İngiltərə Lordlar Palatasının üzvü, baronessa Kerolayn Koks hər zaman Azərbaycana qarşı yönələn çıxışları ilə diqqət çəkir. O yenə də öz ampluasındadır. Məsələ ondadır ki, 83 yaşlı ingilis lordu yenə də Azərbaycanı hədəf alıb.
Belə ki, Kerolayn Koks Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə əlaqədar İngiltərə Xarici İşlər Naziri Dominik Raaba məktub göndərib. Məktubda Koks utanmadan Böyük Britaniyanın Azərbaycanın “təcavüzünün” səbəbi ilə bağlı qəti mövqe bildirməsini istəyir:“Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsi təhlükəsi - epidemiya zamanı xüsusi narahatlıq doğuran məsələ ilə bağlı dərin narahatlığımı bildirmək üçün yazıram. Son günlər Azərbaycan Ermənistanın şimal-şərq hissəsində, Dağlıq Qarabağın şimalında Tavuşun mülki əhalisi ətrafında artilleriya batareyaları yerləşdirdi. 14 iyulda dörd erməni çavuş və zabit öldürüldü. Onlarla hərbi qulluqçu tibbi yardım alır, onlardan biri ağır vəziyyətdə qalır”.
Koks qeyd edib ki, Azərbaycan hərbi qüvvələrinin koronavirusla mübarizədə mühüm rol oynayan tibbi maskalar istehsal edən fabrikə atəş açmasından çox narahatdır. Daha sonra utanmadan deyir ki, guya Azərbaycan Ermənistanı Metsamor AES-in vurulacağı ilə təhdid edir.
Bu həmin Koksdur ki, 1991-ci ildən Qarabağdakı konfliktlə maraqlanır və birmənalı olaraq erməni separatizmini dəstəkləyir. O, dəfələrlə Qarabağa qanunsuz səfərlər edib. Əlinə düşən hər fürsətdə Azərbaycanı və xalqımızı qaralayan, gözdən salmağa çalışan fikirlər səsləndirir. Ermənistan rəhbərliyinin və erməni lobbisinin yalanlarına uyğunlaşdırılan mövqedən çıxış edir. Onun anti-Azərbaycan fəaliyyəti təkcə ölkəmizə qarşı informasiya müharibəsi ilə məhdudlaşmır, o, müharibə illərində Azərbaycan ərazilərini işğal edən, yerli əhaliyə amansız divan tutan, misli görünməmiş vəhşiliklər törədən erməni hərbçilərinə "humanitar" yardımların göstərilməsini də təşkil edib.
Görünən odur ki, Koks bu yaşında belə, ermənilərin şər əməllərinə xidmət etməkdən utanmır. Hər zaman olduğu kimi, yenə qərəzli mövqe sərgiləməkdədir.
“Qozbeli qəbir düzəldər”
Məsələyə münasibət bilditən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, baronessa Kerolayn Koksun məlum qərəzli məktubu Böyük Britaniyanın Azərbaycana olan münasibətini mənfi mənada dəyişə bilməyəcək: “Böyük Britaniyanın Azərbaycanla yaxın tərəfdaşlıq münasibətlərini bu kimi məktublar poza bilməz. Bunu Koks da yaxşı bilir. Sadəcə o, ənənəvi ampluasına sadiq qalaraq ermənilərə xidmət edir. Onun ermənilərə bağlılığının kökü dərindir. Bu həmin Koksdur ki, yaradılmasında iştirak etdiyi bir sıra humanitar yardım və insan haqları təşkilatlarına rəhbərlik etməklə bərabər, keçmiş SSRİ alimi Andrey Saxarovun adını daşıyan və 2011-ci ilədək onun erməni mənşəli xanımının rəhbərlik etdiyi Fondun direktoru olub. Olduqca mühafizəkar mövqeyi ilə tanınan siyasətçi 2006-cı ilədək Ümumdünya Xristian Birliyi təşkilatına da rəhbərlik edib. Koksun gördüyü işlərə gəlincə, onun insan haqlarının müdafiəsi yönündə apardığı fəaliyyətin əsas etibarilə islamafobiyadan qaynaqlandığı özünü büruzə verir. Bunu dəfələrlə müxtəlif formada göstərib. O, ermənulərin sadiq nökəridir. Ataların gözəl bir misalı var:“Qozbeli qəbir düzəldər”. Koks o yaşda belə ermənilərə bu cür xidmət edirsə, o zaman deməyə başqa söz qalmır”.
Belə məlum olur ki, bəzi şəxslərin davamlı olaraq ermənipərəst mövqedən çıxış etməsi dəyişən deyil.
Vidadi ORDAHALLI