Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı Rusiyanın məşhur siyasətçiləri, politoloqları və deputatları açıqlamalar verib.
Millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib ki, Ermənistan qəsdən bu təxribatı edib: “Biz KTMT-yə üzv olan ölkələrin, o cümlədən Rusiyanın Ermənistanın qəsdən bu təxribata əl atmasını anlamasını müşahidə edirik. Hər şeydə İrəvan günahkardır!”.
Məşhur rusiyalı tarixçi, professor Oleq Kuznetsov deyib ki, ermənilər Azərbaycan sərhədində bu təxribatı törətdiklərinə görə peşman olacaqlar:“Mənim simpatiyam Azərbaycanın, onun xalqının və Silahlı Qüvvələrinin tərəfindədir. İnanıram ki, Bakı minimum itkilərlə və tez bir zamanda qələbə qazanacaq”.
PolitRUS portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov isə deyib ki, Ermənistan yeni hərbi münaqişə yaratdı:“KTMT və digər ölkələr Azərbaycanla konstruktiv münasibətlər qurmağa davam edəcək. Paşinyanın hərbi-siyasi avantürasına dəstək olmayacaq”.
Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Aleksey Fenenko isə belə deyib: “Azərbaycan-Ermənistan sərhədində eskalasiya İrəvanın Rusiyanı qıcıqlandırmaq üçün addığı addımdır”.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun fikrincə, bütün izlər İrəvanı göstərir: “Ermənilər deyir gərginliyi Bakı yaradıb, amma bütün izlər İrəvana aparır”.
Hərbi ekspert, Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, bunu Ermənistan daxilində artan disbalansda axtarmaq lazımdır: “Azərbaycan və Ermənistan arasında gərginliyin mənbəyini Ermənistan iqtisadiyyatında və Ermənistanın daxilində, hakimiyyət orqanlarının artmaqda olan disbalansında axtarmaq lazımdır”.
Ən maraqlısı odur ki, Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri üzrə komitənin sədr müavini və qatı ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulin Tovuz döyüşlərinin baş verməsinə görə Ermənistanı ittiham edib:“Bu hərbi təcavüzün kökünü İrəvanda axtarmaq lazımdır. Ermənistan hakimiyyətinin daxili siyasətdə çoxlu səhvlərə yol verdiyini, ölkə daxilində gərgin vəziyyət yaratdığını və indi nə edəcəyini bilmədiyini müşahidə edirik”.
Göründüyü kimi, hətta Zatulin belə Ermənistanı qamçılayır. Maraqlıdır, nə baş verir və bütün bunları ekspertlər necə dəyərləndirir?
“Zatulinin həqiqətləri dilə gətirməsi Rusiya hakimiyyətinin Paşinyanı qəbul etməməsindən irəli gəlir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı:“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda Rusiya ekspert dairələrinin obyektiv yanaşması həqiqətən praqmatik mövqedir. Onlar bu təcavüz aktında birbaşa Ermənistan hakimiyyətini ittiham etdilər. Hesab edirəm ki, Azərbaycan tərəfi Rusiyanın ictimai institutları ilə sıx işləməli və belə bir situasiyada ölkəmizə dəstək verilməlidir. İndiki halda biz əsasən Paşinyana qarşı aqressiyasının şahidi oluruq. Ermənipərəst Zatulinin açıqlamalarına gəldikdə isə, onun bu təxribatlara yanaşması heç də Azərbaycana dəstək kimi dəyərləndirilməməlidir. O, əsasən Paşinyana qarşıdır və onun devrilməsində maraqldır. Zatulini Ermənistanda Paşinyan qəti qəbul etmir və onu öz hakimiyyətinə təhlükə kimi görür. Hesab edirəm ki, Zatulin məhz anti-Paşinyan münasibətinə görə bu çıxışı edib. Buna baxmayaraq, Zatulinin həqiqətləri dilə gətirməsi Rusiya hakimiyyətinin Paşinyanı qəbul etməməsindən irəli gəlir. Ümumiyyətlə, Rusiya ekspertləri elə yanaşma ortaya qoymağa çalışırlar ki, Kremlin burada izi olmasın”.
Belə məlum olur ki, Rusiya hakimiyyət dairələrində Paşinyana qarşı böyük nifrət var.
Vidadi ORDAHALLI