Aprelin 20-də Ermənistanın xarici işlər naziri Mnaçakanyanla ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik arasında videokonfrans formatında görüşü olub.
Erməni KİV-nin verdiyi məlumata görə, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Qeyd olunur ki, Mnatsakanyan bugünlərdə qondarma “DQR”də keçirilən “seçkilər” və onun nəticələri ilə bağlı ətraflı məlumat verib. Görüşdə tərəflər hazırda COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə edib. Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə mane olmamasının vacibliyi vurğulanıb. Tərəflər aprelin 21-də Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə görüşünün keçirilməsini razılaşdırıblar.
Bu məlumatda diqqət çəkən məqam budur ki, münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən tərəflər Mnatsakanyanın “DQR”-də baş tutan qanunsuz “seçkilərlə” bağlı nağıllarına qulaq asıblar. Halbuki, Mnatsakyanın Azərbaycanın ərazisində nə seçki keçirməyə, nə də onunla bağlı hesabat verməyə haqqı var. Həmsədrlərin bu addımını necə dəyərləndirə bilərik?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, ATƏT vasitəçilərinin iştirakı ilə keçirilən videokonfransda bütün beynəlxalq qurumlar və dövlətlər tərəfindən birmənalı olaraq Azərbaycanın tərkib hissəsi kimi qəbul edilən Dağlıq Qarabağda “seçkilərin” keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılması Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir: ”Təəssüf ki, bu cür müdaxilə vasitəçilik missiyasına cavabdeh qurumlar tərəfindən ilk dəfə baş vermir. BMT tərəfindən verilmiş mandata uyğun olaraq missiyası işğal olunmuş ərazilərin hərbi birləşmələrdən qeyd-şərtsiz azad olunması istiqamətində danışıqlar aparmaq olan ATƏT-in Minsk Qrupu bunun əvəzində Dağlıq Qarabağın statusu və “seçki” ilə bağlı da danışıqları həyata keçirməklə ona verilmiş mandatdan kənara çıxıb. ATƏT-in Minsk Qrupu həmsədrləri Mnatsakanyanın Dağlıq Qarabağdakı “seçkilərlə” bağlı məruzəsinə qulaq asmaq əvəzinə “seçkilər”in keçirilməsini beynəlxalq hüququn kobud şəkildə pozulması və danışıqlar prosesində qeyri-konstruktiv addım kimi qiymətləndirməli idi. Ümumiyyətlə, münaqişənin çözülməsinin beynəlxalq təşkilatların, əsasən də ATƏT-in Minsk Qrupunun öhdəsinə buraxılması yanlış siyasət olmaqla yanaşı, problemin xalqın iradəsi ilə həllində də maneçilik yaradır. Bir daha qeyd edirəm ki, Minsk Qrupu münaqişənin nizamlanmasında vasitəçi bir qurum funksiyasını yerinə yetirməli olduğu halda, aparılan səhv siyasət nəticəsində daha geniş səlahiyyətlər əldə edib. Aparılan danışıqların qeyri-səmərəliliyini, Qarabağın statusu ilə bağlı Ermənistanın sərgilədiyi qeyri-konstruktivliyi nəzərə alaraq bu yöndə danışıqların heç bir nəticə verməyəcəyini tam qətiyyətlə demək mümkündür. Bu səbəbdən də ATƏT çərçivəsində, eləcə də bu istiqamətdə aparılan danışıqlar dayandırılmalı, münaqişənin nizamlanmasında hərbi-siyasi yol yeganə yol kimi qəbul edilməlidir”.
Məhəmmədəli QƏRİBLİ