Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanıb.
Belə ki, yanvarın 27-də gecə saatlarında Yasamal rayonunda 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini Xəqani Səfərovun baş nahiyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Chevrolet” markalı avtomobilini ələ keçirməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub. Müraciət əsasında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Yasamal RPİ və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Siyəzən rayon sakinləri, əvvəllər məhkum olunmuş Tehran Güləliyev və yetkinlik yaşına çatmayan E.Paşayev gecə saatlarında avtomobillə birlikdə saxlanıb. Onlar ifadələrində törətdikləri cinayəti etiraf edib.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsi şübhəli şəxslər ətrafında əməliyyat-istintaq tədbirlərini davam etdirir.