Noyabrın 3-nə keçən gecə Yevlax Rayon Polis Şöbəsinə müraciət edən İmişli rayon sakini Abbas Abışlı “Niva” markalı avtomobilinin şəhər ərazisindən qaçırılması barədə məlumat verib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları avtomobilin avtotəmir sexlərindən birində olduğunu müəyyən ediblər. Salahlı kənd sakini Əkbər İsmayılova məxsus sexə baxış zamanı “Niva” markalı avtomobil ban nömrəsi dəyişdirilmiş vəziyyətdə orada aşkar edilib.
Ə.İsmayılov şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla avtomobilin Qazax rayon sakini olan şəxs tərəfindən qaçırıldığı və 200 manat qarşılığında nəqliyyat vasitəsinin ban nömrəsini dəyişdiyi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı