ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında koronavirusa görə Çini ittiham edib. Tramp Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Çinin xeyrinə dünyanı aldatmaqda ittiham edərək deyib ki, virusu Çin yayıb.
Bununla belə, o, ÜST-nin pandemiya ilə bağlı ört-basdır etdiyi məsələləri araşdırdıqlarını deyib: “Ümumdünya Səhiyyə Təşkilatı Çinin əsiridir. Nə baş verdiyini anlamağımız uzun çəkdi. Ancaq ÜST-nin Çində baş verənlərlə bağlı məlumatlı olduğunu hiss edirəm. ÜST ölkələrin sərhədlərini virusdan qoruya bilmədi. Bu, böyük bir səhv idi. Bəlkə də səhv deyildi və ÜST çox şey bilirdi. Mənə görə, ÜST Çinin əsiridir və onların göstərişini yerinə yetirir”.
Onu da qeyd edək ki, ABŞ Prezidenti ötən həftə ÜST-yə ayrılan maliyyə yardımının dayandırılması ilə bağlı göstəriş verib.
Koronavirus yayılmağa başlayanda bunun necə yaranmağı barədə müxtəlif fikirlər səsləndi. İlk rəsmi şübhə Pekində söyləndi. Çin Xarici İşlər Nazirliyinin bir nümayəndəsi virusun Uhan şəhərinə təlim üçün gələn ABŞ hərbçiləri tərəfindən gətirilə biləcəyini dedi. ABŞ-ın buna cavabı daha sərt idi. İndi Vaşinqton Çinlə bağlı şübhələr yaradır. ABŞ kəşfiyyatının Çindəki vəziyyətlə bağlı ciddi məlumatlara malik olduğu deyilir.
Çin Xarici İşlər Nazirliyi isə virusun Çindən gəldiyi şübhəsini dəstəkləyəcək bir dəlil olmadığını deyib. Yəni o, şübhəni təkzib etmir, ancaq heç bir dəlilin olmadığını söyləyir.
O da məlumdur ki, ABŞ-la Çin dünya iqtisadiyyatında çox böyük çəkiyə malik ölkələrdir. İki ölkə arasında belə mübahisələrin yaşanması dünya üçün yaxşı bir şey vəd etmir.
Ümumilikdə, bu mübahisə nə ilə bitə bilər?
“Artıq tərəflərin yeni mübarizəsi başlayır və bu, Çinin iqtisadiyyatını hədəf alacaq”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Koronavirusun Çində yayılması və bunun dünyadan gizlədilməsi ÜST ilə Çin arasında əməkdaşlıq çərçivəsində olması versiyasını ortaya atır. Bunu bir çoxu istisna etmir. Çünki ilk vaxtlar bu virusun insandan-insana keçməməsi qeyd edilirdi. ÜST pandemiyanın olmayacağı qənaətində idi. Halbuki, bu barədə ÜST dünyanı məlumatlandırmalı idi. Ancaq, nədənsə, buna gedilmədi və virus dünyada qlobal problemlərə yol açdı. Bu səbəbdən, ABŞ ÜST ilə Çin arasında razılaşmanın olduğunu qeyd edərək hər ikisini günahlandırır. ÜST-yə maliyyə yardımını dayandırdı və sözügedən təşkilatın Çinə yaxın bir qurum olduğunu irəli sürdü. Beynəlxalq münasibətlər sistemində ciddi boşluqların ortaya çıxdığı, beynəlxalq təşkilatların bu və ya digər ölkələrin marağına xidmət etdiyi aydınlaşdı. Bu virusdan ən çox ziyan çəkən ABŞ olduğu üçün, Çinə qarşı ciddi həmlələr reallaşdıracaq və ÜST-ni özünə tabe edəcək. Pandemiyadan sonra dünya nizamında ciddi dəyişikliklər olacaq. ABŞ - Çin mübarizəsi, rəqabəti yeni mərhələyə keçəcək. Hesab edirəm ki, Vaşinqton daha təsirli şəkildə beynəlxalq nizamın formalaşması istiqamətində ciddi səylər göstərərək Çini küncə sıxışdıracaq. Artıq tərəflərin yeni mübarizəsi başlayır və bu, Çinin iqtisadiyyatını hədəf alacaq. ÜST və Çin işbirliyi təsdiqlənsə, bunun bədəlini ABŞ ödətdirəcək”.
Vidadi ORDAHALLI