Erməni mətbuatında yenidən anti-Putin kampaniyası başlayıb. Bir neçə gün əvvəl Putin koronavirus xəstəliyini nəzərə alaraq, Qələbənin 75 illiyi ilə əlaqədar paradı təxirə salıb. Erməni mediası isə yazır ki, koronavirus Putini "məğlub etdi".
Bu, azmış kimi, erməni saytı Rusiya Prezidentini “korrupsioner” və "xəstə" adlandırıb: “Əslində, koronavirus Putini “məğlub etdi”, onun üçün Qələbənin 75 illiyi münasibətilə keçirilən şənliklər və parad ən çətin geosiyasi vəziyyət fonunda Rusiyada hakimiyyət məsələsini həll etmək üçün ideoloji kampaniyanın əsas hərəkətinə çevrilməli idi. Rusiya Prezidenti ilə cəmiyyət arasındakı təmasların əsas vasitəsi həm cari, həm də keçmiş müharibələrin hərbi-vətənpərvərlik patologiyası olaraq qalır”.
Bununla belə, qeyd olunub ki, ümumiyyətlə, Moskva və bir sıra şəhərlər istisna olmaqla, Rusiyanın güclü bir səhiyyə sistemi yoxdur: “Rusiya Prezidenti isə artıq koronavirusun bölgələrə getdiyini elan edib. Bütün bunlar Rusiyada yüksək neft qiymətlərinə istinad edən dövlət idarəçiliyi, infrastruktur və iqtisadiyyat modernləşmədən kənarda qaldıqda korrupsiya və mənimsəmənin nəticəsidir”.
Digər tərəfdən, erməni mediası yazır ki, Rusiya dağılmaq təhlükəsi ilə üzləşdiyi üçün postsovet respublikaları ilə daha yaxın “inteqrasiyaya” hazırlaşır. İddia olunur ki, aprelin 20-də Şimali Osetiyanın paytaxtı Vladiqafqazda keçirilən mitinq ölkədə sosial partlayışın olacağından xəbər verir: “Belə vəziyyətdə inteqrasiya indi daha çətin görünür. Rusiya neftin qiymətinin aşağı düşməsi səbəbindən iqtisadi böhran vəziyyətinə düşdü, əlavə olaraq əlləri sanksiya və beynəlxalq təcridlə bağlandı. Lakin bu şəraitdə Rusiya rəhbərliyi gözlənilməz addımlar ata bilər və Ermənistan hazırlıq görməlidir, çünki koronavirusdan əvvəl “inteqrasiya” böhran içində idi. Son bir neçə onillikdə Ermənistan erməni aktivlərinin və infrastrukturunun böyük hissəsini Rusiyaya təhvil verdi. İndi müxtəlif sahələrdə daimi böhranlara səbəb olur. Ermənistanın milli aviasiyası yoxdur, dəmir yolu Rusiya tərəfindən idarə olunur, qaz Rusiya tərəfindən, demək olar ki, güclə və bağlanmış şərtlərlə verilir, telekommunikasiya sahəsində iki Rusiya şirkəti fəaliyyət göstərir. Çox tezliklə yarana biləcək bir çağırışa cavab olaraq Ermənistan hökuməti hansı vektoru seçəcək? Bəlkə də bu, “SSRİ-nin dirçəlişi” adlandırılmayacaq, çünki Putin postsovet xalqlarının bundan “qorxduğunu” anladı. Ancaq Moskvanın Ermənistanı koloniya kimi idarə etmək cəhdlərindən əl çəkməməsi şübhəsizdir. Xüsusən də Ermənistan sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur və Gümrüdəki hərbi bazası pulsuz yerləşdirilib. Moskva artıq hərəkət edir: Rusiyada yaşayan ermənilər bir silah kimi Kreml tərəfindən Ermənistana və digər ölkələrə qarşı çevrilir. Rusiya postsovet ölkələrinin vətəndaşlarına Rusiya pasportlarını təklif edir ki, sonradan “qoruyub saxlaya bilsin”.
Göründüyü kimi, erməni mediası Rusiya ilə bağlı çox bədbin və ziddiyyətli proqnozlarla çıxış edir. Bütün bunlarda da bu və ya digər formada Putin ittiham edilir.
“…ermənilər başqa hami axtarırlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, son vaxtlar Ermənistanda getdikcə artan anti-Rusiya və anti-Putin əhval-ruhiyyəsi bir sıra məqamlardan xəbər verir: “Ermənilər düşünürlər ki, artıq Rusiya erası bitmək üzrədir və Moskvanı əvəzləmək lazımdır. Onsuz da Rusiyadan alacaqlarını alıblar. Neftin qiymətinin kəskin ucuzlaşması fonunda ermənilərə daha güclü himayədar və dayaq lazımdır. Rusiyanın dövlət kimi ciddi təhlükələrlə üzləşəcəyini düşünən ermənilər başqa hami axtarırlar. Ona görə də, lakonik desək, Putini və Rusiyanı aşağılamaqla, onu, yeri gəldi-gəlmədi, tənqid etməklə özlərini sanki hansısa beynəlxalq güclərə təqdim edirlər. Yəni anti-Rusiya ritorikası ilə Qərbin diqqətini çəkmək istəyirlər. Doğrudur, Rusiya çox dərin böhran ərəfəsindədir. Lakin bu böhran düşünmürəm ki, Rusiya Federasiyasının parçalanmasınadək gedib çıxacaq. Başı öz problemlərinə qarışan Rusiya Ermənistana əvvəlki kimi diqqət və dəstək göstərə bilməyəcək. Ermənilər adətən hansısa güclü bir himayədara öyrəşiblər. Böyük dövlətlərin kölgəsi altında özlərini rahat hiss etməklə kifayətlənməyib, məkrli niyyətlərini və işğalçılıq siyasətlərini yürüdüblər. Moskva da ermənilərin xarakterini yaxşı bildiyindən, onların ipini buraxmaz”.
Vidadi ORDAHALLI