə olunan diplomatik uğurların çoxunu sıradan çıxarıb. Deməli, tərəflərin humanitar mübadilə vasitəsilə gücləndirdiyi etimad, erməni diplomatların rəyincə, bu andan etibarən bərpa olunmalı olacaq. Bakıda “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə də, öz növbəsində, əmindir: Ermənistan-Azərbaycan danışıqları hər hansı bir əsasdan məhrumdur, buna görə də, humanitar tədbirlər nəticə verməyib:“Son illərdə gördüklərimiz qəzalı binada kosmetik təmir kimi bir şey idi. Səmərəli danışıqlar üçün hər bir tərəfin qəbul edəcəyi ortaq prinsiplər hazırlamalıyıq. Burada moderatorların və vasitəçilərin rolu çox vacib olacaq”. Bunlarla yanaşı, qəzet yazır ki, məsələnin cülh yolu ilə çözümünə etimad sürətlə sarsılır. Bu şəraitdə o da istisna deyil ki, artıq problemin hərb müstəvisində çözümünə intensiv hazırlıq gedir. Bu da o deməkdir ki, yaxın tezlikdə Azərbaycan və Ermənistan arasında yenidən silahlar işə düşə bilər.
Tahir TAĞIYEV