Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə tədbirlər davam etdirilir. Prezidentin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Bununla bağlı atdığı qətiyyətli addımlara, xalqımızın sağlamlığının qorunması və eyni zamanda, rifahının yaxşılaşdırılması üçün verdiyi mühüm qərarlara görə ölkənin bütün guşələrindən dövlət başçısına çoxsaylı minnətdarlıq məktubu gəlməkdə davam edir. Sadə insanlar dövlət başçısına çoxsaylı məktub yazırlar. Sözügedən məktublarda insanlar ürəklərindən gələni ifadə edirlər. Bunlar vətəndaş səmimiyyəti və sevgisindən doğan məktublardır.
Görünən odur ki, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, gördüyü işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. Onu da qeyd edək ki, Prezidentə gələn dəstək məktubları prezident.az saytına yerləşdirilir. Ümumilikdə, bu məzmunlu məktubların ictimailəşdirilməsinin nə kimi müsbət əhəmiyyəti var?
“Sözügedən təşəkkür məktubları hər bir insanın arzu və istəyini özündə ehtiva edir”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, sözügedn məktubların ictimailəşdirilməsi cəmiyyəti ruhlandırır: “Prezidentə olan inamı daha da artırır. Cəmiyyətdə birliyin, həmrəyliyin möhkəmlənməsinə töhfə verir. Ölkə başçısı ətrafında xalqın daha sıx birləşməsinə öz müsbət təsirini göstərir. Bu, çətin dönəmdə insanlarda müsbət ovqat yaradır və koronavirus bəlasından qurtulacağımıza inamı artırır. Prezidentə ard-arda gələn vətəndaş məktubları həm də bu istiqamətdə görülən işlərin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir. Eyni zamanda, ölkə Prezidentinin həyata keçirdiyi siyasətə verilən dəstəyin nümunəsidir. Məsələ ondadır ki, Prezident İlham Əliyev hər zaman xalqın yanında olub. İnsanların maddi rifahının yaxşılaşdırılmasına, həyat şəraitinin qorunmasına daim diqqət göstərir. Gələn məktublar xalqın ölkə başçısına olan rəğbətini ortaya qoyur və bütün ictimaiyyət onu dəstəkləyir. Nəzərə almaq lazımdır ki, Prezident vaxtında məlum qərarları verməsəydi, o zaman koronavirus ölkədə daha böyük fəsadlar törədərdi. Ona görə də ölkə başçısının qabaqlayıcı tədbirlər görməsi bunun qarşısını aldı. İctimaiyyət bütün bunların fərqində olduğu üçün, səmimi olaraq Prezidentə təşəkkür məktubları göndərir. Bu baxımdan hesab edirəm ki, sözügedən təşəkkür məktubları hər bir insanın arzu və istəyini özündə ehtiva edir”.
Vidadi ORDAHALLI