Məlum sərhəd təxribatından sonra Ermənistan Rusiyadan gözlədiyi dəstəyi ala bilmədi. Elə bu da Ermənistanda olduqca böyük narahatlıq yaradıb. Düşmən ölkədə hesab edilir ki, Rusiyanın Ermənistanı yalnız qoyması Azərbaycan, eləcə də Türkiyənin İrəvanı daha asanlıqla əzməsinə gətirib çıxaracaq.
Ermənistanın “İravnuk” qəzeti yazır ki, Moskva sərhəddə baş verənlərə indi daha çox neytral münasibət sərgiləməyə çalışır:“Ermənistan və Azərbaycanla birbaşa münasibətlər fərqlidir. Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf etdiyi halda, İrəvan-Mockva əlaqələrində gərginlik yüksəlir. Müxtəlif istiqamətlərdə Rusiya Ermənistana qarşı daha qəzəbli davranır”. Belə bir durumda Rusiya mediasında Ermənistanın mövcud hakimiyyətinin əməllərini ifşa edən yazıların peyda olması isə İrəvanda daha böyük qıcıqla qarşılanır. Xüsusən də Rusiyanın “The Moscow Post” qəzetində Ermənistan baş naziri Nikol Paşinyanın gizli silah alveri və bu ticarətin İrəvan-Moskva münasibətlərini necə gərginləşdirdiyinə dair yeni araşdırma indi İrəvanda rəsmi dairələrdə belə əsas müzakirə mövzularından birini təşkil edir. Qəzet yazır ki, son günlər Ermənistanla Azərbaycan arasında qızışan döyüşlər bu məsələni kölgədə qoysa da, gərginlik qalmaqda davam edir:“İnqilabçı baş nazir Nikol Paşinyanın “qayığı” korrupsiya, koronavirus pandemiyası ilə səmərəsiz mübarizə, həmçinin xroniki büdcə çatışmazlığı ilə bağlı ittihamların təzyiqi altında yırğalanır. Hökumət siyasi rəqiblərini zərərsizləşdirmək, müxalifəti qorxutmaq üçün güc strukturlarından istifadə edir.Baş nazirə qarşı isə korrupsiya ittihamları kampaniyasında əsas fiqur keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyandır.
Videomüraciətlərində Minasyan Paşinyanı, ailə üzvlərini və yaxın ətrafını Ermənistan iqtisadiyyatının yüksək gəlirli sahələrində korrupsiya sxemləri həyata keçirməkdə ittiham edir. Bununla yanaşı, söhbət həm də, cinayətkar fəaliyyətlərdən gedir. Məsələn, tütün məhsullarının qaçaqmalçılığı və silah ticarəti. Sonuncu ittiham, yəni silahların təkrar satışında dələduzluq Ermənistanın əsas hərbi-siyasi müttəfiqi olan Rusiyanın maraqlarına birbaşa toxunur. Rusiya ilə Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq bir çox səbəbə görə spesifikdir. Ermənistan çox məhdud imkanlara və sərmayələrə malik kiçik bir ölkədir. Demək olar ki, bütün qonşuları ilə münaqişə və ya münaqişə təhlükəsi yaşayır. Bu şəraitdə Rusiya ilə ittifaq Ermənistan üçün xüsusi əhəmiyyətə malik olmalıdır.
Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir. Ermənistan Silahlı Qüvvələrinin korpuslarından biri birləşmiş Rusiya-Ermənistan hərbi qruplaşmasının tərkibindədir. Artıq uzun illərdir ki, Rusiya silahlarının Ermənistana tədarükü rusiyadaxili qiymətlərlə (ixrac qiymətləri ilə deyil) və Rusiyanın verdiyi kredit əsasında, demək olar ki, pulsuz həyata keçirilir. 2018-ci ilin mayında Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya ilə münasibətlərdə qeyri-müəyyənlik dövrü başladı. Tərəflər arasında gündəmdə həllini gözləyən məsələlərin sayı Ağrıdağın başındakı qar örtüyü kimi böyüyür. Cənubi Qafqaz Dəmir Yolu (tamamən Rusiya sərmayəsi olan) ilə bağlı cinayət təqibi, Ermənistan istehlakçıları üçün “Qazprom”dan güzəştli qiymət tələbi, Kreml üçün həssas məsələ olan keçmiş prezident Robert Köçəryanın həbsi – bütün bunlar problem aysberqinin yalnız görünən hissəsidir. Əgər inqilabçı hökumətin bu meylləri daxili səbəblərin ayağına yazılsa, hərbi-texniki əməkdaşlıq sahəsindəki fırıldaqlar uzunmüddətli nəticələrə səbəb ola bilər.
Hər şey Minasyanın növbəti videomüraciəti ilə başladı. Müraciətdə Ermənistan hökumətinin cəlb olunduğu qanunsuz beynəlxalq silah ticarətindən bəhs olunurdu. Ermənistandakı daxili proseslərdən kifayət qədər məlumatlı olan Minasyan bu biznesdə David Qalstyanın roluna diqqət çəkir. Minasyanın sözlərinə görə, Qalstyan məlum əməliyyatların aparılması ilə bağlı səlahiyyəti şəxsən Paşinyandan alıb. “Royalsys Engineering” şirkətinin sahibi David Qalstyanın adı münaqişə zonalarında silahların qanunsuz daşınması və satışı ilə bağlı yayılan xəbərlərdə çoxdan yer alıb. Lakin biznesmenin qaranlıq keçmişi demokrat Paşinyanın onunla bir neçə dəfə görüşməsinə və onun biznesinin Ermənistanda inkişafını müzakirə etməsinə mane olmadı. Beləliklə, Rusiya tərəfindən verilən endirimlərdən istifadə edən Qalstyan yeni hakimiyyətin himayəsi altında hərbi məhsulları üçüncü tərəfə satır. Rusiya Ermənistana silahları daxili qiymətlərlə verdiyi üçün endirim qiyməti ilə dünya qiymətləri arasındakı fərq 15-40 faizə çatır. Son bir neçə ildə Rusiyanın Ermənistana 300 milyon dollarlıq silah kreditləri verdiyini nəzərə alsaq, deməli, bu endirimə görə Rusiya büdcəsinə 60-90 milyon dollar az vəsait daxil olub. Baş nazirin büdcədənkənar iş sxemlərinə olan ehtirası onunla nəticələndi ki, 2019-cu ildə fırıldaqçı David Qalstyan Rusiyada 10 illiyinə persona non-qrata elan edildi. Üstəlik, Ermənistan elitasının silahlarla bağlı məlum əməliyyatı mətbuata sızdı. Ermənistan Hesablama Palatasının 2019-cu il üçün rəsmi hesabatına görə, ölkədə qeydiyyata alınan 28 təyyarədən 10-u hava yüklərinin daşınmasını həyata keçirmək üçün Cənubi Sudan və Çadda olub. Daimi qarşıdurma şəraitidə olan bu Afrika ölkələrinə erməni təyyarələrinin ərik və şaftalı daşımadığı aydındır. Elə həmin il daha bir erməni aviaşirkəti – “Mars Avia” da Moqadişi hava limanına təcili eniş edib. Çox güman ki, söhbət, məhz belə “sürprizlər”in adı altında tez-tez həyata keçirilən silah və ya döyüş sursatı satışından gedib.
Rusiyadan qovulan Qalstyan bu yaxınlarda Ermənistan hökuməti tərəfindən açılan “Kalaşnikov” avtomatları istehsalı edən ortaq bir zavodun təqdimat mərasimində Paşinyanın yanında peyda oldu. Bütün bunlar kompleks şəkildə yalnız bir şeyi göstərə bilər – Paşinyan mövcud sxemə nəzarəti ələ alıb və indi rus müttəfiqi qarşısında öz “cek-potunu” qanuniləşdirməyə çalışır. Ermənistanın yeni hökumətinin həm tərəfdaşı, həm də müştərini düzgün seçmək məsələsində yetkin olmadığını nəzərə alsaq, bu, Rusiya silahlarının planetin müxtəlif yerlərində Kremlin maraqlarına qarşı çıxanların əlinə keçməsi təhlükəsi deməkdir. Hərbi-texniki əməkdaşlıq sahəsində özfəaliyyətə və tərəfdaşların sərbəst seçilməsinə yer yoxdur. Belə tərəfdaşı olanın təminatı da yoxdur. Məsələn, problemli Yaxın Şərqdə “. Elə bütün bunlar da Rusiyanı qəzəbləndirən və onun Paşinyan iqtidarına qarşı daha sərt olan siyasət yürütməsinə rəvac verir və İrəvanı da qorxudan bütün bunların Ermənistanın Azərbaycanla münasibətlərinin gərginləşdiyi dövrə təsadüf etməsidir. Bu durumda Rusiyanın Ermənistana təzyiqləri daha da artırması gözləniləndir.
Nahid SALAYEV