Astarada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi İli dahi şairin bəşəriyyətə verdiyi misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılır” adlı videokonfrans keçirilib.
Tədbirin giriş nitqində Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olmasına tarixi hadisə kimi dəyər verməklə vurğuladı ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərin təbliğinə və inkişafına xüsusi önəm verib. Böyük şəxsiyyət, dahi rəhbər deyirdi: “Milli dəyərlər və ənənələri, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bunun üçün orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq lazımdır – budur vətənpərvərlik.”
Videokonfransda Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Ş. Bayramovun, Azərbaycan Respublikası Müvəkkilinin Cəlilabad Regional Mərkəzinin rəhbəri Z. İsmayılovun, Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin direktoru A. Ağayevin mövzu ətrafında çıxışlarında qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli”, düşməm tapdağından təmizlənmiş Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, həmçinin ölkə rəhbərinin milli-mənəvi dəyərlərə xüsusi önəm verməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamının göstərici hesab oluna bilər. Dünya ədəbiyyatında müstəsna yeri olan, qüdrətli söz ustadı Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərin ən böyüyüdür. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini tutur və həmişə belə olaraq qalacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü