Müasir dünyanın mübarizə apardığı koronavirus pandemiyası bəşəriyyətin düzəninin dəyişməsinə səbəb oldu. Hazırda dünya insanını bu virusdan tez bir zamanda xilas olmaq düşündürür. Bu gün pandemiyanın yayıldığı bir çox dövlətdə virusa qarşı mübarizənin elə də effektiv təşkil edildiyinin şahidi ola bilmirik.
Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycan dövlətinin pandemiyanın geniş yayılmasının qarşısının alınması üçün tətbiq etdiyi mübarizə üsulları öz effektivliyi və yeniliyi ilə diqqəti cəlb edir, seçilir. Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən koronavirus pandemiyasına qarşı mübarizə prosesi, bu istiqamətdə təqdim edilən Azərbaycan modeli beynəlxalq və ölkə ictimaiyyətinin təqdir etdiyi bir modeldir.
Pandemiyanın qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların, gördüyü işlərin, qəbul etdiyi qərarların ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılandığı məlumdur. Biz pandemiya dövründə ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərə ictimaiyyətin necə münasibət bəslədiyini onların Prezidentə göndərdiyi dəstək məktublarının, müraciətlərinin timsalında görə bilirik. Bu məktubu göndərənlər arasında ölkə ictimaiyyətinin populyar simaları da, sadə fəhlə də, müharibə veteranı da, müəllim də var. Bir sözlə, bu məktubu müxtəlif yaşlı, müxtəlif kateqoriyalı insanlar yazır.
Xalqımızın, dövlətimizin koronavirusa qarşı mübarizə apardığı bir şəraitdə vətəndaşlarımız bölgələrdən və paytaxtdan Prezidentə yazdıqları məktublarda əsas hansı məsələlərə diqqət yetirirlər. Bu gün Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətdəki hansı istiqamətlərə diqqət yetirirlər, qiymət verirlər?
Tərtər rayonunun Sarıcalı kəndindən Əsədov Elşən Şahin oğlu “Azərbaycan xalqına vaxtında etdiyiniz güzəştlər, aztəminatlı ailələrin sosial durumlarını yaxşılaşdırmağa doğru atdığınız addımlar, işsiz və işaxtaran şəxslərə birdəfəlik ödəmələrin verilməsinin 200 min nəfərdən 600 min nəfərə çatdırılması xalqımız üçün çox önəmli addımlardır”, - deyə yazır.
O, həmçinin, məktubunda Prezidentin dövlət sərhədlərinin bağlanması ilə bağlı vaxtında verdiyi qərarın da vətəndaşlar tərəfindən müsbət qarşılandığını qeyd edir.
İsmayıllı rayonunun İvanovka kəndindən Prezidentə məktub ünvanlayan Ravçeyeva Tatyana İvanovna isə “Siz həmişə olduğu kimi, bu çətin dövrdə də xalqın yanındasınız, ona daim qayğı göstərirsiniz. Sizin düşüncə və əməlləriniz insanların həyatının qorunmasına, onların sağlamlığının müdafiəsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Sizin koronavirusla mübarizə istiqamətində qəbul etdiyiniz tədbirlər qəlbinizin mərhəmətindən, sevginizin dərinliyindən, təfəkkürünüzün gücündən və müdrikliyindən xəbər verir” - deyə yazan məktub müəllifi bəlanın öhdəsindən birlikdə gələcəyimizi və birlikdə güclü olduğumuzu bildirir.
Masallı rayonundan Prezidentə məktub yazan Qarabağ qazisi Abdullayev Füzuli Orucəli oğlu
“Belə çətin günlərdə xalqımızın yanında olub, onun hər bir problemi ilə maraqlanıb, həlli istiqamətində tapşırıqlar verdiyinizə görə mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram. Xüsusilə də koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın sağlamlığını hər şeydən vacib bilib məqsədəuyğun qərarlar verməyiniz bizi çox sevindirir” - deyə yazır.
Ucar rayonunun Boyat kəndinin sakini, şəhid ailəsinin üzvü Əliyev Şamil Fərman oğlu öz məktubunda ölkə başçısının pandemiya ilə mübarizə dövründə, belə ağır şəraitdə şəhid ailələrini, onların qayğı və problemlərini unutmadığını önə çəkir: “…Siz Azərbaycan vətəndaşlarının, eləcə də şəhid ailələrinin sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirsiniz. İnanırıq ki, Sizin müdrikliyiniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaq”.
Azərbaycan Respublikasının Xalq artisti, Bakı şəhəri, Binəqədi rayon sakini, 91 yaşlı görkəmli rəqs ustadı Cəlilova Roza İsmayıl qızı öz məktubunda ölkə başçısının rəhbərliyi ilə xalqımızın pandemiya dövründə nail olduğu milli birliyə, həmrəyliyə dəstək verir: “Birlik dirilikdir. Biz Sizin ətrafınızda sıx birləşərək böyük qüvvəyə çevriləcək və koronavirus pandemiyasının sınağından tezliklə alnıaçıq keçəcəyik. Mən 91 yaşımda buna ümid edirəm və inanıram”.
Ağdaş rayonunun Qoşaqovaq kəndindən Bəhram Məmmədzadə isə Prezidentin göstərişilə ölkəmizdə tətbiq edilən karantin rejiminə görə ölkə başçısına təşəkkür edir: “…Ölkəmizdə xüsusi karantin rejimini tətbiq edərək Azərbaycan xalqını qoruduğunuz, qayğımıza qaldığınız üçün özümün və ailəmin adindan Sizə təşəkkür edirəm. Sizinlə fəxr edirik. Hər şeyə görə çox sağ olun”
Lənkəran şəhər sakinləri İmanverdi Ağayev, Mahir Həsənov və Qoşqar Dadaşovun imzası ilə Prezidentə ünvanlanan məktubda onlar dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğını, eləcə də vətəndaşlarımızın ölkəmizə təxliyyə edilməsini yüksək dəyərləndirirlər: “…Sizə təşəkkür edirik ki, bizi bu bəladan qorumaq üçün nə lazımdırsa edirsiniz. Xüsusilə ölkəyə gələn vətəndaşlar üçün yaradılan şəraitə, karantində olan insanlara göstərilən yüksək tibbi xidmətə və müalicəyə görə Sizə minnətdarlığımızı çatdırırıq. Cənab Prezident, Sizin və Mehriban xanımın qayğıkeş, humanist münasibətiniz bizi çox ruhlandırır”.
Gəncə şəhərindən Prezidentə məktub yazan Məmmədova Kəmalə Namiq qızı bildirir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri, burada ortaya qoyulan yeni yanaşmalar bütün dünyaya örnəkdir: “…Bu gün ölkəmiz pandemiya ilə mübarizədə dünyaya nümunədir. Əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər də vətəndaşların rifahını qoruyur.
Vaxtında görülən tədbirlərə görə Sizə bir daha təşəkkür edir, “çox sağ olun” deyirik”.
Saatlı rayon sakini Əlizadə Pünhan Vahab oğlu isə məktubunda “koronavirus pandemiyası dünya ölkələrinə, o cümlədən, hegemon dövlətlərə müharibə elan edib, bütün ölkələrin iqtisadiyyatlarına güclü zərbə vurub. Qlobal böhrana baxmayaraq, Sizin tədbirli siyasətiniz və qətiyyətli mövqeyiniz sayəsində Azərbaycanda vəziyyət nəzarət altında saxlanır. Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, xalqımız Sizə inanır və yalnız Sizə güvənir” - deyə bildirir.
Zərdab rayonunun Ağabağı kəndindən Şıxlı Yasin Piri oğlunun məktubunda qeyd edilir ki, bütün dünya pandemiyanın əlində aciz qaldığı vaxtda Azərbaycan vətəndaşları əmin-arxayındırlar: “Dünyamız çətinliklə üzləşib. Bütün dünya ölkələri koronavirus pandemiyasının qarşısında çətin durumda qaldığı halda, Azərbaycan vətəndaşı heç nədən korluq çəkmədən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir vətəndaş kimi, daim Sizi dəstəkləyir və Sizinlə qürur duyuruq”.
Şamaxı rayonunun Sabir qəsəbəsindən Hacıyeva Şəfa Hacıverdi qızı Prezidentə yazdığı məktubda ölkə başçısının koronavirus pandemiyasının qarşısının alınması üçün həyata keçirdiyi qabaqlayıcı tədbirləri təqdir edir: “Ölkəmiz koronavirus ilə bağlı aparılan mübarizədə zamanında verilmiş qərarlarınız sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə durur. Bu, dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını düşündüyünüz üçün, bu çətin günlərdə virusun vurduğu ziyanları minimuma endirə bildiyiniz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm”.
Neftçala rayonunun Mürsəqulu kəndindən fərdi sahibkar Səmədov Heydər Əlisa oğlu Prezidentə yazır ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən, pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. “Fərdi sahibkar, fermer olaraq Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasəti tam dəstəkləyir və Sizin ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları alqışlayıram. Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir. Yeni növ koronavirusun böyük insan tələfatı ilə nəticələnməsinin qarşısını almaq Sizin düşünülmüş, qabaqlayıcı tədbirləriniz sayəsində mümkün olub. Fərdi sahibkar kimi sosial məsuliyyəti dərk edərək, Sizin bütün çağırışlarınızı tam şəkildə dəstəkləyirik” - deyə fərdi sahibkar qeyd edir.
Şəki rayonunun Qudula kəndindən Prezidentə yazan Nemət Əliyev ümid edir ki, Prezident İlham Əliyevin rəhbərliyilə tezliklə pandemiyadan xilas olacağıq. Bundan başqa, o, ölkə başçısının son günlər imzaladığı qərarları da yüksək qiymətləndirdiyini yazır: “...Koronavirus xəstəliyi vaxtı kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərini qarşılamaq məqsədilə ehtiyat fondundan ayırdığınız vəsaitlərə, sadə kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə Sizə öz minnətdarlığımızı bildiririk”.
Balakən rayonunun Qullar kəndindən Şıxməmmədov İbrahim Şıxməmməd oğlu “bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq” - deyə yazır.
Bakı şəhəri, Xətai rayon sakini Cəfərova Zəminə Xasay qızı Prezidentə yazdığı məktubda qlobal pandemiyanın yayıldığı bir zamanda Prezident İlham Əliyevin rəhbərliyilə görülən qabaqlayıcı tədbirlərin uğurlu nəticələrindən bəhs edir: “Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür”.
Biləsuvar rayonundan müharibə veteranı, Qarabağ qazisi, müəllim Emin Əvəz oğlu Mehtiyev də, Bakı şəhəri, Nəsimi rayon sakini, 69 yaşlı təqaüdçü Qafarova Qunça Mustafa qızı da, Masallı rayonunun Hüseynhacılı kənd sakini, tələbə Cəfərli Şəhriyar Bəxtiyar oğlu da ölkə başçısına ünvanladıqları məktublarda onun pandemiya dövründə həyata keçirdiyi sosial layihələri, gördüyü bütün işləri təqdir etdiklərini, Prezidentin yürütdüyü siyasətə dəstək verdiklərini qeyd edirlər.
İradə SARIYEVA