Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Rusiya və Azərbaycanın Xarici İşlər nazirlikləri başçılarının son iki telefon danışığının mövzusu barədə suala cavabında bəyan edib ki, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir:“Həqiqətən, koronavirusa baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlər davam edir. Sualda Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovla telefon danışıqları xatırlandı. Belə ki, daha əvvəl, aprelin 8-də Lavrovla onun erməni həmkarı Mnatsakanyan arasında telefon danışığı olub. O cümlədən, nizamlanma ilə bağlı məsələlər də nəzərdən keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, Fransa və ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Kaspşik tərəflərlə müntəzəm əlaqə saxlayır.
Davam edən məsləhətləşmələr seriyasında koronavirus infeksiyası mövzusu, onun danışıqlar prosesinə təsiri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının bəzi məsələləri diqqət mərkəzindədir. Sərhəddə təmas xəttində vəziyyət müzakirə olunub. Həmsədrlərin ortaq fəaliyyəti barədə məlumatı onların 19 mart tarixli birgə bəyanatından almaq olar. Bəyanat ATƏT-in saytında yerləşdirilib”.
Qarabağ sülh prosesi indi hansısa formada gedirmi və Mariya Zaxarovanın əsaslandığı detalları nə dərəcədə əsaslı saymaq olar?
Yeganə Hacıyeva:“Bu istiqamətdə müəyyən hərəkətlənmə olsa da, ortada nəticə yoxdur”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, koronavirus pandemiyası rəsmi görüşləri, tədbirlərin keçirilməsini təxirə salmayıb, lakin onların keçirilmə formatları dəyişdirilib:“Burada qeyd etmək istəyirəm ki, koronavirus pandemiyasının beynəlxalq təcrübəyə gətiridiyi yeniliklərin biri kimi, bundan sonra rəsmi görüşlərin online keçirilməsi təcrübəsi geniş tətbiq olunacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin davam etdirilməsi haqqında danışsaq, onu qeyd edim ki, danışıqlar daha intensivləşir və biz bu ilin sonlarından başlayaraq nizamlanma istiqamətində real addımların şahidi olacağıq. Yəqin xatırlayırsınız, hələ bir neçə il öncə sizin qəzetinizə silsilə müsahibələrdə son illərdə meydana çıxan yeni reallıqların fonunda qlobal siyasətin transformasiyası və bu qlobal prosesdə qütb və güc anlayışlarının dəyişməsi, bu dəyişimdə isə Cənubi Qafqaz regionu və onun açar ölkəsi kimi Azərbaycanın rolunun hansı dərəcədə artması haqqında geniş danışmışdıq. Koronavirus pandemiyası ilə bağlı haqqında danışdığmız proseslər sürətlənəcək və detallara varmadan bir onu deyim ki, dünya siyasətində üsuli-idarə və alətlərin dəyişəcəyi ilə bağlı bir reallıqla üz-üzəyik”. Politoloqun sözlərinə görə, bu reallıqda köhnə üsuli-idarəyə uygunlaşmış köhnə alətlər heç nəyə yaramayacaq və ən əsası, yeni dünya düzənində güc və nüfuz haqq etdiyi mövqelərdə dayanacaq:“Odur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işlərin koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda belə davam etdirilməsi vacib addımdır. Atılan addımlardan da görünür ki, bu istiqamətdə müəyyən hərəklənmə olsa da , ortada nəticə yoxdur. Biz isə konkret nəticənin əldə olunmasının tərəfdarıyıq. Azərbaycan və Rusiya XİN-lərinin bəyanatlarından o da aydın olur ki, davam edən məsləhətləşmələrin mərkəzində koronavirus infeksiyası, onun danışıqlar prosesinə təsiri, həmçinin münaqişənin nizamlanmasına dair məsələlər durur. Əsas müzakirə mövzusu isə, əlbəttə, Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərindəki təxribatlarıdır. Bir neçə gündür ki Ermənistan tərəfi iriçaplı pulemyotlardan və snayperlərdən də istifadə ilə atəşkəs rejimini pozur. Müzakirələrin detalları haqqında danışmadan öncə onu qeyd edim ki, Azərbaycan tərəfi artıq münaqişənin nizamlanmasında real addımların vacibliyini bildirir. Çünki bu qanunsuz hərəkətləri qınamaq kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək və ya başqa sözlə, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır. Danışıqların detalları isə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirməsi və yerli tarixi nümunələrdə saxtalaşdırma aparmaqla həyata keçirdiyi fəaliyyətlər və s. haqqındadır. Həmçinin, Azərbaycan XİN rəhbəri Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində niyyətinin bəlli olmaması haqqında fikirlər səsləndirir ki, bunun özü bizim üçün yenilik deyil”.
Məhəmmədəli QƏRİBLİ