ABŞ konqresmenlərindən bəziləri Azərbaycana qarşı təxribatçı fəaliyyətə yol veriblər. Belə ki, Konqresin bir neçə üzvü Dağlıq Qarabağın separatçı rejiminin yeni qondarma lideri Araik Harutyunyana təbrik məktubu göndərib.
Bununla bağlı erməni mediasının yaydığı məlumata görə, Konqresin dörd üzvünün imzası ilə göndərilən təbrik məktubu Azərbaycanın suverenliyinə və ərazi bütövlüyü hüququna qarşı yönəlmiş çirkin ifadələrlə “zəngindir”. Konqresmenlər beynəlxalq hüquq normalarını açıq-aşkar pozaraq, Azərbaycanın suverrenliyinə qarşı fikirlər səsləndiriblər.
Amerika Konqresinin Erməni Məsələləri Komissiyasının üzvü olduqlarından “qürur duyduqlarını” ifadə edən konqresmenlər Frank Palone, Adam Şiff, Ceki Spayer və Qus Bilirakis 31 mart və 14 apreldə keçirilən “seçkiləri” “demokratiyanın təntənəsi” kimi qiymətləndirərək qeyd ediblər ki, onlar ABŞ dövləti ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın əməkdaşlığı istiqamətində əllərindən gələni edəcəklər. Konqresmenlər qondarma rejimə bundan sonra da əllərindən gələn dəstəyi göstərəcəklərini ifadə ediblər.
Bəlli olur ki, erməni lobbisinə satılmış və illərdir onların maraqlarından çıxış edən bəzi konqresmenlər yenə də öz fitnəkar əməllərindən əl çəkmirlər. Ermənistana göstərdikləri hərtərəfli dəstək azmış kimi, indi də Qarabağdakı separatçılarla yaxından əməkdaşlıq etməyə can atırlar. Hansı ki, Birləşmiş Ştatlar Qarabağdakı separatçı qurumu tanımır və bunu dəfələrlə bəyan edib. Belən olan halda, bəzi ABŞ konqresmenlərinin məlum açıqlaması Azərbaycana yönəlik təxribatdan başqa bir şey deyil.
“Ermənilər zaman-zaman belə hallardan təbliğat məqsədi üçün böyük məharətlə istifadə edirlər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, məlum ermənipərəst konqresmenlərin hərəkəti açıq-aşkar təxribatdır: “Ona görə də ABŞ Konqresindən buna izahat verilməsi tələb olunmalıdır. Azərbaycan dərhal buna etiraz etməlidir. Düzdür, ABŞ tərəfi bəyan edəcək ki, hansısa konqresmenin səsləndirdiyi fikirlər ölkənin rəsmi mövqeyi deyil. Ancaq nəzərə almaq lazımdır ki, ABŞ-ın qanunverici orqanının üzvü belə təxribatçı addıma yol verir. Ermənilər zaman-zaman belə hallardan təbliğat məqsədi üçün böyük məharətlə istifadə edirlər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan ABŞ-a öz etirazını bildirməlidir. Erməni lobbisinin maraqlarından çıxış edən sözügedən konqresmenlərin təxribatçı hərəkəti bütün müstəvilərdə pislənməlidir. Çünki onların bu hərəkəti separatçıları açıq tərzdə dəstəkləmək deməkdir. Ona görə də sözügedən konqresmenlərin hərəkəti pislənməlidir”.
Vidadi ORDAHALLI