Azərbaycanda aparılan islahatlar siyasi sistemi də əhatə etməyə başlayıb. Artıq ölkənin ali rəhbərliyi səviyyəsində yeni siyasi konfiqurasiyanın formalaşdırılmasına maraq göstərilir.
Cəmiyyətdə, ölkənin idarə olunmasında siyasi partiyaların rolunun artırılmasına cəhdlər nəzərə çarpır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də parlamentin ilk iclasındakı çıxışında bu məqama toxunub: “Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.
Göründüyü kimi, ölkə başçısı siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclisdə təmsil olunan azlıqdakı partiyaları da fəal görmək istəyir. Bəs bunun üçün azlıqda olan parlament partiyalarının üzərinə hansı məsuliyyət düşür, onlardan hansı yöndə işlərin görülməsini gözləməliyik?
Bünyamin Qənbərli: “Orada təmsil olunan partiyalar qanunvericilik təşəbbüsləri ilə çıxışlarını artırmalıdırlar”
Parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Bünyamin Qənbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, indiki vəziyyət vətəndaşların partiyalara üzv olmaq marağını öldürür: “Bu da partiyaların cəmiyyətdəki rolunu azaldır. Çünki bizim parlamentə seçkilər proporsional yox, mojaritar sistem üzrə aparılır. Bu səbəbdən də parlamentdə təmsil olunmaq istəyən şəxslərin partiya dəstəyinə heç bir ehtiyacı olmur. Seçki sistemi dəyişsə, bu zərurət yarana bilər. Bunun cəmiyyətimizin inkişafına, əhalinin siyasi cəhətdən maariflənməsinə ciddi xeyri olacaq. Faktiki olaraq bizdə yeni parlament formalaşıb və biz indiki vəziyyətdən danışmalıyıq. Parlamentdə Prezidentin çıxışı və bundan doğan nəticələri müsbət qarşılayırıq. Görürsünüz ki, əvvəllər olmayan mənzərə yaranıb. Parlamentin komissiyalarının rəhbərliyində və eləcə də parlamentin öz rəhbərliyində müxalifəti təmsil edən deputatlar təmsil olunurlar. Bunun partiyaların rolunun artmasına xeyri var. Partiyaların da üzərinə daha fəal olmaqla bağlı məsuliyyət düşür. Onlar parlament çoxluğu olan hakim partiya ilə müxaliflik etməyi bacarmalıdırlar. Cəmiyyətdəki müxalif fikirləri parlamentə təqdim etməlidirlər. Eyni zamanda, orada təmsil olunan partiyalar qanunvericilik təşəbbüsləri ilə çıxışlarını artırmalıdırlar. Bizim partiya əvvəlki parlamentlərin dövründə bir neçə dəfə belə təşəbbüslə çıxış edib. Düzdür, layihə tam qəbul olunmayıb, amma sonrakı dönəmlərdə layihənin müəyyən bəndləri qəbul edilib. Prezident bir məsələyə də diqqəti yönəltdi. Bu da parlamentin hökumət üzərindəki nəzarətinin güclənməsidir. Hesab edirəm ki, bu istiqamətdə də parlamentdə təmsil olunan partiyaların üzərinə ağır yük düşür. Çünki hökumətin vacib nöqsanlarını məhz onlar tapıb dilə gətirməlidir”.
Məhəmmədəli QƏRİBLİ