Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə Baş nazir Nikol Paşinyana qarşı dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün radikal addımlar atır.
Məhz belə vəziyyətdə problemlər içərisində boğulan Ermənistan əhalisi yeni hökumətə də etibar etmir. Aprelin 5-də keçiriləcək referendumda əksər siyasi qüvvələr iştirak etmək istəmədiklərini bildirirlər. Eyni zamanda, ermənilər bu şounun onların həyatlarını yaxşılığa doğru dəyişməyəcəyinə inanırlar. Bu səbəbdən səsverməyə getməməkdə israrlıdırlar.
Bu arada erməni mətbuatı yazır ki, Paşinyan referendumla bağlı təbliğatın azaldılması barədə vəkillərinə göstərişlər verib. Vurğulanır ki, referendum payıza qədər təxirə salına bilər. Hakimiyyətin koronavirusu əsas gətirərək referendumu ləğv etməsi də müzakirə mövzusuna çevrilib. Erməni siyasi ekspertlər koronavirusun Paşinyan üçün şans ola biləcəyini bildiriblər. Onlar 5 apreldə seçki məntəqələrinə elə də çox adamın gəlməyəcəyini düşündüklərinə görə referendumun Paşinyan üçün uğursuz olacağını vurğulayırlar. Məsələ ondadır ki, Paşinyan referendumun doğura biləcəyi mənfi nəticələrdən narahatdır. Bu günlərdə təbliğat kampaniyası apararkən Ermənistan vətəndaşlarından biri media qarşısında Paşinyanın verdiyi bukleti cırıb yerə atdı. Bundan başqa, Paşinyan martın 16-da koronavirusla bağlı ölkədə fövqəladə vəziyyətin elan olunacağını istisna etməyib. O bildirib ki, hökumətin fövqəladə iclası keçiriləcək və bu iclas zamanı epidemiya ilə bağlı vəziyyət müzakirə olunacaq: “Biz mövcud vəziyyəti müzakirə edib önəmli qərarlar qəbul etməliyik”.
Paşinyan bildirib ki, heç bir siyasi məqsəd ictimai təhlükəsizlik və sağlamlıq səviyyəsindən yüksək ola bilməz. O, bir növ, işarə edib ki, vəziyyət tələb edərsə, referendum təxirə salına bilər. Görünən odur ki, Paşinyan nəticələrinin mənfi olacağını bildiyindən, koronavirus təhlükəsini bəhanə edib referendumu təxirə salmaq və bununla özünü siyasi iflasdan xilas etmək istəyir.
“Bu olmasa, o zaman başqa bir şey uyduracaq”
Məsələyə münasibət bildirən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, Paşinyan öz maraqları naminə referendumun vaxtını dəyişə bilər: “Çünki Paşinyan nəyə desən gedər. Bu da təsadüfi deyil. Ona görə ki, Paşinyan ruhi xəstədir. Neçə vaxtdır Paşinyan təbliğat aparır ki, Konstitusiya Məhkəməsinin köhnə olması səbəbindən ölkə əhalisinin həyat səviyyəsi yaxşılaşmır. Guya sözügedən referendumun keçirilməsi ölkədə bir sıra məsələlərin düzəlməsinə səbəb olacaq. O cümlədən, iqtisadi vəziyyət yaxşılaşacaq. Hansı ki, referendumun keçirilməsinin buna heç bir dəxli yoxdur. Çünki Ermənistanın sosial-iqtisadi baxımdan inkişafı üçün heç bir potensial yoxdur. Digər tərəfdən, Paşinyan ictimai rəyin referenduma qarşı olduğunun fərqindədir. O üzdən, bunun mənfi nəticələrini önləməkdən ötrü Paşinyan koronavirusu bəhanə edib referendumun keçirilmə vaxtını dəyişə bilər. Bu versiya istisna deyil. Bu olmasa, o zaman Paşinyan başqa bir şey uyduracaq. Çalışar ki, nəsə bir şey tapsın. Görünən odur ki, bu adam bəhanə axtarır və reallığı görmək istəmir. Ona görə də istənilən şou xarakterli addımlar atır. Bir sözlə, bu adam heç bir qanuna hörmət etmək istəmir, nə ölkə qanunlarına, nə də beynəlxalq qanunlara”.
Vidadi ORDAHALLI