“Amnesty İnternational” təşkilatı aprel ayında açıqladığı illik hesabatında Şərqi Avropa və Orta Asiyanın bir çox hökumətlərinin etirazlara, ifadə azadlığına və vətəndaş cəmiyyətlərinə basqılar tətbiq etdiyi və insan haqlarına qarşı qəddar taktikalardan istifadə etdiyi bildirilib. 2019-cu ildə insan haqları müdafiəçiləri, jurnalistlər, qeyri-hökumət təşkilatları və etirazçılar artan təzyiqlərlə üzləşsələr də, hökümətlərinin cəzalandırılması üçün dinc nümayişlərini davam etdirib.
Hesabatın Ermənistana aid hissəsində hökumətin fəaliyyəti kəskin tənqid edilir. Xüsusilə də 2019-cu il boyu Ermənistanda məhkəmə sisteminə hökumətin güclü basqılarının olduğu qeyd edilir. Bu xüsusda qeyd olunur ki, Ermənistanın eks-prezidenti Robert Köçəryan 2019-cü ildə üç dəfə həbs olunub. Ona qarşı irəli sürülən ittihamların siyasi mahiyyəti olduğu bilıdirilir. Ermənistanda məhkəmə prosesinin basqı altında olması barədə bəyanat Paşinyanln demokrariya oyununa zərbə sayıla bilərmi? Nəzərə alsaq ki, məhkəmə hakimiyyətinin müstəqilliyi demokratiyanln çox həlledici şərtlərindən biridir, Paşinyanın demokratiya adı ilə imitasiya etməsinə hansı aydınlıq gətirilir?
Hatəm Cabbarlı:“Ermənistanda hüquq-mühafizə, məhkəmə sisteminə qarşı hökumətin linc etmə kampaniyasına daha sərt münasibət bildirmək olardı”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan baş nazir seçiləndən sonra öz siyasi rəqiblərini tabeliyində olan inzibati resursların hesabına sıradan çıxarmağa, onlara təzyiqlər göstərməyə başladı:“Bu məsələdə Paşinyan hakimiyyətin başqa qolu olan məhkəmə sisteminin də “köməyindən” yararlandı. Xüsusilə də Ermənistanın sabiq prezidenti Köçəryan üzərində aparılan oyunlar biabırcı mənzərəni özündə əks etdirdi. Biz həmin prosesdə gördük ki, məhkəmələr Köçəryanla bağlı bir neçə dəfə qərarlarını dəyişməyə məcbur oldular. Robert Köçəryanı iki dəfə həbsdən azad edən hakimə də ciddi təzyiqlər oldu. Paşinyan həmin vaxt insanları məhkəmənin önünə çağırmış, hüquq sisteminin normal fəaliyyətinə əngəl yaratmışdı. Bundan başqa, Ermənistan hakimiyyəti konstitusiya məhkəməsinə də ciddi təzyiqlər göstərir. Onlar Köçəryanın vəkillərinin tələbi ilə cinayət prosesual məcəllənin 35 və 135-ci maddəsinin 2-ci bəndini tövsif edərkən bunun konstitusiya ilə ziddiyyət təşkil etdiyinə dair qərar verib. Həmin qərar Köçəryanın həbsdən azad olunması üçün əsas sayılırdı. Hökumət bundan sonra konstitusiya məhkəməsinin sədri ilə düşmən oldu. Paşinyan sədrdən bu mövzudan əvvəl də istefa verməyi tələb etmişdi. Sədr jurnalistlər qarşısına çıxıb hökumətin təzyiqləri barədə açıq bəyanat verdi. Paşinyanın bu cür təzyiqləri hələ də davam edir. Belə təzyiqlər davam etdiyi dönəmdə Paşinyan hakimiyyətinin özü də zəifləyir. Beynəlxalq təşkilatın hesabatında Ermənistanda yaşananları çox yumşaq dillə ifadə edib. Ermənistanda hüquq-mühafizə, məhkəmə sisteminə qarşı hökumətin linc etmə kampaniyasına daha sərt münasibət bildirmək olardı. Hətta Paşinyan ölkədə referendum keçirib, konstutisiyanı dəyişməyə çalışdı ki, konstutisiya məhkəməsinin hakimlərini istefaya göndərmək üçün asan mexanizm əldə etsin. Həmin referendumun keçirilməsi koronavirus tələbi ilə təxirə salınıb. Pandemiya aradan qalxandan sonra Paşinyan hökuməti hakimlərin işdən azad olunması üçün səylərini davam etdirəcək. Yəni referendumu mütləq keçirəcəklər. Bu tamamilə antidemokratik addımlar bir daha sübut edir ki, Paşinyan əsl avtoritar üsül-idarə yaradıb. Müxalif qüvvələr bütün bu hesabatları beynəlxalq qurumlara təqdim ediblər. Hesab edirəm ki, beynəlxalq qurum Ermənistanla bağlı daha sərt mövqe tuta bilərdi. Çünki bunun üçün kifayət qədər ciddi faktlar və əsaslar mövcuddur”.
Məhəmmədəli QƏRİBLİ